Tribuna İnformasiya Agentliyi

Nəsimi rayonunda tədbir keçirildi

15 İyul

Nəsimi rayon İcra Hakimiyyəti tərəfindən mütəmadi olaraq məktəblilərin Vətənə, Bayrağa və Torpağa hörmət ruhunda tərbiyə olunması, şagirdlərdə hərbçi peşəsinə olan marağın daha da artırılması məqsədi ilə müxtəlif məqsədyönlü  tədbirlər  həyata keçirilir. Son illər məktəblilərin yay tətili günlərində ölkəmizin regionlarında yeniyetmələr üçün  hərbi vətənpərvərlik düşərgələri təşkil edilmiş, düşərgələrdəki tədbirlər yeniyetmələrin yaddaşlarına əbədi həkk olunmuşdur.

Nəsimi rayonunda  Ümummilli  lider Heydər Əliyevin siyasi  hakimiyyətə gəlişinin 50 illiyi münasibətilə Müdafiə Nazirliyi və  Nəsimi rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə rayonun  Qarabağ müharibəsi veteranları həmçinin, aztəminatlı və sosial qayğıya ehtiyacı olan ailələrin uşaqları, əlillərin övladları, təhsildə və idmanda fərqlənən şagirdlərin iştirakı ilə Qusar rayonunda “N” saylı hərbi hissədə  «Gənc Heydərçilər» yay istirahət düşərgəsi təşkil edilmişdir.

15 iyul 2019-cu il tarixdə  Zabitlər  parkında   «Gənc Heydərçilər»  yay istirahət düşərgəsində istirahət edəcək məktəblilərin düşərgəyə yola salınma mərasimi keçirilmişdir. İlk öncə hərbi orkestrin müşayəti ilə Azərbaycan Respublikasının Dövlət himni səsləndi.

Tədbirdə çıxış edən Nəsimi rayon İcra Hakimiyyətinin Başçısı Asif  Əsgərov  ölkə başçısı cənab İlham Əliyevin və Azərbaycan Respublikasının Birinci Vitse-prezidenti Mehriban xanım Əliyevanın gənc nəslin vətənə məhəbbət, Azərbaycan dövlətçiliyinə sədaqət ruhunda tərbiyə olunması istiqamətində gördükləri işlərdən, həyata keçirdikləri layihələrdən danışmış, rayonda yeniyetmə və gənclərin asudə vaxtlarının səmərəli təşkili istiqamətində görülən işlər, həyata keçirilən sosial layihələr barədə ətraflı məlumat vermişdir.

Asif  Əsgərov bildirmişdir ki, Ulu Öndər Heydər Əliyev bütün fəaliyyəti boyu  müdrik və uzaqgörən siyasəti, nadir liderlik keffiyyətləri, xüsusi idarəçilik istedadı və rəhbərlik bacarığı ilə Ümummilli Lider səviyyəsinə yüksəlmiş qüdrətli tarixi şəxsiyyət olmuşdur. Ulu Öndər  Heydər Əliyev tərəfindən əsası qoyulmuş dövlət uşaq siyasəti ölkəmizdə uşaqların hərtərəfli və ahəngdar inkişafının təmin edilməsinə yönəlmişdir. Ulu Öndər dəfələrlə vurğulamışdır ki, müstəqil dövlətimizdə uşaqların yüksək mənəvi-əxlaqi mühitdə, milli dəyərlər əsasında kamil tərbiyə alaraq layiqli şəxsiyyət kimi yetkinləşməsi olduqca mühüm əhəmiyyət kəsb edir.

Uzaq görən siyasi lider olan Heydər Əliyevin yaratdığı və nəsillər üçün miras qoyduğu ənənələr bu gün də uğurla davam etdirilir. Uşaq hüquqlarının qorunması istiqamətində həyata keçirilən çoxşaxəli təşəbbüslərin uğurla reallaşdırılmasında Heydər Əliyev Fondu da böyük işlər görür. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti  Mehriban xanım Əliyeva xüsusi qayğıya ehtiyacı olan, valideyn himayəsindən məhrum olmuş uşaqlara diqqət və qayğı ilə yanaşır.

Müdafiə Nazirliyinin İdarə rəisi  general-mayor Rasim Əliyev çıxış edərək bildirdi ki, ölkəmizdə uşaqlara xüsusi məhəbbət, xüsusi diqqət və qayğı vardır. Onların  layiqli vətəndaşlar kimi böyüməsi, cəmiyyətdə sağlam mövqe tutması üçün Azərbaycan dövləti hər cür şərait yaratmışdır. Dövlət başçısı cənab İlham Əliyevin uşaq hüquqlarının müdafiəsi sahəsində atdığı addımlar, Heydər Əliyev Fondunun gördüyü işlər bu ənənələrin hələ uzun illər yaşayacağına və Azərbaycan uşaqlarının taleyində əhəmiyyətli rol oynayacağına zəmanət verir.

Məktəblilərin yola salınma mərasimində çıxış edən valideynlər,  istirahətə gedən uşaqlar yeniyetmələrin mənalı və yaddaqalan yay istirahəti üçün yaradılan şəraitə görə ölkə başçısı cənab İlham Əliyevə və Azərbaycan Respublikasının Birinci Vitse-prezidenti Mehriban xanım Əliyevaya  öz dərin minnətdarlıqlarını bildirmişlər.

Yola salınma mərasimində düşərgəyə yola düşən hazırladıqları maraqlı flaşmob  və 2 saylı Uşaq Gənclər İnkişaf Mərkəzinin rəqs qrupunun milli rəqsləri qonaqların alqışları ilə qarşılanmışdır.

Məktəbli yeniyetmələr Fəxri Xiyabanda Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət etdikdən sonra avtobuslarla  Qusar  rayo­nuna  yola düşdülər.