“MİQ imtahanını keçirənlər istefa verməlidir, nəticələr ləğv edilməlidir” – Təhsil ekspertibackend

“MİQ imtahanını keçirənlər istefa verməlidir, nəticələr ləğv edilməlidir” – Təhsil eksperti

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Xəbər verdiyimiz kimi, Azərbaycan Respublika Təhsil İnstitutu (ARTİ) Müəllimlərin İşə Qəbulu müsabiqəsinin imtahan mərhələsində riyaziyyat fənni üzrə test tapşırıqlarına dair sosial mediada yayılan iddialarla bağlı araşdırma aparıb.

Araşdırma nəticəsində məlum olub ki, cəlb edilən müəlliflərdən Siracəddin Quluzadə onunla bağlanmış məxfilik müqaviləsinin şərtlərini pozaraq ARTİ-yə təhvil verdiyi orijinal test tapşırıqlarını müəllim hazırlıq mərkəzlərindən birinin test bankına da təqdim edib. Bu suallar həmin hazırlıq mərkəzi tərəfindən imtahandan əvvəl yayımlanan videodərs zamanı çoxsaylı suallar arasında müzakirə üçün istifadə olunub. İyulun 14-də keçirilən riyaziyyat fənni üzrə imtahanda istifadə edilən 3 sualın (S.Quluzadə tərəfindən MİQ sual bankına təqdim edilmiş) imtahandan əvvəl bəzi namizədlərə videoformatda izah olunması iddiası öz təsdiqini tapıb.

Bəs belə olduğu halda imtahan ləğv edilərək yenidən keçirilə bilərmi, bu cür hallarda hansı addımlar atılmalıdır?

AZXEBER.COM məsələ ilə bağlı təhsil ekspertlərinin fikirlərini öyrənib.
Bu məsələnin ortaya çıxmasında əsas şəxs olan təhsil üzrə ekspert Kamran Əsədov qeyd edib ki, baş verənlər onu göstərir ki, Müəllimlərin İşə Qəbulu imtahanı şəffaf həyata keçirilmir:
“Azərbaycanda müəllimlərin işə qəbul imtahanı 2009-cu ildən keçirilir. 2013-cü ildən isə müəllimlərin işə qəbulu prosesi yenə mərhələyə qədəm qoyub. Etiraf edək ki, son illər ərzində müəllimlərin işə qəbulu ilə bağlı çox ciddi pozuntular var. Məsələn, 2019-cu ildə 26 test tapşırığı elmi və texniki baxımdan səhv idi. Sonrakı illərdə seanslar arasında sualların təkrarlanması, eyni zamanda bəzi müəllif heyyəti tərəfindən müəllimlərə verilmə faktları var idi. Amma bu il tamamilə dəhşətli bir hal baş verdi. Qeyd edim ki, müəllimlərin işə qəbul imtahanı hüquqi baxımdan orta təhsil məktəblərində müəllim vəzifəsinə getmək üçün yeganə vasitədir. Orta məktəbdə müəllim işləmək üçün mütləq şəkildə MİQ imtahanında iştirak edib, yüksək bal toplamaq tələb olunur, amma baş verənlər onu göstərir ki, müəllimlərin işə qəbulu imtahanı şəffaf həyata keçirilmir”.

Ekspert həmçinin qeyd edib ki, bunu edənlərin hər biri məsuliyyətə cəlb olunmalıdır:

“Burada ciddi şəkildə pozuntu var. Bu üç sualın etiraf edilməsi məsələnin həlli deyil. Birmənalı şəkildə MİQ imtahanını təşkil edənləri hər biri istefa verməlidir. Bu ildən keçirilən MİQ imtahanlarının hamısı ləğv edilməlidir. Biz MİQ imtahanlarının keçirilməsini öz üzərimizə götürürük. Təhsil Xidmətləri Araşdırma və Təhsil Mərkəzi bunu edə bilər. Bu, ciddi hüquqi pozuntudur. MİQ imtahanında texniki işçidən tutmuş rəhbərə qədər hər biri ərizəsini yazıb getməlidir. Sualların satılması, bunun təşkil edilməsi Vətənə xəyanətdir. Təkcə 4 mindən çox imtahan vermis riyaziyyat müəllimlərinə hörmətsizlikdir. Hüquqi baxımdan bunun ağır məsuliyyəti var. Orada qanunvericiliyi tələbləri pozulub. Maddi maraq qarşısında sualların satılması baş verib. Hesab edirəm ki, bu məsələ təkcə bəyanatla bitməməlidir. Çünki onlar insanların hüquqlarını tapdalayıblar və məxfilik prinsipini pozublar. Sosial şəbəkələrdə MİQ imtahanını təşkil edən şəxslər trol ordusu yaradaraq bunu ört-basdır etməyə çalışırdılar. Bunu edənlərin hər biri məsuliyyətə cəlb olunmalıdır.

Təhsil üzrə ekspert Elşən Qafarov da  açıqlamasında məsələyə münasibət bildirib. O, qeyd edib ki, bu məsələyə hüquqi qiymət verilməlidir:

“Məsələ ilə bağlı Təhsil İnstitunun açıqlaması yayılıb. Təhsil İnstitutu ayrı-ayrı sualların hazırlanması ilə bağlı olaraq müəyyən mütəxəssisləri müqavilə əsasında əməkdaşlığa cəlb edir. Bu, əvvəllər də belə olub. Eyni zamanda Dövlət İmtahan Mərkəzində də belədir. Müqavilədə də məxfiliyin qorunması ilə bağlı qarşı tərəf öhdəlik götürür. Amma çox təəssüflər olsun ki, bu məsələ ilə bağlı əməkdaşlıq edilən şəxs imtahandan əvvəl bəzi namizədlərə 3 sualın izahını verib. Hazırki vəziyyətdə təhsil islahatlarında bizim az-çox müsbət qəbul etdiyimiz bir neçə sahə var ki, o da MİQ imtahanının şəffaf keçirilməsi idi. Nəzərə alsaq ki, bu prosesdə Təhsil İnstitutu böyük rol oynayır və müəllimlərin sertifikasiyalaşdırılması ilə bağlı bu qurum maarifləndirmə işləri ilə də bağlı tədbirlər görür. Amma Dövlət İmtahan Mərkəzində də zaman-zaman sualların ötürülməsi ilə bağlı hallarla rastlaşmışıq. Bu məsələ hətta cinayət məsuliyyətinə də gətirib çıxarıb. Düşünürəm ki, məsələnin hüquqi araşdırılmasının arxası ilə gediləcək. Təhsil İnstitutu ilə müqavilə bağlamış həmin şəxs barədə cinayət işinin açılması, müqavilə şərtlərinin yerinə yetirilməməsi ilə bağlı hüquqi proses sona qədər aparılacaq”.

Ekspert həmçinin qeyd edib ki, alternativ addımların atılması ilə bağlı gözlənti yoxdur:

“Düşünmürəm ki, indiki halda yenidən imtahan keçirilsin və ya hansısa alternativ addım atılsın. Baxmayaraq ki, mən həmişə bütün müsabiqələrin Dövlət İmtahan Mərkəzi tərəfindən aparılmasının tərəfdarı olmuşam. Hazırkı vaxtda Prosesin şəffaf aparılması ilə bağlı işlər görülüb. Amma bu işləri davam etdirmək lazımdır. Bu kimi halların qarşısının alınması və yenə də baş verməməsi üçün qaydaları pozan şəxslərə qarşı ən sərt cəza tədbirlərinin görülməsi ilə bağlı hüquqi addımlar atılmalıdır”.