Tribuna İnformasiya Agentliyi

Natiq Cəfərli: “Bölgədə müharibə başlasa neft 100 dolları keçəcək”

14 May

“Bank of America Merrill Lynch” investisiya bankı gələn il dünya bazarında xam neftin 1 barelinin qiyməti 100 ABŞ dollarına çata biləcəyini bəyan edib

İqtisadçı-ekspert Natiq Cəfərli deyib ki, son günlər neft qiymətlərinin gələcəyi ilə bağlı bir-birinə əks proqnozlar verilir:
“Hazırda neft bazarında qeyri-sabitlik var. Məsələn nüfuzlu “Fitch” agentliyi İrana sansksiyaların tətbiq olunmasına baxmayaraq, dünya bazarında neftin qiymətinin düşəcəyini proqnozlaşdırır. Son illərdə ilk dəfə olaraq neft bazarında çox ciddi qeyri-müəyyənlik yaranıb. OPEK və Rusiya anlaşması bazarda müəyyən balans yaratmışdı.  “Bank of America Merrill Lynch”-in proqnozu sırf İran sanksiyaları ilə bağlıdır. Belə bir ehtimal da var ki, İran neft bazarından tamamilə sıxışdırılıb çıxarılacaq. Düşünürəm ki, neft qiymətlərinin indiki maksimal hədləri bir müddət davam edəcək. Əgər bölgədə böyük müharibə olsa, burada Səudiyyə Ərəbistanı və İran iştirak etsə neftin qiyməti 100 dolları da keçəcək. Qiymətlər əsasən siyasi risklərdən asılı olacaq”.
ABŞ prezidenti Donald Tramp İranla “altılıq” dövlətlərinin 2015-ci ildə, əvvəlki prezident Barak Obama dövründə bağlanan nüvə sazişi müqaviləsindən Vaşinqtonun çıxdığını bəyan edib. Yaranmış situasiyada isə neftin qiyməti daha da bahalaşır. (Sputnik Azərbaycan)