Ünsiyyəti hər kəs üçün daha əlçatan etməyi hədəfləyən “Nar”, BMT tərəfindən qəbul olunmuş 23 Sentyabr Beynəlxalq Jest Dili gününə öz dəstəyini ifadə edir. Belə ki, eşitmə və nitq məhdudiyyətli insanların cəmiyyətə inteqrasiyasının önəmini dərk edərək mobil operator KSM strategiyası çərçivəsində bu istiqamət üzrə mühüm sosial əhəmiyyətə malik layihələr həyata keçirir.
TİA.AZ xəbər verir ki, “Regional İnkişaf” İctimai Birliyinin “Sosial layihələr” müsabiqəsinin qalibi olan “Doğma jest dili” lüğətinin ölkədə ilk dəfə elektron versiyası – jestdili.az saytı “Nar”ın da dəstəyi ilə ərsəyə gətirilib. Bu elektron lüğət artıq bir ildir ki, Azərbaycanda eşitmə məhdudiyyətli insanların vahid jest dili lüğəti kimi istifadə olunur. 3000-ə qədər söz və söz birləşməsinin izahedici mətnləri, 2000-dən çox jestin şəkilləri və videoları yerləşdirilən sayt eşitmə və nitq məhdudiyyətli şəxslər və onların yaxınları, həmçinin bu qrup insanlarla işləyənlər üçün böyük əhəmiyyət kəsb edir. Elektron lüğət Azərbaycan və rus dillərindədir, hər kəs üçün açıqdır və mobil cihazlar üçün də uyğunlaşdırılıb. Layihə haqqında ətraflı məlumatı hazırladığımız videoçarxdan izləyə bilərsiniz.