Moped üçün qeydiyyat nişanı TƏLƏBİ – daşınma şirkətlərinin bazarı öləcəkmi?backend

Moped üçün qeydiyyat nişanı TƏLƏBİ – daşınma şirkətlərinin bazarı öləcəkmi?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Moped kimi bir sadə nəqliyyat vasitəsinin rəsmiləşdirilməsi, qanuniləşdirilməsi gərək bir sadə üsulla reallaşa. Nə biznesə ziyan dəysin, nə də insanların qidalanmasında problem yaransın.

Yaxın zamanda ölkədə moped sürücüləri ilə bağlı qanunvericiliyə dəyişiklik olacağı gözlənilir. Bu barədə mətbuata Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr idarəsinin rəisi Vaqif Əsədov bildirib. Vaqif Əsədovun sözlərinə görə, mopedlərə dövlət qeydiyyat nişanının tətbiq olunmasına, eləcə də moped sürücülərinin də digər sürücülər kimi vəsiqə (A1) almasına qərar verilib.

Mopedi olub işsiz qalan insanlar qazandı

Belə bir qanunun qəbul olacağı bir qədər gözlənilməz olsa da, nə vaxtsa belə bir qərarın olacağı istisna deyildi. Pandemiya şəraitində bu nəqliyyat vasitəsinə tələbat birə on artdı. İctimai nəqliyyat və taksi bir tərəfdən koronavirusa tutulmaq riskini artırdı, digər tərəfdən hər hansı bir yerə tez bir zamanda mopedin köməyi ilə yetişmək imkanı bir çoxunu cəlb etdi. Üstəlik, iş yerini pandemiya səbəbindən itirən insanlar yeməyi ünvana çatdırma şirkətləri ilə əməkdaşlıq etmək imkanı əldə etdilər. Marketə və ya başqa yerə getmək imkanı olmayan vətəndaş da qidanı elə birbaşa evinə sifariş etdi. Nəticədə həm biznes qazandı, həm də mopedi olub işsiz qalan insanlar.

Bu gün Bakının hər yerində mopedlə yeməyi ünvana çatdıran insanlara rast gəlmək olar. Fastfud biznesi artıq evlərə, böyük biznes mərkəzlərinə ayaq açıb, sifariş qəbul edilir, hazır yemək moped sahibinə verilir, o da maşın və avtobusların arası ilə tez bir zamanda şütüyərək qidanı yerinə çatdırır. Hamı razıdır elə bil, amma…

Tıxac zamanı isə səki ilə də sürər

Moped nəqliyyat vasitəsi olsa da, heç bir qeydiyyat nişanı yoxdur. Təbii, qurğunu idarə edənin də sürücülük vəsiqəsi olmur. Yol hərəkəti qaydalarına əməl etməlidir, amma moped sürücüsü heç bir qayda gözləmir, o adətən tələsir, sifariş vaxtında yerinə çatmalıdır. Səbri tükənəndə yolu qırmızı işıqda da keçər, tıxac zamanı isə səki ilə də sürər. Kimsə nə cərimə yaza bilər, nə də bir söz deyə. Qeydiyyat nişanı da yoxdur, lap kameraya düşsə nə olacaq? Get, sübut elə bu həmin mopeddir ya yox.

Moped sürməyi öyrədən xüsusi bir kurs da yoxdur, hamı elə özü öyrənir, yıxıla-yıxıla, əzilə-əzilə. Bir tərəfdən əl verir, 100 km məsafəyə cəmi 2,5 litr benzin işlədir. Elektriklə işləyən mopedlər də pis deyil. Sadəcə bir qədər yüklənmək problemi var, bir də haradasa 60 km yola bəs edir. Daxili İşlər Nazirliyi moped qəzaları üzrə son dövrün statistikasını da açıqlayıb. 12 qəza baş verib, 3 nəfər ölüb, 10 nəfər xəsarət alıb.

Mopedi tapmaq da problem yaradır

Bəzi qəzalar yəqin heç qeydə də alınmır, çünki moped yiyəsinin ucbatından hansısa maşın qəzaya uğradısa, bu mopedi tapmaq da problem yaradır. Yol nişanı olmayan vasitəni axı necə tapasan? Sığorta şirkətləri də elə dəyən ziyanı ödəməkdə çətinlik çəkirlər. Bir tərəf var, digər tərəf isə yoxa çıxıb. Mopedlərə qeydiyyat nişanı tətbiq etmək, sürücülərə isə vəsiqə alınması ideyası doğru qərardır, bircə prosesin necə reallaşacağı sual doğurur.

Son bir iki ildə moped vasitəsilə reallaşan böyük bir biznes sahəsi qurulub. Qida məhsulu bilinən ünvana məhz bu nəqliyyat növü ilə çatdırılır. Avtomobil və ya digər vasitələrlə çatdırmaq isə həm prosesi ağırlaşdırar, həm də bahalaşdırar. Özü də Bakının ofis sektorunda çalışan insanların məhz müəyyən bir zaman kəsimində nahar etmək imkanı var. Qida da tez zamanda elə həmin an yiyəsinə çatmalıdır, çatmasa, heç lazım da olmayacaq. Rahatlıq və sürət baxımından olduqca əlverişlidir. Bunlar olmasa, elə ofisdən kənara çıxıb yaxındakı kafelərdən birində nahar edə bilər. Ya da uzaqbaşı yaxınlıqdakı fastfud nöqtələrinin birində nəsə alıb yeyər.

Pulunu ödə, məsələni həll edək?

Qanun qəbul edilən kimi bu məsələ ətrafında bir ajiotaj yaranacaq, çünki həm texniki pasport, həm də sürücülük vəsiqəsinə ehtiyac duyulacaq. Qanun sənədsiz yola çıxmağı qadağan edən kimi həm polis idarəsinin qapısında növbə olacaq, həm də yemək satan obyektlərin önündə. Əgər yeməyi ofisə gətirən yoxdursa, deməli iş yerini tərk edib harasa getməlisən. Orada da növbə olacağı ehtimalı böyükdür. Bütöv bir biznes sahəsində problem yaranacağı qaçılmazdır. Belə halları dəfələrlə görmüşük, qərar verilir, nəticədə dövlət qurumlarının qarşısında ajiotaj yaranır, bundan da “bacarıqlı dəllallar” yararlanırlar. “Pulunu ödə, məsələni həll edək” ifadəsi gündəmə gəlir.

Belə bir problemdən necə yan keçmək olar? Prosesi mərhələli halda reallaşdırmaq lazımdır. Yəni ilk mərhələdə yalnız mopedlərə qeydiyyat nişanı alınmasını həyata keçirməliyik. İkinci mərhələdə isə sürücülük vəsiqəsini almaq üçün şərait yaradılmalıdır. Özü də bütün bu prosesi maksimal dərəcədə asanlaşdırmağa ehtiyac var, çünki bu nə avtomobil deyil, nə avtobus. Kiçik bir nəqliyyat vasitəsidir. Bu səlahiyyətin heç polisdə olmasına da ehtiyac yoxdur. ASAN Xidmətin nəzdində bir qurum yaradıb tez bir zamanda həll etmək olar. Həm də moped sürməyi öyrədən kurslar da olmalıdır. Əməlli-başlı qaydası ilə hər bir detal öyrədilsin deyə.

Necə deyərlər, bircə ölümə çarə yoxdur. Moped kimi bir sadə nəqliyyat vasitəsinin rəsmiləşdirilməsi, qanuniləşdirilməsi gərək bir sadə üsulla reallaşa. Nə biznesə ziyan dəysin, nə də insanların qidalanmasında problem yaransın. //sputnik.az//