Tribuna İnformasiya Agentliyi

Nəsimi rayonunda ahıl vətəndaşlar diqqət və qayğı ilə əhatə olunmuşlar

30 Sentyabr

Hər il oktyabr ayının 1-ində dünyanın bir çox ölkələri Beynəlxalq Ahıllar gününü qeyd edirlər. BMT-nin Baş Məclisi 1992-ci ildə Ahılların müdafiəsi ilə bağlı Qətnamə qəbul etmişdir. Həmin Qətnamənin prinsiplərinə uyğun olaraq hər il oktyabr ayının 1-i Beynəlxalq Ahıllar Günü kimi qəbul edilmiş, həmçinin 1999-cu il Beynəlxalq Ahıllar ili elan olunmuşdur.

2001-ci il iyunun 22-də “Ahıllara sosial xidmət haqqında” Azərbaycan Respublikasının Qanunu qəbul edilmişdir. Qanuna əsasən ölkədə 70 yaşına çatmış Azərbaycan Respublikası vətəndaşları, habelə Azərbaycan Respublikasında daimi yaşayan əcnəbi və vətəndaşlığı olmayan şəxslər ahıl sayılır. 1993-cü ildən başlayaraq hər il oktyabr ayının 1-i Respublikamızda “Beynəlxalq Ahıllar Günü” kimi qeyd olunur. Həmin günün keçirilməsində məqsəd ahıl vətəndaşların sosial problemləri ilə tanış olmaq, ehtiyaclarını müəyyənləşdirərək imkanlı müəssisələr, təşkilatlar və qeyri-hökümət təşkilatları ilə birlikdə əməli tədbirlər görməkdən ibarətdir. Azərbaycan Respublikasında ahıl vətəndaşların sosial müdafiəsinin yaxşılaşdırılması və onlara dövlət qayğısının artırılması məqsədilə ölkə Prezidenti İlham Əliyev 2006-cı il aprelin 17-də “Ahıl vətəndaşların sosial müdafiəsinin gücləndirilməsi üzrə Dövlət Proqramı”nın təsdiq edilməsi barədə sərəncam imzalamışdır.

Əlamətdar günlə əlaqədar Nəsimi Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə rayonun ahıl, kimsəsiz, əlil və qayğıya ən çox ehtiyacı olan vətəndaşlarının bir qrupu ilə çay süfrəsi arxasında səmimi görüş keçirilmişdir. Tədbirdə Nəsimi rayon İcra Hakimiyyətinin Başçısı Asif Əsgərov yaşlı nəslin nümayəndələrini salamlamış, onlara uzun ömür və can sağlığı arzulayaraq dövlət tərəfindən hər bir ahıl vətəndaşın diqqət və qayğı ilə əhatə olunduğunu qeyd etmişdir. Qeyd olunmuşdur ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin apardığı uğurlu iqtisadi siyasət nəticəsində son illər pensiya və minimum əmək haqlarının məbləği dəfələrlə qaldırılmışdır. Asif Əsgərov Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın ahıl və yaşlı insanlara göstərdiyi diqqət və qaygısindan danışmış, onların sosial rifahının yaxşılaşdırılması ilə əlaqədar keçirilən tədbirlərin əhəmiyyətini vurguladı. Qeyd etdi ki, il ərzində Nəsimi rayon ərazisində yaşayan ahıl vətəndaşların ehtiyaclarını

öyrənərək onlar üçün bayram süfrələri, ərzaq bağlamaları təşkil edilir, müxtəlif xeyriyyə, mədəni-kütləvi tədbirlər və görüşlər keçirilir.

Nəsimi rayon Agsaqqallar şurasının sədri Aydın Heydərov, Böyük Vətən Müharibəsi Əmək və Silahlı Qüvvələr Veteranları Şurasının Nəsimi rayon şöbəsinin sədri İsmayıl Fərəcov, əmək veteranları Həsənağa Sadıqov, Əsəbalı Quliyev və digər çıxış edənlər rayonda ahıl və veteranlarla bağlı görülən işlərdən, göstərilən diqqət və qayğıdan danışmış və onlara göstərilən qaygiya görə ölkə başçısı cənab İlham Əliyevə və Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildirmiş, ölkəmizin inkişafı və çiçəklənməsi istiqamətində görülən işlərdə uğurlar arzulamışlar.

Tədbirin sonunda iştirakçılara bayram hədiyyələri təqdim edilmişdir .