Tribuna İnformasiya Agentliyi

Narkoloji Mərkəzin tikintisinə ayrılan milyonları kim mənimsəyib?

06 Mart

Taxta barakdan və sıradan çıxmış infrastrukturdan ibarət olan Respublika Narkoloji Mərkəzinin yanması 24 ölkə vətəndaşının həyatına son qoydu.

Baş verən dəhşətli faciə ilə bağlı hüquq-mühafizə orqanları həmin müəssisədə müalicə alan bir vətəndaşı günahkar çıxardı.

Amma əsl həqiqət başqadır.

Belə ki, prokurorluq və digər adiyyatı orqanların araşdırmalı olduğu əsas məsələ açıq qalır. Söhbət tikintisi üçün hələ illər öncə büdcədən 4 milyon manat vəsait ayrılmasına baxmayaraq, bu gün də yarımçıq qalan tikintidən gedir.

2013-cü ildə inşası başa çatmalı olan Mərkəzin tamamlanması hələ də qalmaqdadır.

Gununsesi.info xatırladır ki, Satınalamalar üzrə Dövlət Agentliyinin öz saytında yerləşdirdiyi 2013-cü ilin dövlət reyestr məlumatlarında Respublika Narkoloji Mərkəzin tikintisinin satınalınmasında tenderdə qalib gələn “Palma İnşaat” MMC-nin adı göstərilib.

Bu məqsədlə müəssisəyə 2 mln 173 min 193 manat vəsait ayrılıb. Elə həmin ildə tibb müəssisəsinin inşası başa çatmamış onun təchizatı ilə bağlı da tender keçirilərək vəsait ayrılıb. Belə ki, dispanserin tikinti (avadanlıqlarla və inventarla təchiz olunması işlərinin) satınalması üzrə keçirilən tenderdə “Arash Medical Company” qalib gəlir. Bu məqsədlə ayrılan məbləğ isə 1 mln 326 min 468,46 manat olub.

Tikintisi başa çatmamış artıq təchizatı üçün də vəsait xərclənən Respublika Narkoloji Mərkəzinə ümumilikdə büdcədən 4 milyon manat ayrılıb.

Bəs görəsən, büdcədən pul ayrıldığı halda nədən bu mərkəzin inşası bir neçə ildir başa çatmayıb? Həmin pulllar hara ve necə xərclənib?

Gununsesi.info bu suallara aydınlıq Səhiyyə Nazirliyinin sözçüsü Səfayə Əhmədovaya müraciət edib. Bizimlə söhbətində Səfayə Əhmədova bu barədə araşdırma apardıqdan sonra suallarımızı cavablayacağını desə də ancaq bu baş vermədi.

Mövzuya qayıdacağıq.