Mingəçvir Dövlət Universitetində Müstəqillik Günü qeyd olunubbackend

Mingəçvir Dövlət Universitetində Müstəqillik Günü qeyd olunub

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

2022-ci ilin 26 may tarixində Mingəçevir Dövlət Universitetində (MDU) 28 May – Müstəqillik Gününə həsr olunmuş “28 May – dövətçilik tariximizin parlaq səhifələrindən biridir” mövzusunda elmi konfrans keçirilib. Konfransda universitetin akademik və inzibati heyət üzvləri, tələbə və magistrantlar iştirak edib.

MDU-dan  bildirilib ki,əvvəlcə, torpaqlarımızın ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub və Azərbaycanın Dövlət Himni səsləndirilib.

Konfransı giriş sözü ilə açan MDU-nun rektoru Şahin Bayramov, ilk növbədə, əlamətdar tarixi gün münasibətilə tədbir iştirakçılarını, universitetin professor-müəllim, inzibati və texniki heyət üzvlərini, tələbə, magistrant və məzunları təbrik edib.

Müsəlman Şərqində ilk demokratik respublika hesab edilən Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 104 illiyinin tamam olduğunu qeyd edən rektor, həmin dövrü Vətən tarixinin ən şanlı səhifələrindən biri kimi dəyərləndirib. Ş.Bayramov əldə edilmiş müstəqilliyin ömrünün qısa olmasına baxmayaraq, iki ilə yaxın müddətdə görülən işlərin, o cümlədən elm, təhsil, mədəniyyət, xarici və daxili siyasət istiqamətində atılan addımların milli dövlətçilik baxımından mühüm əhəmiyyət kəsb etdiyini, müasir və qüdrətli Azərbaycanın yaranmasına zəmin hazırladığını vurğulayıb.

İyirminci əsrin sonlarında ümummilli lider Heydər Əliyevin misilsiz öndərliyi sayəsində xalqımızın əbədi müstəqilliyə qovuşduğunu bildirən rektor qeyd edib ki, hazırda dahi şəxsiyyətin müəyyən etdiyi siyasi kurs onun layiqli siyasi varisi, Möhtərəm Prezident İlham Əliyev tərəfindən müasir dövrün tələblərinə uyğun yeni keyfiyyət mərhələsində davam etdirilir. Bildirib ki, müzəffər Ali Baş Komandanımızın rəhbərliyi, qəhrəman əsgər və zabitlərimizin şücaəti sayəsində ərazi bütövlüyünü təmin edən və bölgədə yeni geosiyasi reallıqlar yaradan qalib dövlət kimi Azərbaycanın müstəqilliyi və suverenliyi daha da güclənib.

Tarixi həqiqətlərin gənc nəsilə çatdırılması məqsədilə müvafiq tədbirlərin həyata keçirilməsinin MDU-da diqqət mərkəzində saxlanıldığını qeyd edən rektor konfransın əhəmiyyətini vurğulayıb və iştirakçılara uğurlar arzulayıb.

Sonra, konfransın proqramına uyğun olaraq məruzələr dinlənilib.

MDU-nun Humanitar fənlər kafedrasının müdiri, dosent Esmira Cəfərova “Müstəqillik günü və Azərbaycan Xalq Cümhuriyyəti”, baş müəllim Mətanət Yusifova “Azərbaycan Xalq Cümhuriyyəti Şərqdə ilk parlamentli respublika kimi”, müəllim Leyla Babayeva “Azərbaycan Xalq Cümhuriyyətinin daxili siyasətinin əsas xüsusiyyətləri”, müəllim Ayna Babazadə “1918-1920-ci illərdə Azərbaycanda ədəbi-bədii mühit” və müəllim Vüsalə Mövlayeva “Müstəqillik günü və müasir müstəqil Azərbaycan” mövzusunda məruzələrlə çıxış ediblər.

Maraqla qarşılanan məruzələr ətrafında geniş müzakirələr aparılıb və iştirakçıların sualları cavablandırılıb.

Qeyd edək ki, MDU-da tarixi günlərə həsr edilmiş tədbirlərin keçirilməsinə xüsusi önəm verilir, tələbə gənclərin vətənpərvərlik ruhunda yetişdirilməsi, onlar arasında müvafiq maarifləndirmə və təbliğat işlərinin gücləndirilməsi diqqət mərkəzində saxlanılır.