Tribuna İnformasiya Agentliyi

Musiqi alətləri mağazalarında qiymətlər bahalaşıb: səbəb nədir?

14 İyul

Bakıda elektron musiqi alətlərinin qiyməti bahalaşıb.

Musavat.com xəbər verir ki, şəhərin mərkəzində yerləşən məşhur musiqi maqazalarında daha çox piano və sintezatorların qiymətində bahalıq hiss olunur. Mağazalarda hazırda ən ucuz elektron pianonun qiyməti 2 min manatdan baha, ən bahalısı isə 15 min manata satılır. Bu isə manatın birinci devalvasiyasından öncəki qiymətlərlə müqayisədə təxminən yarıbayarı qiymət artımı deməkdir.

Mağazalarda hazırda ən ucuz sintezator isə 300 manatdan bahadır. Nəzərə çatdıraq ki, bu musiqi alətləri adaptorsuz satılır. Adaptorun qiyməti isə 30-60 manat arasında dəyişir. Akustik gitaraların qiyməti isə 100 manatdan 700 manata qədər dəyişir. Elektron gitaralar isə 989 manat və daha yüksək qiymətlə satılır. Nəfəs alətlərindən sadə tütək 15 manat, klarnet və digər alətlər isə 1000 manatdan baha qiymətədir.

Barabanlar 1100 manat və daha yüksək qiymətə satılır.

Şəhərin mərkəzində yerləşən müsiqi mağazalarında maraqlıdır ki, milli musiqi alətlərimiz satılmır. Satıcılar bildirdilər ki, daha çox nəyə maraq varsa, onu satmağa üstünlük verirlər. Qiymətlərə gəlincə isə söylədilər ki, bu, gətirdikləri malın maya dəyəri ilə bağlıdır:

“Dollar ucuz olanda, xaricdən bu alətləri gətirmək ucuz başa gəlirdi. Ona görə də qiymətlər aşağı idi. İndi isə baha gətirib, əvvəlki dövrlə müqayisədə baha satırıq. Ancaq bizim bu alətlərdən qazancımız elə əvvəlki qədərdir. Yəni əlavə pul qoymamışıq. Sadəcə olaraq xərclərimiz artıb”.

Mağazalarda musiqi alətləri ilə demək olar ki, maraqlanan müştəri görmədik. Kənardan qiymətlərə baxanlar isə gileylənirdilər ki, fantastik dərəcədə artım var. Onlar da bildirdilər ki, daha çox pianonun qiymətində artım ediblər. Əvvəllər 1000 manat civarında qiymətlə satılan elektron pianolar, hazırda 2000 manatdan yüksək qiymətlə satılır.