Tribuna İnformasiya Agentliyi

Müşfiqlə bərabər Əhməd Cavadın da qalıqları axtarılır

09 Noyabr

Sümüklər üzərində DNT analizləri başlayıb, amma nəticələrin nə zaman məlum olacağı bilinmir…

Sovet repressiyalarının qurbanı olan şair Mikayıl Müşfiqin qalıqlarının müəyyən olunması istiqamətində işlər davam etdirilir.

Bu barədə “Yeni Müsavat”a  Tarix İnstitutundan məlumat verilib. Bildirilib ki, Mikayıl Müşfiqin Qaradağ rayonu Puta qəsəbəsində qalıqlarının tapılması ilə bağlı iddiaların araşdırılması üçün ölkə başçısı İlham Əliyev İşçi Qrupun yaradılması barədə göstəriş verib. Bu məlumatdan sonra repressiya qurbanı olan daha bir görkəmli şairimiz, Azərbaycan himninin müəllifi Əhməd Cavadın da qalıqlarının həmin ərazidə olmasına dair ehtimallar irəli sürüldü. Bundan sonra isə Əhməd Cavadın nəvəsi Anar Axundzadədən də DNT üçün analizlər götürülüb. İnstitutdan bildirilib ki,  Mikayıl Müşfiqin qalıqlarının tapılması haqqında yayılan materialların araşdırılması ilə bağlı işlərin gedişatına prezident İlham Əliyev gündəlik nəzarət edir.

Tarixçi Dilavər Əzimli “Yeni Müsavat”a bildirib ki, hazırda onlar da tarixçi kimi gedişatı yaxından izləyirlər. Eyni zamanda tarixçi söyləyib ki, Əhməd Cavadın da qalıqlarının müəyyən olunması istiqamətində aparılan işləri yüksək qiymətləndirir: “Hazırkı vaxtda biz hər hansı bir fikir söyləyə bilmərik. DNT analizlərinin götürülməsini gözləyirdik. Artıq məlumatlara görə, bu analizlər hər iki şairimizlə bağlı götürülüb və işlər aparılır. Nəticələr bəlli olduqdan sonra, biz də şərh verəcəyik. Hələ ki yaradılan İşçi Qrupun apardığı işi və onların verdikləri açıqlamaları oxuyub, məlumat alırıq”.

Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti, Mikayıl Müşfiqin qalıqlarının tapılması haqqında yayılan materialların araşdırılması ilə bağlı Prezident İlham Əliyevin tapşırığına əsasən yaradılmış İşçi Qrupun üzvü, akademik İsa Həbibbəyli isə “Trend”ə açıqlamasında söyləyib ki, prezident İlham Əliyev İşçi Qrupa konkret olaraq vəzifələr tapşırıb: “Hazırda İşçi Qrup bu vəzifələrin icrası istiqamətində intensiv iş aparır.  AMEA tərəfindən Müşfiqə aid arxiv sənədlərinin araşdırılması və məlumatların toplanılması istiqamətində işlər aparılır. Mikayıl Müşfiqin şəxsi işi bizim əlimizdədir, bu iş bizim tədqiqatçılara məlumdur. Oradakı sənədləri diqqətlə öyrənirik. Komissiyaya onun nəticələri barədə məlumatlar verəcəyik”.

dilavər əzimli ile ilgili görsel sonucu

İşçi Qrupun üzvü əlavə edib ki, M.Müşfiqin güllələnməsi və bundan sonra baş verənlərlə bağlı iki versiya var: “Bu versiyalardan biri odur ki, Müşfiqi Nargin adasında güllələyiblər və daha sonra onu, eləcə də onunla birlikdə güllələnən şəxslərin hamısını Xəzər dənizinə atıblar. İkinci versiya odur ki, onlar kütləvi məzarda dəfn ediliblər. Lakin hər iki versiya şifahi məlumatlardan ibarətdir, xalq yaddaşı əsasında formalaşıb. Bunların heç birini təsdiq edən rəsmi sənəd yoxdur. Ona görə də indi DNT kodunun müəyyən edilməsi çox mühüm məsələdir. Bu istiqamətdə səlahiyyətli rəsmi orqanlar iş aparırlar. Müşfiq 1938-ci ildə yanvarın 5-dən 6-a keçən gecə güllələnib. Onun işində bu faktı təsdiq edən arayış var. Amma harada güllələnib və harada dəfn edilib? Şəxsi işdə bu barədə məlumatlar yoxdur. Buna görə də indi biz araşdırma üçün digər sənədlər axtarırıq”.

Tarix İnstitutundan “Yeni Müsavat”a bildirilib ki, artıq Puta qəsəbəsindəki qəbiristanlıqdan çıxarılan sümüklər Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinə təqdim olunub. Bildirilib ki, eyni zamanda Mikayıl Müşfiqin ata tərəfdən olan qohumları tapılıb və onlardan nümunələr götürülüb. Lakin analizlərin cavabının nə zaman məlum olacağı bilinmir.

Onu da qeyd edək ki, Azərbaycanda DNT analizi götürülə bilir. Bu analizin qiyməti 2-3 min manat arasında dəyişir. DNT analizi həm də sağlamlıqla bağlı bütün həqiqətləri ortaya qoyur. Çünki hansısa xəstəlik obyektiv səbəblərə görə özünü büruzə vermir. Müəyyən vaxta qədər onlar insan orqanizmində gizli olaraq qalmağı bacarır. Bu səbəbdən DNT diaqnostikası sağalmaz xəstəliklərin sonradan özünü büruzə verməsinin qarşısını almaq üçün çox xeyirlidir. Bu xəstəliklər sırasına isə altsgeymer, şəkərli diabet, kökəlmə, xərçəng, genetik mutasiyanın çətin forması, ürəktutmaları və sair daxildir.