Tribuna İnformasiya Agentliyi

Nəşr: Türk lirəsinin zəifləməsi SOCAR-a yeni imkanlar açır

15 Avqust

Türk lirəsinin dəyərdən düşməsi Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Türkiyə qaz sektorunda iştirakını genişləndirməsinə imkan yarada bilər.

TİA.AZ-ın-ın “İnterfax-Energy”yə istinadən verdiyi məlumata görə, Türkiyə milli valyutasının dəyərdən düşməsi şirkətə aktivləri aşağı qiymətə almağa və Türkiyənin qaz təchizat zəncirini genişləndirməyə imkan verir.

Məqalədə qeyd edilir ki, Almaniyanın EWE şirkəti Türkiyə bazarını tərk etməyi və bu ölkədə fəaliyyət göstərən EWE Turkey Holding törəmə şirkətini tamamilə satmağı planlaşdırır. Belə ki, şirkətin Türkiyədəki aktivlərinə “Bursagaz” və “Kayserigaz”da sərmayələrinin 80%-i və “EWE Enerji and Enervis Enerji Servis” şirkəti daxildir.

Türkiyə KİV-ləri ötən həftə bildirirlər ki, SOCAR bu şirkətin Türkiyədəki aktivlərini almaqda maraqlıdır. Bununla belə, SOCAR-ın nümayəndələri şirkətin belə bir marağının olmasını təsdiqləməyib.

Məqalədə qeyd olunur ki, SOCAR-ın Türkiyədə fəaliyyətini genişləndirilməsi Azərbaycanın ixrac bazarı üçün vacibdir. “Türkiyə Azərbaycan üçün “katalizator” ölkədir, dünya ilə inteqrasiya olunması üçün bir çıxış yoludur. Buna görə də, SOCAR Türkiyəyə çoxlu yatırımlar edir. Qərb bazarları daha çox təkmilləşib və orada rəqabət çoxdur. Türkiyədə onlar hələ də imkanlar tapırlar”, – deyə Türkiyənin qaz-neft sektorunda çalışan və adını açıqlamaq istəməyən mənbə bildirib.

Mənbənin sözlərinə görə, lirənin zəifləməsi yaxın və orta gələcəkdə iqtisadi böhrana və enerji tələbatının azalmasına gətirib çixarsa da, uzaq gələcəyə baxdıqda işlər tamam başqa cür görünür: “Uzunmüddətli dövrdə 80 milyonluq əhalisi və orta yaşı 31 olan Türkiyənin iqtisadiyyatı artmağa davam edəcək”.