“Naborot qızışıyoruz” deyən Gəncə sakinindən AÇIQLAMAbackend

“Naborot qızışıyoruz” deyən Gəncə sakinindən AÇIQLAMA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ötən il Ermənistanın Gəncə şəhərinə raket zərbələri endirməsinin şəhər sakinləri arasında hər hansı təşvişə və narahatlığa səbəb olmadığını deyən, “Azərbaycan xalqı qan görəndə qorxmuyor, naborot qızışıyor…” ifadəsi ilə məşhurluq qazanan Gəncə sakini Tariyel Şahverdiyevin bu sözləri Azərbaycan xalqının qorxmazlığını təcəssüm etdirirdi.

Bu gün Gəncənin Ermənistan tərəfindən ikinci dəfə raket atəşinə tutulmasından bir il ötür.

Trend-ə açıqlaması zamanı o günləri həm hüznlə, həm də qürur hissi ilə xatırladığını bildirən Tariyel Şahverdiyev, Ermənistanın həm Gəncəni, həm də digər şəhər və rayonlarımızı atəşə tutmasının yalnız bir səbəbi olduğunu qeyd etdi:

“Onlar dinc əhaliyə hücum etməklə, bu cür terror hadisələri törətməklə xalq arasında təşviş və təxribat yaratmaq istəyirdilər. Lakin istəklərinə nail ola bilmədilər. Azərbaycan xalqı mübariz xalqdır. Dağıntılara məruz qalsaq da, şəhidlərimiz, yaralılarımız olsa da, bir saniyə belə qorxu və narahatlıq hissi yaşamadıq. Tək məqsədimiz, istəyimiz torpaqlarımızın işğaldan azad olunması idi. Bu yolda bizi heç kəs və heç nə qorxuda bilməzdi.

44 günlük Vətən Müharibəsində qazanılan tarixi zəfər xalqımızın başını uca etdi. Bunun üçün Prezident, Ali Baş Komandan İlham Əliyevə, bütün hərbçilərimizə, əməyi keçən hər kəsə təşəkkür edirəm. Bu sevinci bölüşmək çox qürurvericidir.”

Qeyd edək ki, Tariyel Şahverdiyev 1991-ci ildə BDU hüquq fakültəsinin tələbəsi olub. O, ailəsindən xəbərsiz cəbhəyə yollanıb və daha sonra Gəncə batalyonunun komandiri olub.

Döyüşlər zamanı erməni snayperi tərəfindən yaralanıb. Hətta bir güllə bu gün də onun bədənindədir, əməliyyat riskli olduğu üçün güllə çıxarılmayıb.

Xatırladaq ki, İkinci Qarabağ müharibəsində ümumilikdə Ermənistan tərəfindən Gəncə, Bərdə, Yevlax, Beyləqan, Tərtər, Qəbələ, Goranboy, Ağcabədi, Xızı və digər şəhər və rayonlarımız ballistik raketlər və digər ağır artilleriya qurğularından atəşə tutulub.

Bu hərbi təcavüzlər nəticəsində 12-si uşaq, 27-si qadın olmaqla, 93 mülki şəxs həlak olub, 454 mülki vətəndaş yaralanıb, 35 uşaq müxtəlif dərəcəli bədən xəsarətləri alıb, 181 uşaq valideynlərindən birini, 5 uşaq hər iki valideynini itirib, bir ailə isə tamamilə məhv edilib. Ümumilikdə 12292 yaşayış və qeyri-yaşayış sahəsinə, 288 nəqliyyat vasitəsinə ziyan dəyib. Ermənistan terorru nəticəsində həlak olan hər bir dinc sakinlə bağlı cinayət işləri açılıb, beynəlxalq məhkəmələrə, təşkilatlara müraciətlər olunub.