Tribuna İnformasiya Agentliyi

Müştərilər “Atəşgah Sığorta”dan niyə narazıdır?

31 Yanvar
“Şirkət müştəri məmnuniyyətini deyil, öz məfəətini düşünür”
Azərbaycanda vətəndaşların ən çox narazı olduqları sığorta şirkətlərindən biri də məhz “Atəşgah Sığorta” şirkətidir.
Bu barə də Facebookda tanınmış jurnalist Seymur Teymurovun öz başına gələn hadisədən bəhs edib. Onun sözlərinə görə, Azərbaycan da sığortanın vəziyyəti acınacaqlıdır. Sığorta şirkətlərinin “çörəyi” icbari sığortadan çıxır. Heç kim sığortanın onun xeyrinə qərar verəcəyinə gözləmir.
Sfera.az-a açıqlamasında jurnalist Seymur Teymurov bugünlərdə başına gələn hadisəni olduğu kimi danışdı:
“Bir müddət əvvəl məhəllədə saxladığım avtomobilimi qonşu öz maşını ilə zərər vurub. Dövlət Yol Polisi əməkdaşlarını dəvət etdik. Onlar da gəlib akt tərtib etdilər. Sonra “Atəşgah Sığorta” şirkətinin əməkdaşı gəlib hadisəni qeydə aldı.
Daha sonra biz sənədləri Dövlət Yol Polisindən götürüb adı çəkilən sığorta şirkətinə apardıq. Sənədləri qəbul edib dedilə ki, gedin, sizinlə əlaqə saxlayacağıq, daha sonra siz servisə qiymətləndirməyə göndəriləcəksiniz. Bunun üçün gözləmək istəmədiyimizi, ünvanı alıb tez getmək istədiyimizi dedik. Uzun sürən israrımızdan sonra bizi bir servisə yönləndirdilər, getdik. Sürdüyüm avtomobil Amerika istehsalı olmasını nəzərə almadan, onun düzəldilməsi və düzgün diaqnozun qoyulması üçün müvafiq təlim keçmiş ixtisaslı ustaların və orijinal ehtiyat hissələrinin olduğu avtomobilin rəsmi servisə yönləndirilməsini təkid etsək də bizi Babək prospektinidə “no name” servisə göndərdilər. Bu avtomobil təmiri üçün keyfiyyətli və müvafiq imkanlara malik olmayan “servis”də işə münasibət də adına uyğun oldu. Həmin servisdə maşına sadəcə kənardan durub baxdılar, özləri üçün nəsə qeyd apardılar, bunu da “avtomobilə baxış” adlandırıb heç bir ciddi diaqnostika aparmadan, maşının ön hissəsini söküb orada nəyin baş verdiynini müəyyən etmədən dedilər ki, sığorta şirkətinə maşınınızın xərci barədə məlumat verəcəyik. Biz avtomobil dəqiq yoxlanılsın deyə irad bildirdik, bu zaman isə bizə bu barədə sığorta şirkətindən göstəriş verilməli olduğunu bildirdilər. Maşına normal baxış keçirilmədi, bufet əzilmişdi, sökülüb altında başqa detalların əzilib-əzilməməsinə baxılmadı”.
Avtomobilə dəyən ziyan dəqiq yoxlanış keçirilmədən hesablanıb
Seymur Teymurov deyir ki, 3 gün sonra ona avtomobilə ilkin baxışın keçirilməsi və 1820 manat məbləğində ziyan dəyməsi barədə zəng gəlib.
“Dedilər ya bu məbləği götürün, ya da avtomabilinizi elə həmin servisdə təmir etdirin. Təsəvvür edin, avtomobil dəqiq yoxlanışdan keçməmiş ona dəyən ziyan hesablanıb. Bu artıq qeyri-peşəkarlığın növbəti göstəricisi idi. Narazı qalmağımın digər səbəbi də yönləndirdikləri servisin mənim maşınımın təmiri üzrə ixtisaslaşmaması idi. Həmin servisdə avtomobilin markasına uyğun müvafiq təlimlər keçmiş mütəxəssis və ustalar yoxuydu. Məlum məsələdir, hər avtomobilin mütəxəssisi onun markasına uyğun rəsmi dillerlərdə olur və həmin avtomobil də o servisdə təmir olunmalıdır. Şirkət isə bizə hansısa qeyri-ciddi bir servisi təklif edirdi”.
