Tribuna İnformasiya Agentliyi

NASA-ya əlimiz niyə çatmır?

31 Oktyabr

“Bu gün dəqiq elmlərlə bağlı Azərbaycanda çox böyük boşluq və problem var. Əsas məsələ dünyaya inteqrasiya edə bilməməyimizdir. Bəzən ele elmi işlərin bəh-bəhlə tədqiq edildiyini görürük ki, hiss olunur, dünyadan ən azı bu istiqamətdə 50 il geriyik”. “Bu gün dəqiq elmlərlə bağlı Azərbaycanda çox böyük boşluq və problem var. Əsas məsələ dünyaya inteqrasiya edə bilməməyimizdir. Bəzən ele elmi işlərin bəh-bəhlə tədqiq edildiyini görürük ki, hiss olunur, dünyadan ən azı bu istiqamətdə 50 il geriyik. Kənd təsərrüfatından tutmuş sənayenin inkişafına qədər olan bütün sahələrdə dəqiq elmlərə böyük ehtiyac var. Dünyada dəqiq elmlərlə məşğul olan şəxslər bilir ki, bu elmi tədqiqat niyə aparılır. Buna görə də əldə olunan nəticələr dövlət büdcəsinə birbaşa xeyir verir. Bizdə belə bir təcrübə demək olar ki, yox dərəcəsindədir. Bu gün dəqiq elmlərdən əldə olunan nəticələr ölkə büdcəsinə heç bir xeyir vermir. Bəs, bu qədər alimi, professoru olan və bu qədər elmi tədqiqatlar aparılan ölkə üçün çox mühüm defisit deyilmi? Ölkə rəhbərliyi tərəfindən bu gün elmi tədqiqatlara, dəqiq elmlərin inkişafına çox böyük qayğı var. Prezident İlham Əliyev tərəfindən həmişə bu inkişaf diqqətdə saxlanılır. Gərək, bu işlə məşğul olan hər kəs bu qayğını yaxşı qiymətləndirsin”. 

Belə olduqda isə sual yaranır: Azərbaycan Milli Elmlər Akademiyası niyə var, yaxud da nə iş görür?

TİA.AZ xəbər verir ki, femida.az bütün bu nüansları nəzərə alaraq Milli Elmlər Akademiyasının hazırkı fəaliyyəti ilə bağlı araşdırma aparıb.

İlk olaraq akademiyanın dəqiq elmlərlə bağlı bölmə və institutları ilə əlaqə saxlamağa çalışdıq. 

“Şübhəsi olan gəlib illik hesabatımıza baxsın”

Fizika İnstitutunun rəhbəri AMEA-nın müxbir üzvü Nazim Məmmədov bildirdi ki, bu il və ötən illər ərzində Fizika İnstitunda aparılan işlərə Nobel mükafatı verilib:

 

“Milli Elmlər Akademiyası ilə bağlı cəmiyətdə mənfi fikrin formalaşmasına səbəb bizim nailiyyətlərimizin sayt, qəzet və jurnallarda çap olunmamasıdır. Akademiyanın uğurları yalnız xüsusi mətbu orqanlarda yayımlanır. Dubnada yerləşən Birləşmiş Nüvə Tədqiqatları İnstitutunun direktoru akademik Viktor Matveyev görün, bizim fiziklərimiz barədə nələr deyir: “AMEA-nın Fizika İnstitutunun əməkdaşları fundamental fizikanın vacib və müasir layihələrindən birinin reallaşmasına böyük töhfə veriblər. Bu, Cenevrədə yerləşən adron kollayderində atlas komplekslərin yaradılmasıdır. Beləliklə, onlar Nobel mükafatı alan şəxslərlə tamhüquqlu həmmüəllifdirlər”. Cenevrədəki adron kollayderində bizim 6 əməkdaşımız iştirak edir. Bu il topoloji izolyatorlarda aparılan işlərə görə Nobel mükafatı verilib. Bizim institutumuzda da bu istiqamət üzrə təqdirəlayiq işlər görülüb. Akademiyanın işləri populyar mətbuatda dərc olunmur. Nailiyyətlərimiz yalnız xüsusi elmi jurnallarda çap olunur. Həmin jurnalları isə cəmiyyətdə heç kəs oxumur”.

“Hazırda Xudu Məmmədov kimi alimlərimiz var”

Nazim Məmmədov bu gün qürur duyulası Fiziklərimiz olduğunu diqqətə çatdırdı:

“Fizika İnstitutunda İmaməddin Əmiraslanov adlı alimimiz var. Hansı ki, vaxtilə Xudu Məmmədovun aspirantı olub. İmaməddin hazırda Türkiyədə simmetriyalarla bağlı tədqiqat işləri aparır. Türkiyədə onun fəaliyyətinə böyük qiymət verilir. Əminliklə deyə bilərik ki, İmaməddin Xudu Məmmədov səviyyəsində bir adamdır”.

