Mingəçevir Dövlət Universitetində “Peşəkarla görüş” layihəsi çərçivəsində növbəti görüş keçirilibbackend

Mingəçevir Dövlət Universitetində “Peşəkarla görüş” layihəsi çərçivəsində növbəti görüş keçirilib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının (ASK) vitse-prezidenti Vüqar Zeynalov Mingəçevir Dövlət Universitetində (MDU) “Peşəkarla görüş” layihəsi çərçivəsində keçirilən tədbirin qonağı olub.

Universitetdən AZƏRTAC—a bildirilib ki, “Sahibkarlıq universiteti modeli: təhsil-elm-biznes üçbucağı” mövzusunda keçirilən görüşün moderatoru olan MDU-nun rektoru Şahin Bayramov görüşü ASK və MDU arasında yeni yaradılan işbirliyi çərçivəsində atılan ilk addım kimi yüksək dəyərləndirib və qarşılıqlı faydalı birgə fəaliyyətlərin davamlı olacağına inandığını söyləyib.

Layihənin əsas məqsədini və mövzunun aktuallığını diqqətə çatdıran Ş.Bayramov ASK-nın vitse-prezidenti V.Zeynalovun bioqrafiyası, sahibkarlığın inkişafında və sahibkarlıq siyasətinin həyata keçirilməsində fəal iştirakı, maarifləndirici xidmətləri, beynəlxalq və yerli layihələr çərçivəsində fəaliyyəti barədə məlumat verib. Yeni dövrün universitetinə çevrilmək yolunda sahibkarlıq bacarıqlarının inkişafının, universitet-sənaye əlaqələrinin gücləndirilməsinin, sənayenin tələblərinə uyğun kadr hazırlığı və elmi-tədqiqat fəaliyyətlərinin həyata keçirilməsinin önəmindən bəhs edən rektor görüşdə bununla bağlı faydalı təcrübələrin bölüşüləcəyinə, maraqlı fikir mübadiləsinin aparılacağına əminliyini bildirib və tədbir iştirakçılarına uğurlar arzulayıb.

MDU-nun tələbə və müəllim kollektivi üzvləri ilə bir arada olmaqdan məmnunluğunu ifadə edən V.Zeynalov dəvətə görə universitet rəhbərliyinə təşəkkür edib. Sahibkarlıq fəaliyyətinə başlaması ilə bağlı xatirələrini bölüşən V.Zeynalov bu istiqamətdə əldə etdiyi uğurlarda tələbəlik dövründə ictimai və sosial fəallığın qazandırdığı təcrübənin önəmli paya sahib olduğunu bildirib.

Sahibkarlıq fəaliyyətinin cəmiyyətin inkişafındakı rolundan danışan V.Zeynalov peşəyönümü haqqında fikirlərini paylaşıb, sahibkar peşəsinin fərqli xüsusiyyətləri, əsas problemləri və üstünlüklərini qeyd edib. Uğurlu sahibkar olmağın başlıca meyarlarından, tələbələrə sahibkarlıq bacarıqları və vərdişlərinin aşılanmasının vacibliyindən bəhs edən V.Zeynalov gənclərin məşğulluq və karyera inkişafı ilə bağlı hədəflərinə nail olmalarında universitet dövründə formalaşdırdıqları potensialın önəmini vurğulayıb və bu barədə müvafiq tövsiyələrini diqqətə çatdırıb.

Son dövrdə MDU-da sahibkarlıq subyektləri ilə işbirliyinə xüsusi diqqət yetirilməsini müsbət dəyərləndirən V.Zeynalov müasir tələblərə uyğun yüksək keyfiyyətli kadr hazırlığının və səmərəli elmi fəaliyyətin həyata keçirilməsi məqsədilə universitet-sənaye əməkdaşlığının potensial inkişaf istiqamətləri barədə fikirlərini bölüşüb.

Sonra mövzu ətrafında müzakirələr aparılıb və iştirakçıların çoxsaylı sualları cavablandırılıb. Səmimi formatda keçən görüş maraqla qarşılanıb.

Qeyd edək ki, “Peşəkarla görüş” layihəsinin əsas məqsədi MDU-da təhsil alanların və təhsil verənlərin müxtəlif aktual mövzular barədə peşəkarların bilik və təcrübəsindən faydalanmasına şərait yaratmaqdır. Layihə çərçivəsində indiyədək BP şirkətinin vitse-prezidenti Bəxtiyar Aslanbəyli, Mili Məclisin Elm və təhsil komitəsinin sədri Bəxtiyar Əliyev, Azərbaycan Pedaqoji Universitetinin rektoru Cəfər Cəfərov, Vətən Müharibəsi Qəhrəmanı mayor Elnur Şirinov, deputatlar Ceyhun Məmmədov və Vüqar Bayramov, İqtisadiyyat Nazirliyinin tabeliyində Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiyası Mərkəzinin icraçı direktoru Tamerlan Tağıyev ilə görüşlər təşkil olunub.