Tribuna İnformasiya Agentliyi

Nəsimi rayon İcra Hakimiyyətinin başçısı mikrorayonda qəbul keçirib

02 Dekabr

Nəsimi rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov 5-ci mikrorayon Asif Məhərrəmov küçəsi 34-42 ünvanlarda sakinlərin müraciətlərini dinləmişdir. Mikrorayonda, o cümlədən 20 Yanvar küçəsi, Cavadxan küçəsi, Moskva prospekti ərazilərində yaşayan sakinlər rayon İcra Hakimiyyəti tərəfindən təşkil olunmuş görüşdə müraciətlərini etmişlər.

Sakinlərdən Həsənov Tofiq, Qafarova Gülbəyim, Məmmədov Cavad, Süleymanova Güləxanım, Həsənov Bəxtiyar və digərləri bir sıra məsələlərlə bağlı, o cümlədən damlardakı su çənlərinin və qanunsuz çəpərlərin yığışdırılması, mənzil ilə təmin olunma, yolüstü piyada keçidi, həyətlərin işıqlandırılması və abadlaşdırılma barədə müraciətlər etmiş, təkliflər irəli sürmüşlər. Müraciətlərlə bağlı rayon İcra Hakimiyyəti Başçısı Aparatının, Mənzil-Kommunal Təsərrüfatı Birliyinin, kommunal xidmət sahələrinin məsul şəxslərinə müvafiq tapşırıqlar verilmişdir.

Qəbulun gedişində Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın vətəndaşlarımızın rifahının daha da yüksəlməsinə yönəlmiş səyləri nəticəsində əldə olunan uğurlar qeyd olunmuşdur. Heydər Əliyev Fondunun vitse-prezidenti, İDEA İctimai Birliyinin təsisçisi və sədri Leyla xanım Əliyevanın təşəbbüsü ilə yerlərdə həyətlərin abadlaşdırılması, ətraf mühitin və ekoloji tarazlığın qorunması istiqamətində görülən işlər xüsusi vurğulanmışdır.

Qəbul zamanı sakinlər müraciətlərilə yanaşı Nəsimi rayonunda, xüsusilə mikrorayonlarda aparılan quruculuq, abadlıq işlərindən razı qaldıqlarını və görülən işlərə görə Möhtərəm Prezidentimiz cənab İlham Əliyevə minnətdarlıqlarını bildirmişlər.

Sonra RİH başçısı ağacəkmə aksiyasında iştirak etmişdir. Aksiya zamanı Asif Məhərrəmov küçəsi boyunca həmişəyaşıl ağaclar əkilmiş,yaşıllıqlara qulluq edilmişdir. Tədbirdə Nəsimi rayon İcra Hakimiyyəti Başçısı Aparatının kollektivi, Nəsimi rayon “Könüllüləri” və mikrorayon sakinləri iştirak etmişlər. Qeyd edirik ki, 5-ci mikrorayon Asif Məhərrəmov küçəsi 34,38,42,46 ünvanları əhatə edən məhəllədə “Abad həyət” layihəsi çərçivəsində aparlan abadlıq-quruculuq işləri başa çatdırılmış və yenidən qurulmuş 4 həyət sakinlərin istifadəsinə verilmişdir.