“Müdafiə Sənayesi Nazirliyinin tapşırığı əsasında uğurlu işlər görmüşük”

Bu fikirləri isə Kimya Elmləri Bölməsinin akademik-katibi Dilqəm Tağıyev saytımıza açıqlamasında deyib.

Dilqəm Tağıyev Fizika institutunun son illər əldə etdiyi nailiyyətlərin bəzilərinə toxundu:

“Kimya Elmləri Bölməsində həm tətbiqi, həm də fundamental elm sahəsində bir çox uğurlar əldə olunub. Molekulyar azotun hidrogen peroksidlə oksid diazota fiksasiyası sahəsində əldə olunan nailiyyətə effektə “Nağıyev effekti” adı verildi. 2014-cü ildə bu uğurumuz Azərbaycanın dövlət mükafatına layiq görüldü. Son illər molekulyar naqillərin alınması istiqamətində ciddi tədqiqatlar aparılıb. Dünyada ən uzun molekulyar naqili bizim bölmənin alimləri kəşf edib. Nüfuzlu jurnallarda nəticələrimiz çap olundu. Kimyaçı alimlərimiz topoloji izolyatorların alınmasında da ciddi nailiyyətlərə imza atıblar. Bunlar çox qiymətli materiallar hesab olunur. Kimya texnologiyalarının nəzəri modelləşmə məsələləri ilə bağlı uğurlu işlər görülüb. Ekoloji dizel yanacağını almaq üçün texnologiyanın hazırlanmasında bizim bölmənin böyük rolu olub. Son iki ildə yol örtüyünün istismar müddətinin artırılması istiqamətində bəzi uğurlu tədqiqatlarımız baş tutub. Magistral su kəmərlərində sızıntının aradan qaldırılması üçün xüsusi örtüklərin hazırlanmasında alimlərimiz böyük nailiyyətlər əldə etdilər. Müdafiə Sənayesi Nazirliyinin sifarişi əsasında apardığımız işlər bəyənilib. Kimyaçılarımız hidrotexniki qurğular üzərində monitorinq işləri aparırlar ki, metal avadanlığın korroziyaya qarşı davamlılığını öyrənsinlər. Bu monitorinq gələcəkdə baş verəcək qəzaların qarşısını vaxtında almağa kömək edəcək”.

Dilqəm Tağıyev onu da əlavə etdi ki, bu gün alimlərin birgə fəaliyyətinə ehtiyac yaranıb. Buna görə də əvvəlki dövrlərlə müqayisədə hansısa alimimizin əldə etdiyi nailiyyət gözə çarpmır:

“Bu gün kimya sahəsində kifayət qədər güclü alimlərimiz var. Lakin əvvəlki dövr deyil. Tək alim heç nə edə bilmir. Bu gün müxtəlif sahələri təmsil edən alimlərin birgə fəaliyyəti ön plana çıxıb. Bir sözlə, kollektiv işlərə ehtiyac çoxalıb. Ona görə də biz çalışırıq ki, fizik və geoloqlarla birgə çalışaq”. 

“İnstitutumuzun şəraiti və əldə etdiyi uğurlar bütün dünyanı heyrətləndirir”

Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun direktoru İradə Hüseynova rəhbəri olduğu institutun bu vaxta qədər əldə etdiyi uğurlardan danışdı:

“İnstitutumuz yenicə fəaliyyətə başlayıb. Bu institutun əsasını dünya miqyaslı alimimiz akademik Cəlal Əliyevdir. Uğurlarımız daima olub. Ötən illər ərzində çox böyük uğurlara imza atmışıq. 2015-ci ildə dünyanın ən aparıcı 3500 aliminin siyahısında iki azərbaycanlı alimi də yer almışdı. Onlardan biri kimyaçı alim idi, hansı ki hazırda ABŞ-da molekulyar biologiya ilə bağlı elmi tədqiqatlar aparır. Digər alim isə bizim institutun əməkdaşı olan Asəf Salahovdur. O, insan genomu üzərində çalışan yeganə alimimizdir. Digər tanınmış alimimiz Qərib Mürşüdov hazırda Kembric universitetində laboratoriya rəhbəri kimi fəaliyyət göstərir. Bizim institutumuzda da onun bir laboratoriyası var. 2015-ci ildə “Science” jurnalında Qərib Mürşüdovun iki məqaləsi çap olunub. Hazırda onun ölkəmizdə xeyli sayda doktorantları var, əsas tədqiqat sahəsi süni intellekt problemləri ilə bağlıdır. Bu araşdırmalardan sonra dərmanların əlavə efektləri aradan götürülə biləcək. Qərib Mürşüdovun 2015-ci ildə Kembric universitetində verdiyi hesabat universitetin ən qabaqcıl hesabatlarından sayılır. Daha bir qürur duyulası alimimiz Vidadi Yusibovdur. O, vaxtilə bizim şöbədə çalışırdı, hazırda isə ABŞ-da Molekulyar Biotexnologiyalar mərkəzinin direktorudur və müxtəlif xəstəliklərə qarşı vaksinlərin molekulyar əsaslarının hazırlanması ilə məşğuldur. Vidadi Yusibov 2005-ci ildə Amerika elminin 10 ən “ümidverici və işıqlı” beyinlərindən biri adına da layiq görülmüşdü”. 

