MSK-dan Fərəc Quliyevə XƏBƏRDARLIQbackend

Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında deputatlığa namizəd, Milli Dirçəliş Hərəkatı Partiyasının sədri Fərəc Quliyevlə bağlı müraciətə baxılıb.

TİA.AZ-ın məlumatına görə, iclasda şikayət ünvanlayan deputatlığa namizəd Mehman Hüseynov da iştirak edib.

MSK üzvü Ramiz İbrahimov bildirib ki, şikayət qanunvericiliyə uyğun olaraq MSK nəzdində fəaliyyət göstərən Ekspert Qrupu tərəfindən araşdırılıb.

R.İbrahimov deyib ki, M.Hüseynov şikayətində F.Quliyevin ona 15 min manat pul təklif etdiyini bildirib:

“Mehman Hüseynov müraciətində qeyd edib ki, F.Quliyevin namizədliyi ləğv edilsin”. Bildirilib ki, araşdırma prosesində tərəflərlə əlaqə saxlanılıb və iclasda iştiraka dəvət olunub.

“Fərəc Quliyevin izahatı alınıb. O, izahatında qeyd edib ki, Mehman Hüseynovla aralarında görüş 45 dəqiqə çəkib. Fərəc Quliyev bildirib ki, Mehman Hüseynova pul təklif etməyib və səs yazısı montaj edilib”.

MSK indiki mərhələdə F.Quliyevə xəbərdarlıq edib.

Xatırladaq ki, bir neçə gün əvvəl 31 saylı Suraxanı İkinci Seçki Dairəsindən deputatlığa namizəd M.Hüseynov sosial şəbəkələrdə həmin dairədən deputatlığa namizəd olan F.Quliyevlə danışığının səs yazısını yayıb.

Səs yazısında F.Quliyevin M.Hüseynova 10-15 min manat pul təklif etdiyi bildirilir. F.Quliyev isə sonradan məsələyə münasibət bildirərək həmin pulu M.Hüseynovun müalicəsi üçün təklif etdiyini, M.Hüseynovun danışığın səs yazısını montaj edərək yaydığını bildirib.

M.Hüseynov bununla əlaqədar MSK-ya müraciət edib.