Müəllimlərin sertifikasiya həyəcanı: Çıxış yolu varmı?backend

Müəllimlərin sertifikasiya həyəcanı: Çıxış yolu varmı?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Keçmiş Sovet dövründə bəzi müəllimlər dərs oxumayan şagirdlərə deyirdilər ki, “istəyirsən oxu, istəmirsən oxuma, mən onsuz da maaşımı alıram, sən oxumasan, mənim diplomumu, müəllimliyimi ki, əlimdən almayacaqlar”. Bu mənfi və müsbət cəhətləri ilə Sovet dövrünün təhsili idi. Qeyd etdiyimiz kimi, bəzi müəllimlər belə idi, amma əksəriyyəti öz üzərində işləyən, dərsdən geri qalan şagirdləri də həvəsləndirib az da olsa nəsə öyrənmələrinə çalışırdı. İllər ötdü, müstəqilliyimizi bərpa etdik, yavaş-yavaş milli təhsil sistemimizi formalaşdırmağa başladıq. Kurikulum da dövrün, zamanın tələbi kimi meydana çıxdı. Düzdür bəzi müəllimlər kurikulumu bəyənmirlər, amma burda bəyənilməyəsi nəsə yoxdur. Bəlkə də dilimizə yad söz olduğuna görə bir çoxunu qorxudur, amma 2009-cu ildə ilk dəfə olaraq  “Təhsil haqqında” Azərbaycan Respublikasının qanununda kurikulum anlayışı təsbit olunmuş və onun mahiyyəti açıqlanmışdır: “Təhsil proqramı (kurikulum) – təhsilin hər bir pilləsi üzrə təlim nəticələri və məzmun standartlarını, tədris fənlərini, həftəlik dərs və dərsdənkənar məşğələ saatlarının miqdarını, pedaqoji prosesin təşkili, təlim nəticələrinin qiymətləndirilməsi və monitorinqinin aparılması sistemini özündə əks etdirən dövlət sənədidir”. İnsafla desək keçmiş Sovet təhsil metoduna baxanda kurikulum həm təhsilverənlərə, həm də təhsilalanlara çox rahatdır. Təbii ki, razılaşmayanlar da ola bilər. Hər kəsin fikrinə hörmətlə yanaşırıq. Bizim isə mövzumuz əslində bu deyil.

Müəllim niyə imtahan verməlidir?

Yuxarıda qeyd etdiyimiz kimi, bəzi müəllimlər üçün şagirdin oxuyub-oxumaması maraqlı deyil, elə müəllimlərin heç özləri də nəinki ixtisası üzrə, heç ildə bir bədii kitab da oxumur, öz üzərində işləmirlər. Sanki diplomunu aldı, işə qəbul oldu, vəssalam, daha ömrünün axırına kimi belə davam edəcək. Halbuki dövr dəyişir, dünyaya inteqrasiya olunuruq, artıq Avropanın bir parçasıyıq, məktəblilərimiz dünya olimpiadalarında nəticə əldə edir, gənclərimiz dünyanın qabaqcıl ali məktəblərində təhsil alırlar. Belə olan halda məktəb və pedaqoji kollektiv yerində saya bilməz, dəyişməli, inkişaf etməli, yeni çağırışlara cavab verə bilməlidir. Bunun üçün isə müəllimin daim öz üzərində işləməsi vacibdir. Bir neçə ildir ki, daha doğrusu Mikayıl Cabbarov təhsil naziri təyin olunandan sonra indiyədək ali məktəbi pedaqoji ixtisas üzrə bitirən tələbələr müəllim işləmək üçün MİQ imtahanlarında iştirak edirlər. Bu əslində yaxşı haldır, çünki 1 yerə 10 namizəd varsa, artıq pulu və tanışı olan deyil, biliyi olan qazanır. Təbii ki, mənfiləri də var, hansısa məktəblər vakansiaları gizlədir, müqavilə ilə daha az bal yığanları işə götürür və s. İnsan amili olan yerdə neqativlərin olması başadüşüləndir. Hər halda əvvəllər olduğu kimi kimsə rüşvət verib işə girmir. Amma bir məsələ var ki, ona mütləq toxunmaq lazımdır.
İllərdir ki, Dövlət İmtahan Mərkəzi mühüm dövlət qurumlarına, prokurorluq, gömrük, vergi və s dövlət qurumlarına, ali məktəblərə, rezidenturaya, doktoranturaya, magistraturaya və s. qəbul, 9 və 11-ci sinif şagirdləri üçün buraxılış imtahanları təşkil edir, heç bir narazılıq da olmur. Belə olan halda maraqlıdır ki, nəyə görə MİQ imtahanlarını Təhsil nazirliyi özü təşkil edir? 2021-ci ildə DİM-in təşkil etdiyi buraxılış imtahanlarında 217 min 534 nəfər məzun iştirak edib. 2020/2021-ci tədris ili üçün məktəblərdə müəllim peşəsi üzrə 8 000-ə yaxın vakansiya olsa da, MİQ imtahanlarında iştirak üçün 60 minə yaxın müəllim qeydiyyatdan keçib. Onlardan 46 930 nəfər  imtahanlarda iştirak edib. İndi özünüz fikirləşin, 217 min məktəbliyə buraxılış imtahanı təşkil edən DİM 47 min nəfərə MİQ imtahanı, yaxud sertifikasiya imtahanı təşkil edə bilmir? Üstəlik DİM imtahanlarından sonra namizəd səhv və düz cavablarını bilir, cavab kartını görür, amma MİQ imtahanlarında bu imkan yoxdur. Hələ müsahibə mərhələsi və həmin mərhələdə namizədlərə verilən qeyri-adi suallar ayrı aləmdir. Sosial şəbəkələrdə müsahibə mərhələsində müəllim olmaq istəyənlərə verilən suallarla bağlı yazılanları oxuyanda təəssüf etməkdən başqa çarə qalmır. Bu cür gözəl təşəbbüsü o lazımsız suallarla gözdən salmaq sadəcə ağ vərəqə qara ləkə salmaqdır, başqa heç nə. 

