Tribuna İnformasiya Agentliyi

Narkoloji Mərkəzdəki yanğınla bağlı məhkəmədə şahidin ifadəsi çaşqınlıq yaratdı

09 Oktyabr

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Respublika Narkoloji Mərkəzində baş verən yanğınla bağlı həbs edilənlər – Mərkəzin direktoru Telman Məmmədhəsənov, Mərkəzin təhlükəsizliyi üzrə mühəndisi, yanğın təhlükəsizliyinə cavabdeh şəxs Mahir Abdullayev, yanğını törətməkdə təqsirləndirilən Məhəmməd Məmmədov və onun həkimi, şöbə müdiri Afət Məmmədovanın məhkəmə iclası davam etdirilib.

Trend-in məlumatına görə, hakim Azər Paşayevin sədrliyi ilə keçirilən prosesdə şahid qismində dindirilən Çimnaz Ağayeva bildirib ki, hadisə baş verən gün o, gündüz növbəsində işləyib: “Sonra növbəmi Şəlalə xanıma təhvil verib getdim. Səhər gələndə ora yanmışdı. Mərkəzdə 55 xəstə var idi. Hadisədən 4 ay əvvəl Məhəmməd ora içkili vəziyyətdə müalicə üçün gəlib. Təzə gələndə onunla söhbət etmişəm, sərxoş vəziyyətdə idi. Həmin dövrlərdə Məhəmmədin iynələrini mən də vurmuşam”.

Hakim şahidin ibtidai istintaqa verdiyi ifadə ilə indiki ifadəsi arasında ziddiyyət olduğunu bildirib. Qeyd edib ki, şahid ilkin ifadəsində M.Məmmədovuun mərkəzdən qaçmağa meyilli olduğunu deyib.

Ç.Ağayeva isə ibtidai istintaqa elə ifadə vermədiyini bildirib.

Proses davam edir.

Qeyd edək ki, bu ilin martın 2-də Bakı şəhərinin Xətai rayonu ərazisində yerləşən Respublika Narkoloji Mərkəzində çoxsaylı insan tələfatı ilə nəticələnən yanğın baş verib.

Görülən tədbirlərlə Narkoloji Mərkəzdə “alkoqol qəbulu nəticəsində psixi və davranış pozuntuları” diaqnozu ilə müalicə alan Bakı şəhər sakini Məhəmməd Məmmədov 2018-ci il mart ayının 3-də həmin cinayətdə şübhəli şəxs qismində tutulub. İlkin dindirmə zamanı cinayəti törətdiyini etiraf edən M.Məmmədov ailə üzvlərinin ona qərəzli münasibətinə etiraz əlaməti olaraq və Narkoloji Mərkəzdə müalicə almaq istəmədiyinə görə intihar etmək qərarına gəldiyini bildirib. Bu məqsədlə mart ayının 2-si saat 06 radələrində qaldığı palatada yorğana bürünərək onu alışqanla yandırdığını, alov gücləndikdə özünü öldürmək niyyətindən daşınıb yanan yorğanı çarpayısının üstünə atdığını, alovun digər palatalara keçməsindən qorxduğu üçün şöbənin qapısı açılan kimi mərkəzi tərk etdiyini göstərib.

M.Məmmədov Cinayət Məcəlləsinin (CM) 120.2.4-cü (ümümi təhlükəli üsulla qəsdən adam öldürmə), 120.2.7-ci (iki və ya daha çox şəxsi öldürmə), 120.2.9-cu (köməksiz vəziyyətdə olan adamı öldürmə) və 186.2.2-ci (yandırmaqla özgə əmlakını qəsdən məhv etmə) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib, eləcə də kompleks məhkəmə psixiatrik, psixoloji və narkoloji ekspertizalar təyin olunub.

Daha sonra Respublika Narkoloji Mərkəzin direktoru Telman Məmmədhəsənov, şöbə müdiri Azad Ələkbərov və mühəndis Mahir Abdullayev saxlanılıb və barələrində məhkəmə qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Hər 3 şəxs barəsində CM-nin 225.2 (yanğın təhlükəsizliyi qaydalarını pozma zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda) və 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə – ağır nəticələrə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.

Məlumata görə, şöbə müdiri A.Ələkbərovun səhhətində problemlər olduğu üçün onun cinayət işi ayrıca icraata ayrılıb.