Milyonçu şairin tutdurduğu iş adamının bacısı oğlu azadlığa buraxıldıbackend

Milyonçu şairin tutdurduğu iş adamının bacısı oğlu azadlığa buraxıldı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Həbsdə olan iş adamının bacısı oğlu da hakim qarşısına çıxarılıb. O, dayısı kimi dələduzluqda ittiham edilib.

Musavat.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən 1987-ci il təvəllüdlü Cahangirli Sahil Nizami oğlu və 1987-ci il təvəllüdlü Əşrəfov Anar Adil oğlunun cinayət işi üzrə məhkəmə iclası başa çatıb.

Hakim Əhməd Quliyevin sədrliyi ilə məhkəmə iclasında hökm oxunub. Hökmə əsasən hər iki şəxs şərti cəza alıb və məhkəmə zalından azadlığa buraxılıblar.

Hər iki şəxsə qarşı Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq; külli miqdarda törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.

Sahil Cahangirli “Real” MTK-nın icraçı direktoru olub. Anar Əşrəfov da MTK-da çalışıb. Onlar vətəndaşların etibarından sui-istifadə edərək əmlaklarını ələ keçirməkdə, MTK-ya məxsusu mənzilləri ayrı-ayrı şəxslərə satmaqda ittiham ediliblər.

Bildirək ki, Sahil Cahangirli “Real” MTK-nın rəhbəri İlham Qasımovun bacısı oğludur. İlham Qasımov da bu məhkəmədə müttəhimlər kürsüsünə çıxarılıb.

Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Zeynal Ağayevin sədrliyi ilə keçirilən prosesdə İ.Qasımov 15 il müddətinə azadlıqdan məhrum edilib. Bakı Apellyasiya Məhkəməsi onun cəzasını 12 ilə endirib.

Xatırladaq ki, İlham Qasımov “Real” MTK-nın rəhbəri olub. O, Cinayət Məcəlləsinin 178-ci (dələduzluq), 308.2-ci (vəzifə səlahiyyətlərindən sui istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham olunub.

İlham Qasımov rəhbərlik etdiyi şirkət tərəfindən tikilmiş yaşayış binalarında mənzilləri bir neçə şəxsə satmaqda, şəriklik etdiyi azərbaycanlı milyonçu Gülağa Qəmbərova (Tənha) külli miqdarda maddi zərər vurmaqda təqsirləndirilir. İttihama görə, İ.Qasımov milyarderin 19,5 milyon dollarını mənimsəyib.

Məhkəmədə ifadə verən Gülağa Tənha da faktı təsdiqləyərək, İ.Qasımov tərəfindən aldadıldığını qeyd etmişdi.

Bildirək ki, İlham Qasımov MTN general olmuş Akif Çovdarovun cinayət işində zərərçəkmiş kimi tanınmış şəxslərdən biridir.