Tribuna İnformasiya Agentliyi

Milli parklar ekoturizm üçün əlverişli təbiət əraziləridir

02 Avqust

Yay mövsümü ilə əlaqədar ölkəmizdəki milli parklara səfər edən turistlərin sayında xeyli artım müşahidə edilib. Bu barədə TİA.AZ-a ETSN-dən verilən məlumatda deyilir.

2018-ci ilin iyul ayında milli parkları ziyarət edən turistlərin sayı cari ilin 6 ayı ərzində səfər edən turistlərin sayından çox olub. Belə ki, 2018-ci ilin 6 ayı ərzində milli parklara ümumilikdə 24261 turist (bunlardan 21223-ü yerli, 3038-i xarici vətəndaş) səfər edib. Təkcə bu ilin iyul ayında milli parkları 25590 turist (bunlardan 24291-i yerli, 1299-u xarici vətəndaş) ziyarət edib.

Qeyd edək ki, ekoturizmin fəaliyyəti üçün əlverişli ərazilər hesab edilən 9 milli parkda rəngarəngliyinə və məzmununa görə fərqlənən 104 turist marşrutu fəaliyyət göstərir.

Xatırladaq ki, turistlər Ekologiya və Təbii Sərvətlər Nazirliyinin rəsmi internet saytında (eco.gov.az) fəaliyyət göstərən “Xidmətlər” bölməsinə daxil olub bütün milli parklara onlayn bilet əldə edə bilərlər. Həmçinin turistlərin milli parklara girişinin asanlaşdırılması məqsədilə hər milli parkın giriş məntəqəsində bilet satışı xidməti də həyata keçirilir.