Sertifikasiya olacaq deyirlər…

Bir neçə ildir müəllimlərin sertifikasiyadan keçiriləcəyini deyirlər. Artıq qanunvericilik bazası yaradılıb, bütün qanunlara lazımi dəyişikliklər edilib, bu il iyun ayında hazırlıqlara başlanacaq, avqustda isə ibtidai sinif müəllimlərinin sertifikasiyyası baş tutacaq. Sertifikasiya imtahanını da Təhsil nazirliyi başqasına etibar etmir, özü keçirəcək, sonra da müsahibə mərhələsi var. Müəllimləri də elə ən çox narahat edən həmin müsahibə mərhələsidir. Sertifikasiyanın test mərhələsi bəli çox lazımlıdır, müəllim öz üzərində işləməlidir. 5 ildən bir imtahan verməsi müəllimə  əskiklik gətirməz, amma müəllimin test imtahanından keçid balını yığıb gedib ömründə bəlkə də sinfə müəllim kimi girməmiş, şagirdlə ünsiyyətin nə olduğunu bilməyən birinin qarşısında “filan sərkərdənin qoşununda neçə döyüşçü var idi” tipli gülünc, qeyri-adi suallara cavab vermək məcburiyyətində qalacaqsa və cavab verə bilməyəcəksə, bəli, bu MÜƏLLİM adına xələl gətirəcək, onu hər kəsin, həm də dərs demiş olduğu şagirdlərin gözündə əskildəcək. MİQ-də müsahibəni başa düşdük ki, ali məktəbi bitirən tələbə ilk dəfə pedaqoq kimi əmək fəaliyyətinə başlayır, onunla yüngül bir müsahibə aparmaq olar. Bəs 25-30-40 il müəllim işləmiş adamı müsahibə mərhələsindən keçirməyin məqsədi, məramı nədir?

Nə etməli?

Müəllimlərin həyəcanı başa düşüləndir. Sertifikasiyanın müsahibə mərhələsində nə baş verəcəyi qaranlıqdır. MİQ-in müsahibə mərhələsində baş verənlər də bu qorxunu artırır. Ona görə də sosial şəbəkələrdə müəllimlər haqlı olaraq müsahibə mərhələsinin ləğv olunmasını istəyirlər. Qeyd edək ki, həkimlərin sertifikasiyasında da müsahibə mərhələsi salınmışdı, lakin narazılıqlardan sonra 2015-ci ildə Nazirlər Kabineti “Praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olan şəxslərin (işçilərin) sertifikasiyası Qaydası”nda dəyişikliklər edərək sənədin “Müsahibə” adlanan 4-cü  hissəsini ləğv edib, yəni, imtahandan sonra müsahibənin keçirilməsi ləğv olunub. Bundan əlavə həkmlərin sertifikasiyasında şəffaflıq o qədər təmin olunur ki, hətta imtahan sualları da qabaqcadan təqdim olunur. Müəllimlərin sertifikasiyasında niyə belə olmasın? Müəllimlər sertifikasiya imtahanı xəbəri çıxandan ildə azı 3-4 dəfə dəyişən Kurikulum, Metodika kitabları almağa məcbur olurlar. İşbazlar isə zəmanənin nəbzini yaxşı tutublar. Hər dəfə hansısa kitabın üz qabığını dəyişib elan yayırlar ki, “əsas bu kitabdır, suallar bu kitabdan düşəcək” və beləliklə də olan müəllimə olur, qazanan isə hansısa MMC-lər, kurikulum təlimçiləri və bir də bəzi o kitabdan-bu kitabdan köçürüb Kurikulum vəsaiti hazırlayanlar. Təhsil nazirliyi isə sertifikasiyaya düşəcək sualları açıqlamamaqla həyəcanı, narahatlığı bir az da artırır. Beləliklə də müəllim sertifikasiya adı gələndə artıq stress keçirir. Halbuki bu prosesi elə təşkil etmək olar ki, müəllimlər sertifikasiya prosesinə sağlam rəqabət kimi, bilik yarışı kimi yanaşsınlar, tələ kimi yox, adi bir sınaq kimi baxsınlar. Bunun üçün də ilk növbədə Dövlət ümumi təhsil müəssisələrində (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrində) işləyən təhsilverənlərin sertifikatlaşdırma Qaydasında dəyişiklik edilərək Müsahibə mərhələsi ləğv edilməli, imtahan sualları ictimaiyyətə açıqlanmalı, MİQ və sertifikasiya imtahanlarını DİM keçirməli, imtahandan sonra müəllim olmaq istəyənlərə və müəllimlərə öz elektron kabinetinə daxil olub hansı suala səhv, hansına düz cavab yazdığına baxmaq üçün şərait yaradılmalı, Təhsil nazirliyinin özünün ixtisasartırma, hazırlıq kursları təşkil olunmalıdır ki, işbazların da bazarı bağlansın, müəllimlərin də narahatlığı aradan qalxsın. O zaman biliyinə güvənən heç bir müəllim sertifikasiya adı gələndə həyəcan keçirməz, “bizi işdən çıxarmaq istəyirlər” düşünməz. Mövcud qaydalar isə yalnız narahatlığı və narazılığı artıracaq.

Yenilik.az araşdırma qrupu