Tribuna İnformasiya Agentliyi

Nəsimi rayonunda İmadəddin Nəsiminin yubileyi ilə bağlı müsabiqənin yekun tədbiri keçirildi

25 May

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin “ Böyük Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyinin qeyd edilməsi haqqında” 2018-ci il 15 noyabr tarixli, 689 nömrəli və 2019-cu ilin Azərbaycan Respublikasında   “ Nəsimi ili” elan edilməsi haqqında 2019-cu il 11  yanvar tarixli, 886 nömrəli Sərəncamlarının icrası ilə əlaqədar  Nəsimi Rayon İcra Hakimiyyəti  Başçısının  müvafiq  Sərəncamı ilə  tədbirlər planı təsdiq edilmişdir. Tədbirlər planına əsasən   rayonda Azərbaycan xalqının çoxəsrlik ənənələrə malik bədii və fəlsəfi fikrində dərin iz qoymuş mütəfəkkir şair İmadəddin Nəsiminin zəngin irsini gənc nəslə sevdirmək, klassik irsə məhəbbət aşılanması  üçün  silsilə tədbirlər təşkil edilib keçirilir.

Nəsimi rayon İcra Hakimiyyəti 1 nömrəli Uşaq Gənclər İnkişaf Mərkəzi ilə birlikdə Zabitlər bağında Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyinə həsr olunmuş “Məndə sığar iki cahan…” devizi altında məktəblilər arasında incəsənət sahələri üzrə baxış-müsabiqənin yekun mərhələsini- mükafatlandırılmasını  təşkil edilib keçirib.

Tədbirin keçirilməsində məqsəd Nəsimi yaradıcılığının bu gün gənc nəslin əxlaq tərbiyəsində böyük tərbiyəvi və maarifçi əhəmiyyət daşımaqla, Nəsiminin əsərlərində hər kəsə özünü tanımaq yollarını göstərmək, kamil insan yetişdirmək, insanlardakı bacarıqları üzə çıxarmaq və onlara istiqamət verməkdən ibarətdir.

Tədbirdə çıxış edən Nəsimi Rayon İcra Hakimiyyəti Başçısının birinci müavini Gülarə Verdiyeva bildirmişdir ki,  şərq xalqlarının mədəni sərvətlər xəzinəsində özünəməxsus layiqli yer tutan Nəsimi yaradıcılığı elmi-ədəbi fikrin diqqət mərkəzindədir. Daha sonra Ölkə Prezidenti cənab İlham Əliyevin 11 yanvar 2019-cu il tarixli Sərəncamı ilə 2019-cu ilin görkəmli Azərbaycan şairi və mütəfəkkiri, Azərbaycan dilini ədəbi-bədii dil səviyyəsinə yüksəldən böyük ustad İmadəddin Nəsiminin 650 illik yubileyi ilə əlaqədar “Nəsimi ili” elan edilməsi şairə dövlət səviyyəsində verilən dəyərin, hörmət və ehtiramın ən yüksək ifadəsi olduğunu  vurğulamışdır. Gülarə Verdiyeva  bu müsabiqədə  bütün əməyi olanlara minnətdarlıq bildirərək uğur qazanmış  məktəbliləri təbrik etmişdir.

Daha sonra münsiflər heyətinin  rəyi ilə Təsviri sənət və Bədii qiraət üzrə  seçilmiş Nəsimi rayon məktəbliləri xüsusi diplomlarla təltif olundular. Tədbir 1 nömrəli Uşaq Gənclər və İnkişaf Mərkəzinin dərnək üzvlərinin hazırladıqları kompozisiya və rəqslərlə davam etdi.