Tribuna İnformasiya Agentliyi

Musiqili Teatrda “Çarəsiz sərnişinlər” yola çıxdılar

08 Dekabr

Bu gün Azərbaycan Dövlət Musiqili Teatrında Bolqar yazıçısı Stanislav Stratiyevin “Avtobus” pyesi əsasında “Çarəsiz sərnişinlər” tamaşasının məşqlərinə başlanılıb.

Bu barədə TİA.AZ-a teatrdan məlumat verilib.

Məşqdə Musiqili Teatrın direktoru, Əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Əliqismət Lalayev iştirak edərək tamaşanın quruluşçu rejissoru Əməkdar incəsənət xadimi Mehriban Ələkbərzadə və yaradıcı heyəti ilə görüşüb, onlara bəzi tövsiyyələrini verib: “Bu əsər “Nuri-didə Ceyhun” tamaşasından sonra rejissorun Musiqili Teatrda ikinci işi olacaq. Əvvəlki tamaşa teatr aləmində çox böyük əks-səda doğurdu və bizə uğur gətirdi. İnanıram ki, bu yeni tamaşa da auditoriyasına görə daha geniş miqyası əhatə edəcək. “Çarəsiz sərnişinlər”- artıq bu ad bizə çox şeyi deyir. Çarəsiz anlarda özümüzü necə apara biləcəyimiz isə vicdan məsələsidir. Ektremal şəraitə düşəndə bizlər – insanlar “mən” olaraq özümüzü tanıyırıqmı? Əlbəttə, yox… Elə bu baxımdan, tamaşanın psixoloji təsir gücünü indidən hiss edirəm, uğurlu alınacağına inanıram… Kollektivə uğurlar arzulayıram.”

Qeyd edək ki, janr etibarı ilə alleqorik, eksentrik və ya təxəyyül komediyasının xüsusiyyətlərini daşıyan bu tamaşanın qeyri-adi süjet xətti var. “Yolçuluq”, “Sərxoş gecə”, “Çıxış yolu” adlı 3 hissəyə bölünəcək tamaşada hadisələr avtobusun içərisində cərəyan edir. Məcburiyyət qarşısında bir araya toplaşan sərnişinlər qəfildən duyuq düşürlər ki, naməlum istiqamətə gedən avtobusu idarə edən sərxoş bir sürücünün iradəsindən asılı bir vəziyyətdə qalıblar. Bəlli olmayan ünvana, məqsədi və məramı aydın olmayan sürücü ilə eyni avtobusda, eyni taleni yaşamağa məhkum olan sərnişinlər çarəsiz halda həyatın bu sürprizinə “sağ qalmaq” naminə sonadək müqavimət göstərirlər.

Səhnə əsərində rolları Xalq artisti Pərviz Məmmədrzayev (Virtuoz), Əməkdar artistlər Əzizağa Əzizov (Kəndçi), Ələkbər Əliyev (Ağılsız), Şövqi Hüseynov (Ağıllı), Əkbər Əlizadə (Məsuliyyətsiz), aktyorlar Əliməmməd Novruzov (Ər), Ülviyyə Əliyeva (Arvad), Aydan Həsənova (Qız), Nicat Həbibov (Oğlan) ifa edəcəklər. Tamaşanın musiqi tərtibatçısı və quruluşçu dirijoru Orxan Həşimov, quruluşçu rəssamı Əməkdar mədəniyyət işçisi İlham Əsgərov, xormeysteri Əməkdar artist Vaqif Məstanov, rejissor assistentləri Elməddin Dadaşov və Sevinc Məmmədovadır.