Səlahiyyətli şəxslər nədənsə müştəriylə danışmaq istəmirlər
Seymur Teymurov bu məsələnin bir həftədir ki, uzandığını, bu müddət ərzində avtomobilsiz qaldığını söylədi. Bu məsələnin onun bezdirdiyini və tezliklə istənilən yolla maşının təmir olunmasının istədiyini bildiridi. Ona görə də şirkətin ona təklif etdiyi məbləğlə razılaşdığını bildirdi:
“Mən avtomobilin qeyri-peşəkar diletant ustaların əlinə düşməsini istəmirdim. Ona görə şirkətin verdiyi pulu götürüb üzərində öz vəsaitimi qoyub maşını rəsmi dilerin servisində təmir etdirməyə qərar verdim. “Atəşgah Sığorta”ya zəng etdim, operator xanım bildirdi ki, sizinlə əlaqə saxlayacağıq. Aradan 3 saat keçdi, zəng gəlmədi. İkinci zəngimdə yenə eyni sözü eşitdim. Üçüncü zəngimdə isə operator xanım aidiyyatlı şəxslərin – departamentin işçisi Nicat Ələsgərovun və onun müdiri İlkin Quliyevin mənimlə danışmaq istəmədiyini bildirdi.
Əvvəla müştəri ilə danışmaq şirkətdə çalışan səlahiyyətli şəxslərin borcudur. İkincisi isə mənimlə danışmaq, təklif etdikləri məbləği necə, nə zaman ödəyəcəkləri ilə bağlı məlumat verməli idilər”.
“Atəşgah Sığorta” tərəfindən ödəniş hələ də olunmayıb
“Təklif olunan məbləği götürmək üçün “Atəşgah sığorta”dan heç kimlə rabitəyə keçə bilmirəm, – Seymur Teymurov deyir və əlavə edir: Bu artıq adı çəkilən şirkətin xidmət səviyyəsini göstərir. Müştəri operatorun əlində qalır, operatorun da bildiyi ancaq gözlətdiyinə görə üzr istəməkdir. O, şirkətdə qəzalar, şikayətlər, təkliflərlə bağlı müraciətləri hansı departamentə yönləndirməli olduğunu belə bilmir. Bilirsə də müvafiq səlahiyyətli şəxslər şikayətçini dinləmək istəmirlər deyə zəngləri cavab verən yoxdur.
Bir sözlə, bu şirkət hələ də normal fəaliyyət göstərə bilmir. Departamentlər arasında əlaqə yoxdur, müştəri mənmuniyyəti deyilən şeydən ümumiyyətlə xəbərsizdirlər. İcbari sığortadan anladıqları ancaq sürücülərdən pulların icbari şəkildə yığılmasıdır. Halbuki iş sadəcə pul yığmaqla bitməməlidir. Şirkət öz xidmətlərini məsuliyyətlə yerinə yetirməli, müştəri məmnuniyyətinə diqqət etməlidir. Bunlar bəsit peşəkarlıq qaydalarıdır.
Bu şirkət isə bizi hələ işin əvvəlində avtomobilə baxış üçün bizi müvafiq servisə deyil, özlərinin müvafiq bildikləri servisə göndərməklə ciddi xətaya yol vermişdi. Bu da monopoliyanın bir növüdür: bütün müştəriləri özlərinin əməkdaşlıq etdikləri servisə yollayırlar. Axı müştəri avtomobilinə uyğun xidmətin göstərilmədiyini, ixtisaslaşmış mütəxəssislərin olmadığını bilə-bilə niyə o servisdən yararlanmalıdır?”, – deyən Seymur Teymurov fikrini yekunlaşdırıb. Sonda isə o, bildirib ki, bir vətəndaş kimi haqlarını tələb edəcək və bu hadisəni ciddi ictimai məsələ kimi gündəmə gətirəcək.