Tribuna İnformasiya Agentliyi

Müşfiqin son dəhşəti: “Məni çox incidirlər…” – Buxara papağını çıxarıb…”/Müsahibə

03 Noyabr

Görkəmli şair Mikayıl Müşfiqin yaxınları ilə silsilə müsahibələri təqdim edirik.

Suallarımızı Müşfiq ailəsinin 81 yaşlı bibisi nəvəsi Rəna Cəfərova cavablandırıb:

– Mikayıl Müşfiqin qalıqlarının tapılması ilə bağlı xəbərə

 ailə üzvü kimi reaksiyanız necədir?

– Anam Sündüz xanımla Mikayıl Müşfiq bibi qızı-dayı oğludur. İllərdir qeybdə olub, qalıqlarının tapılması bizi çox sevindirir. Möcüzə kimi bir şeydir. Kaş həmin qalıqlar Mikayıl Müşfiqə aid olardı, təskinlik taparıq, məzarını ziyarət edərik. Həmişə ağbirçəklərimiz biz cavanları yığıb Xızıya Mikayıl Müşfiqin ev muzeyinə aparardı. Özüm 1937-ci ildə doğulmuşam, elə həmin il Mikayıl Müşfiqi aparıblar.

Anam deyirdi ki, çox hazırcavab və şən idi, kimi görsə, onu təpədən dırnağa bədahətən sözlə bəzəyərdi. O vaxt televizorlar yox idi, evimizdə məclislər keçirilir, fəramuşan gecələri olurdu, bədahətən şeirlər, qəzəllər deyilirdi, deyişmələr olardı. Məclisi-üns kimi məclislər təşkil edilirdi. Mikayıl Müşfiqi görməsəm də, nəsildəki davamçıları görmüşəm. Yunus dayı şeir deyər, Səlim əmi, Zeynal dayı oxuyardı, başqası qəzəllə cavab verərdi.

– Ananızın Mikayıl Müşfiqlə bağlı danışdıqlarından nələr xatırlayırsınız?

– Anamla Mikayıl Müşfiq bacı-qardaş kimi olublar. Mikayıl Müşfiq axırıncı dəfə gələndə deyib, ay bibi qızı, bura son gəlişimdir, daha məni görməzsiniz, məni çox incidirlər. Başından buxara papağını çıxarıb qardaşım Mürsəlin başına qoyub. O, elə son gedişi olub, sonuncu dəfə də bizim evimizdən gedib. Onun ailəsi, nəsli çox faciələr yaşayıb.

Müşfiqdən sonra bütün qohumlarımızı aparırdılar, anamın öz qardaşı Əlihüseyn Dağlı cəmiyyətin qaymaqlarından biri idi, onu da həmçinin. Hamının evində ağlaşma idi. Qadınlar “Baksovet”ə “”NKVD”nin qabağına etiraza gediblər. Dayım arvadı Törə xanım deyirdi ki, oradan çıxanda qulağıma elə möhkəm şillə vurdular, qan tökülməyə başladı. Sonra yazığın qulağı da tutuldu.

– Mikayıl Müşfiqin xanımı və bacısına da çox təzyiqlər olub…

– Bəli, Dilbər xanıma elə əziyyət etmişdilər ki, yazıq hamilə idi, iki aylıq uşağı tələf olmuşdu. Bilirsiniz, onların 7-8 aylıq uşağı tif xəstəliyindən ölmüşdü, müalicə edə bilməmişdilər. Müşfiq tutulanda da iki aylıq hamilə imiş. Müşfiqin yanına gedib sevdiyi dolmanı vermək üçün nələrdən keçib. Elə hərəkətlər görmüşdü ki, Dilbər xanım havalanmışdı.

Müşfiqin bacısı Balacaxanım da çox müsibətlər görmüşdü. Bunlar sözlə deyiləsi, təsəvvür ediləsi deyil. Bu küçə axı Mikayıl Müşfiqin adını daşıyır, hər səhər bütün küçə boyu gəzir, adına baxır dala-qabağa gedirdi, heç kəsə yaxın durmurdu. Onun özünün gözəl natiqlik qabiliyyəti vardı.

Balacaxanım ədəbiyyat müəllimi idi, Mircəfər Bağırovun görüşünə gedib, onu qəbul etmək istəməyib, heç adam yerinə qoymayıb. O da qəzəblənib deyib ki, sənin nəslində mənim kimi qadın olmaz. 2 saat dayanmadan poema oxuyub, Mircəfər Bağırov da dinləyib. Bitirəndə deyib ki, nəslində bir qadın gətir, 10 dəqiqəlik poema oxusun, görüm bacararmı. Poemanı qurtarandan sonra masanın üzərindəki qrafini götürüb Mircəfərin başına tullayıb. O da dərhal başını yana çevirib, qrafin divara dəyib, çilik-çilik olub.

Balacaxanım özü də dustaqlıq həyatı yaşayıb, 8 il iş vermişdilər. Bəraət aldı, qayıdanda ata evində qaldı, sonra ev verildi. Qazaxıstana sürgün olunmuşdu, sonra Şamaxının Mərəzə kəndində xəstəxanada tibb bacısı işləyib.

– Dilbər xanımı yəqin görmüşdünüz…

– Uşaq idim, amma onu xatırlayıram, bir müddət bizim həyətdə yaşamışdı. Sonralar tədbirlər olanda çağırırdıq, Dilbər xanım gələrdi. İkinci dəfə ailə quranda bizim qadınlar etirazla qarşıladı, anam da bu evliliyi qəbul etmirdi. Amma nə etməliydi ki? Çox ağır həyat yaşamışdı.

Balacaxanım vəfat edəndə onu hüzr mərasiminə gətirdik. Mikayıl Müşfiqin əmisi nəvəsi Reyhan Balacaxanım can verəndə Dilbər xanımın evinə getmişdi, deyir ki, evə girəndə dəhşətə gəldim, ev bütünlükdə Mikayıl Müşfiqin fotoları ilə bəzədilmişdi, elə bil Müşfiq dünyasına girirdin. Nə olsun başqasına ərə getmişdi, ürəyində Müşfiq idi.

Başqa kişidə ərdəydi, amma divar Müşfiqlə yanaşı çəkdirdiyi şəkilləri ilə dolu idi. Müşfiqə görə ondan əl çəkmirdilər, belə versiya da səslənirdi ki, qorxuduğuna, canının təhlükəsizliyinə görə başqası ilə ailə qurub.

– Ailəsi Müşfiqin güllələnməsi xəbərini necə alıb?

– Anam çarşab bağlayırdı, o vaxt çörəyi təndirdə bişirirdilər, Müşfiqin güllələnməsi xəbəri eşidəndə bir gecəyə saçları ağarıbmış, amma bundan xəbərsiz imiş.

Çörək bişirəndə bir tel alnına düşüb elə bilib un bulaşıb, çırpıb, qaynanası qayıdıb ki, saçın ağarıb ey, un bulaşmayıb. Özü də anamın saçları gur idi, anam yorğan-döşəyə girmirdi, quru yerdə yatırdı, deyirdi mənim qardaşım sementin üstündə yatır, mən isti yataqda necə yatım.

Müşfiqin güllələnməsi ilə nə qədər qohum-əqrəbasını apardılar, bir nəsli yox elədilər.

Teleqraf.com