Tribuna İnformasiya Agentliyi

Modriç: “Çempionlar Liqasındakı titulları dünya kubokuna dəyişərdim”

13 İyul

“Çempionlar Liqasında qazandığım 4 titulu dünya kubokuna dəyişərdim”.

Qol.az-ın “Goal.com”a istinadən yaydığı xəbərə görə, bu sözləri Xorvatiya millisinin kapitanı Luka Modriç deyib. Dünya çempionatının finalında Fransa ilə keçirəcəkləri oyun haqda fikirlərini açıqlayan yarımmüdafiəçi iddialı danışıb:

“Finalda nəyin necə olacağının heç bir önəmi yoxdur. Bu Xorvatiya idmanı üçün böyük uğurdur. Amma çempion olmağı da istəməliyik. Özümüzə tam inanırıq, çempionluğu hədəfləyən komanda üçün lazım olan xarakter və digər şeylər bizdə var”.

Çoxları iddia edir ki, bu il “Qızıl top”u Modriç qazanmalıdır. Bu fikirlərə də münasibət bildirən yarımmüdafiəçi şəxsi uğurdan daha çox, Xorvatiyanın finalda qalib olmasını istəyir:

“Hamı məndən “Qızıl top” haqda soruşur. Amma məni bu, narahat etmir. Biz dünya kubokunu qazanmalıyıq. Əgər son addımı ata bilməsək… Bunu mütləq bacarmalıyıq. Dünya çempionatına fikrimiz kifayət qədər ciddi idi. Bu, ucuz reklam deyildi. İlk hədəfimiz qrupdan çıxmaq idi. Komandada heç olmadığı qədər özünəinam hiss edirdim. Düşünürəm ki, biz finala qədər şans hesabına gəlməmişik”.

Qeyd edək ki, Fransa və Xorvatiya arasında final oyunu iyulun 15-i Bakı vaxtı ilə saat 19:00-da keçiriləcək. Matç Moskvadakı “Lujniki” stadionunda oynanılacaq.