Tribuna İnformasiya Agentliyi

Millət vəkilinin Konyada, Meramda Qarabağ parkı açılması təklifini bələdiyyə başqanı dəstəkləyib

12 May

Festivalda çıxış etmək üçün  Konyada, Meramda səfərdə olan millət vəkili, Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu İB-nin sədri Qənirə Paşayeva Meram bələdiyyə başqanı Fatma Toru ilə görüşüb. Millət vəkili Q.Paşayevanın Meramda Qarabağ parkı və abidəsi açılması təklifini bələdiyyə başqanı dəstəkləyib, yeni açılacaq ən gözəl parka Qarabağ parkı  adı veriləcəyini deyib. Qarabağ parkı, abidəsi dosta da, düşmənə də önəmli məsaj olacağını deyən millət vəkili Q.Paşayeva Meram bələdiyyə başqanı ilə görüşdə qardaş Türkiyədə terrorla mübarizədə şəhid olmuş insanlara Allahdan rəhmət, yaxınlarına səbr diləyir, terroru və arxasında duranları lənətləyirik deyib. Azərbaycanın erməni terrorundan çox əziyyət çəkdiyini xüsusi vurğulayan millət vəkili Qənirə Paşayeva terrorla mübarizədə Azərbaycanın hər zaman qardaş Türkiyənin yanında olduğunu deyib. Azərbaycanın sevinci sevincimiz, üzüntünüz üzüntümüzdür deyən bələdiyyə başqanı azərbaycanlı şəhidlərimizə Allahdan rəhmət diləyirik və Azərbaycan torpaqlarının işğaldan azad edilməsində hər zaman qardaş Azərbaycanın yanındayıq deyib. Azərbaycanı çox sevdiyini deyən Meram bələdiyyə başqanı ilə Azərbaycan-Türkiyə münasibətlərinin daha da inkişafı istiqamətində, özəlliklə gənc nəsillərimizə ortaq tarix, mədəniyyətimizin öyrədilməsinin vacibliyi ilə bağlı da geniş müzakirələr aparılıb. Meram bələdiyyə başqanı Türkiyənin və Azərbaycanın bir millət iki dövlət olduğunu vurğulayaraq bələdiyyəyə rəhbərliyi dövründə Azərbaycanla bütün istiqamətlərdə əməkdaşlığın inkişafına xüsusi önəm və diqqət edəcəyini deyib. İki qardaş ölkə Azərbaycan ilə Türkiyə arasında əlaqələrin daha da inkişaf etməsindən məmnunluğunu ifadə edən millət vəkili Qənirə Paşayeva Azərbaycan bölgələri ilə Meram arasında da bu əlaqələrin getdikcə daha genişlənməsinin vacibliyini qeyd edib. Millət vəkili Q.Paşayevanın Meramda Azərbaycanla bağlı tədbirlərini keçirilməsi təklifini də bələdiyyə başqanı dəstəkləyib. Q.Paşayeva bələdiyyə başqanını Azərbaycana dəvət edib. Azərbaycanı çox sevdiyini deyən bələdiyyə başqanı Fatma Toru Azərbaycana təkrar gəlməkdən məmnunluq duyacağını deyib. Millət vəkili Q.Paşayeva Meram bələdiyyə başqanına Azərbaycanla bağlı materiallar, özünün həmmüəllifi olduğu “Karabağ hikayeleri” kitabını və müəllifi olduğunu kitablarını hədiyyə edib. Millət vəkili Q. Paşayeva Konya bələdiyyə başqanı Uğur İbrahim Altay ilə də görüşüb, Azərbaycanla əməkdaşlığın artmasının vacibliyi ilə bağlı fikir mübadiləsi aparılıb. Millət vəkili həmçinin  bir sıra tanınmış QHT, qadın və gənclər təşkilatları ilə də görüşüb və Azərbaycanla əməkdaşlığın artmasının vacibliyi, Türk dünyası birliyi istiqamətində geniş fikir mübadiləsi olub.

TİA.AZ