Natiq Cəfərli:Siqaretin bahalaşması əks effekt verə bilərbackend

Natiq Cəfərli:Siqaretin bahalaşması əks effekt verə bilər

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Nazirlər Kabineti “Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri”ndə və Azərbaycan Respublikasının ərazisinə gətirilən aksiz vergisinə cəlb olunan malların aksiz dərəcələrinin təsdiq edilməsi haqqında” qərarlarına edilən dəyişikliyin səbəblərini açıqlayıb. Mövzu ilə bağlı Tia-az-a danışan Natiq Cəfərli son illərdə Azərbaycanda aksiz vergisinin sürətlə artdığını deyir:
“Dünya ölkələri zaman-zaman tütün məmulatları, spirtli içkilərin gömrük rüsumu və vergi dərəcələrini artırır. Artımın əsas səbəbi kimi bir çox hallarda bu məhsulların sağlamlığa vurduğu ziyan göstərilir. Son illər Azərbaycanda aksiz dərəcələri sürətlə artır. Bu artımlar zamanı iki məsələyə diqqət edilməlidir.

Birincisi, sənin ölkəndə siqaretin qiyməti qonşu ölkələrə nəzərən çox bahadırsa, qaçaqmalçılıq halları artacaq. İkinci və əsas məsələ bundan ibarətdir ki, qiymət artımını əhalinin sağlamlığının qorunması ilə əsaslandırsalar da, bu əks effekt də verə bilir. Belə ki, siqaret aludəçiləri daha ucuz və daha keyfiyyətsiz məhsullara üz tutur. Bu da öz növbəsində sağlamlığa daha çox zərər verir.

Vergi Məcəlləsinə edilmiş dəyişikliyə əsasən idxal olunan qızıl və ondan hazırlanmış zərgərlik məmulatlarının 3 il müddətinə aksiz vergisindən azad edilməsi məsələsinə də toxunan ekspert bildirib ki, bu addım ciddi suallar yaradır;
Bununla bağlı Nazirlər Kabineti heç bir açıqlama vermədi. Əslində dünyada lüks seqmentə aid olan məhsullara da yüksək vergi tətbiq olunur. Düşünürəm ki, hökümətin bu qərarı qızıla aid etməsinin əsas səbəbi digər bahalı məhsulların gətirilməsindənsə, qızılın gətirilməsini daha məqsədəuyğundur hesab etməsidir. Çünki qızıl həm də yığım vasitəsidir.

Bunun başqa açıqlaması yoxdur, dünya praktikasında lüks seqmentə aid olan məhsullara tətbiq olunan verginin bu şəkildə sıfırlanması yaxud azaldılmasına nadir hallarda rast gəlinir. Qızılın əvəzinə ölkədə istehsal olunmayan ərzaq məhsulları ilə bağlı bir addım atıla bilərdi. Düzü, sosial məsələlər qala-qala qızılla bağlı belə bir addımın atılması ciddi suallar yaradır”.

Aytac Sahəd

TİA.AZ