Tribuna İnformasiya Agentliyi

MOSSAD-dan MÜHARİBƏ XƏBƏRİ

10 Aprel

İsrail yeni nəsil “Praşa David” raket əleyhinə müdafiə sisteminin silahlanmaya daxil edib. 

İsrail yeni nəsil “Praşa David” raket əleyhinə müdafiə sisteminin silahlanmaya daxil edib.

Beləliklə, İsrail Suriya, Livan və Qəzza ilə sərhədlərdə təhlükəsizliyin təmin olunması üçün raket hücumundan müdafiə sisteminin üçsəviyyəli tikintisini başa çatdırıb. Yeni müdafiə sistemi ABŞ-in “Raytheon” şirkəti və İsrailin “Rafael” İsrail dövlət şirkəti tərəfindən birgə hazırlanıb.

“Praşa David”in nümayişi ölkənin Cənub hərbi dairəsində yerləşən Xasor hərbi təyyarə bazasında keçirilib. Mərasimdə İsrailin baş nazirı Benyamin Netanyahu, ABŞ-ın Raket əleyhinə müdafiəsi üzrə Agentliyin direktoru, vitse-admiral Ceyms Sirinq və ABŞ-ın İsraildəki səfirliyinin müvəqqəti işlər vəkili Lesli Sou iştirak edib. 


“Hər iki ölkə – İsrail və ABŞ təhlükələrlə qarşı-qarşıyadır. Amma biz dəfələrlə göstərmişik ki, bu problemləri birlikdə həll edə bilərik”, – Netanyahu bildirib.

O həmçinin əlavə edib ki, İsrailin büdcəsi çox məhduddur. Baş nazir ölkənin müdafiəsinə verdiyi daimi dəstəyə görə ABŞ-a təşəkkür edib.


“Praşa David” ölkənin müdafiəsinin üçsəviyyəli raket əleyhinə sistemində ikinci element olacaq. O, “Arrow-2” və “Arrow-3” kompleksləri (uzaq mənzilli ballistik raketlərin məhv edilməsi üçün nəzərdə tutulub) ilə “Dəmir günbəz” arasındakı boşluğu doldurmalıdır. İsrail Hərbi Hava Qüvvələrinin komandanı, general-mayor Amir Eşel bildirib ki, hər üç sistem müxtəlif ölçülü və diapazonlu raketlərdən müdafiəni təmin edir. O izah edib ki, “Arrow” sistemləri Suriyanın silahlanmasında olan R-17 (“Skad”) və İranın “Şahab” kimi ballistik raketlərdən müdafiə olunmağa imkan verir.


“Dəmir günbəz” sistemi kiçik mənzilli raketlərinin ələ keçirilməsi üçün nəzərdə tutulub. Məsələn, bu sistem HƏMAS-ın Qəzzadan İsrail ərazisinə atdığı “Kassam” kimi kustar üsulla hazırlanan primitiv raketləri zərərsizləşdirə bilər.


“Praşa David” “Dəmir günbəz” kimi çoxməqsədli radarla təchiz edilib. İsrailin “Globes” nəşrinin məlumatına görə, bu sistemdən istifadə ilə bir raketin ələ keçirilməsinin dəyəri 1 milyon dollar təşkil edəcək. “Sehrli çubuq” kimi də məşhur olan “Praşa David” kiçik və orta mənzilli raketlərin ələ keçirilməsi üçün nəzərdə tutulub. Yeni sistem həmçinin Livanın “Hizbullah” şiə təşkilatının silahlanmasında olan orta mənzilli M-600 kimi ballistik raketlərin ələ keçirməyə imkan verəcək. Suriya istehsalı olan M-600 raketləri İranın FƏTH-110 raketlərinin müasirləşdirilmiş versiyasıdır.

İsrailin Müdafiə Nazirliyi “Hizbullah”ın əlində olan bu silahın artmasından narahatdır. “Globes” qeyd edir ki, sözügedən raketdən İsrail ərazisinin dərinliklərində yerləşən strateji obyektlərə dəqiq zərbələr üçün istifadə oluna bilər.


 


Bununla belə, İsrailin hərbi məmurlarına istinadən “Haaretz” nəşri qeyd edir ki, hətta üçsəviyyəli raketdən müdafiə sistemi “Hizbullah”ın raketlərindən yüzfaizli müdafiəyə zəmanət verə bilmir. Münaqişə vəziyyətində İsrail ərazisinə gün ərzində 1000-dən çox raket atılarsa, müdafiə olunmaq olduqca çətin olacaq.


İsrail hərbçiləri hesab edirlər ki, hazırda “Hizbullah”da 100-120 min yaxın və orta hərəkət radiuslu 120 min, həmçinin paytaxt Təl-Əvivi vura bilən uzaq və orta hərəkət radiuslu bir neçə yüz raket var. İsrail kəşfiyyatının (MOSSAD) məlumatlarına görə, “Hizbullah” və HƏMAS ehtimal ki, bu il İsraillə müharibənin başlanmasında maraqlı deyil. “Hizbullah”ın lideri Həsən Nəsrullah cari ilin fevralında bildirib ki, İsrailə qarşı hərbi əməliyyatların yenilənməsinə cəhd göstərmir. Amma o xəbərdarlıq edib ki, münaqişə vəziyyətində İsrailin Dimondakı nüvə obyektlərinə zərbələr endirəcək.