 

“Avropadan gələn alimlər institutumuzda yaradılan şəraitə heyran qalır”

İradə Hüseynova institutun son tədqiqat işlərinə də toxundu və bildirdi ki, Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutundakı mövcud şərait dünya standartlarına tam olaraq cavab verir:

“Laboratoriyanın da əldə etdiyi nailiyyətlər yaxın vaxtlarda xüsusi jurnallarda çap olunacaq. Son tədqiqatlarımızdan biri üzüm plantasiyalarında aşkar olunan xəstəliklə bağlı idi. Aparıcı istiqamətlərimizdən biri fotosintez prosesinin sintetik modellərini yaranmasıdır. 2005-ci ildən şöbəmiz bitki xəstəliklərini molekulyar səviyyədə öyrənməyə başlayıb. Cavanların elmə gəlməsi ilə bağlı problemlərimiz yoxdur. İnstitutumuzun magistratura pilləsində gənc tədqiqatçılar daxil olur. Onlara istər molekulyar biologiya, istərsə də biotexnologiyaların ən müxtəlif istiqamətləri üzrə dərslər tədris olunur. Artıq bu sahədə dünya elminə inteqrasiya olunmuşuq. Gənc alimlərimiz elmlər doktoru elmi dərəcəsini almaq üçün ABŞ-ın ən tanınmış universitetlərinə göndərilir. Həmin alimlərimiz ölkəmizə qayıtdıqdan sonra deyirlər ki, bizdə olan imkan ABŞ-dakından daha yaxşıdır. Avropadan gələn alimlər də bizə deyir ki, alimlərimizin başqa ölkəyə getməsinə ehtiyac yoxdur. Çünki Azərbaycanda hər cür şərait var”.

Milli Məclisin elm və təhsil komitəsinin üzvü Ağacan Abıyev Milli Elmlər Akademiyasının fəaliyyətindən razı olduğunu bildirdi:

“Geologiya və tibb sahəsində çox ciddi nəticələr əldə etmişik. Bütövlükdə təbiət elmləri sahəsində aparılan tədqiqat işləri fəxr olunasıdır. Akademiyada magistratura pilləsində dərslərin tədris olunması isə xüsusi olaraq təqdirəlayiq haldır. Azərbaycan Milli Elmlər Akademiyasının son 50 ildə əldə etdiyi uğurları dünyada heç bir təhsil müəssisəsi qazanmayıb. Bu baxımdan akademiyanın fəaliyyətindən razıyam”. 

AMEA-nın gənc elmi işçisi, Filologiya üzrə fəlsəfə doktoru Əpoş Vəliyev elmi işçilərin az maaş almasından şikayətləndi və bildirdi ki, maddi sıxıntılar üçün gənc oğlanlar elmdən uzaqlaşır. Nəticədə isə zərbə Azərbaycan elminə dəyir:

“Bugün elmi işlə məşğul olmaq istəyən hər bir gənc üçün AMEA-nın institutlarında şərait yaradılıb. AMEA-da çalışan elmi işçilərin və gənc alimlərin bir sıra problemləri də var. Bu problemlər güzəştli kreditlərdən, ipotekadan yararlana bilməmək, gənc alimlərə uzun müddətə kreditli evlərin verilməməsidir. Elmi işçilər alimlik dərəcəsinə görə verilən 60 manat da daxil olmaqla, ayda təxminən 280-300 manat maaş alır. Nəzərə almaq lazımdır ki, elmlə məşğul olan əksər gənclər regionlardan paytaxta gəlib, ailəlidirlər və kirayələrdə yaşayırlar. Bugün günü-gündən bahalaşan ərzaq, geyim, kommunal xidmətlər qarşısında elmi işçilərin maaşı çox azdır. Ona görə də bir çox hallarda xüsusilə də gənc oğlanlar elmdən uzaqlaşır, daha yaxşı maaş verilən sahədə işə başlayır və ya ümumiyyətlə ölkədən gedib, hansısa bir xarici ölkədə ailəsi ilə birlikdə yaşamağa başlayır. Ümid edirəm ki, tezliklə uzun müddətə kreditlə mənzillərin, ipotekanın və güzəştli kreditlərin verilməsi məsələsi öz həllini tapacaq”.