Tribuna İnformasiya Agentliyi

Millət vəkili: Sosial şəbəkələr intihara gətirib çıxarır

08 İyun

Sosial şəbəkələr vasitəsilə övladlarımız müxtəlif dini radikal qruplara meyllənir, bəzən bilərəkdən və ya bilməyərəkdən şantaja, təhqirə, təhdidə məruz qalır, hər gün cinayətkarlığı təbliğ edən informasiya ilə rastlaşır, bəzən intihara və evdən qaçmaya təhrik olunur.

Oxu.Az xəbər verir ki, bunu millət vəkili Sona Əliyeva deyib.

Onun sözlərinə görə, günümüzün reallıqlarından biri də odur ki, televizor, kompüter və digər texnoloji avadanlıqlar uşaqlarımızın ilk tərbiyəçisidir:

“Valideynlərə və özümüzə sual verək, gün ərzində uşaqlarımıza nə qədər vaxt ayırırıq, dünya və virtual aləmdə necə vaxt keçirməsindən tam olaraq məlumatlıyıqmı?

Sirr deyil ki, sosial şəbəkələr vasitəsilə övladlarımız müxtəlif dini radikal qruplara meyllənir, bəzən bilərəkdən və ya biıməyərəkdən şantaja, təhqirə, təhdidə məruz qalır, hər gün cinayətkarlığı təbliğ edən informasiya ilə rastlaşır, bəzən intihara və evdən qaçmaya təhrik olunur, bura qorxu və həyəcan məzmunlu müxtəlif informasiyanı da daxil etsək, mənzərə tam olur.

Burda internetin və sosial şəbəkələrin pis və təhlükə dolu olduğu fikrini yaratmağa çalışmıram, lakin, təsəvvür etsək ki, övladlarımız bu sərhədsiz, demək olar ki, nəzarətsiz virtual dünyanın tam ortasındadırlar, bu məkanda baş verə biləcək mümkün təhlükə və hadisələr haqqında düşünməyə dəyər.

Reallıqda isə bununla bağlı bir çox hadisələrin də şahidi olmuşuq.

Yəqin ki, uşaqlarımızın virtual aləmdə təhlükəsizliyinin necə təmin olunmasını, baş verə biləcək xoşagəlməz hallardan necə qorunmasının mümkünlüyünü tamlığı ilə anlamırıq və bununla bağlı bir qeyri müəyyənlik hökm sürür.

Adətən, küçədə özümüz və uşaqlarımız yad adamlarla danışmır, bu cür münasibətlərdən ehtiyat edirik”.

Bu baxımdan millət vəkili hesab edir ki, “Uşaqların zərərli informasiyadan qorunması haqqında” qanun layihəsində bir sıra məsələlər yer almalıdır.

“İlk növbədə, qeyri-qanuni və qeyri-etik hərəkətlərə məruz qalmış yetkinlik yaşına çatmayanların şəxsiyyətini müəyyən olunmasına və ya açıqlanmasına bilavasitə imkan yaradan məlumatların: ad, soyad və atasının adının, ünvanının, fotoşəkil, video və səs yazılarının, təhsil aldığı və ya işlədiyi müəssisənin adının elektron və çap mediasında yayılmasının qadağan olunması bu layihədə nəzərdən keçirilməlidir.

İkincisi, milli mentalitetimizə və dəyərlərimizə zidd olan, insanlar arasında qeyri-ənənəvi münasibətləri təbliğ edən informasiyanın qadağan olunması da bu layihədə nəzərə alınsın.

Eyni zamanda, məqsədə müvafiq olarsa, qlobal internet şəbəkəsinin və texnologiyanın sürətli inkişafını nəzərə alaraq, uşaqların informasiya təhlükəsizliyinin təmin edilməsi ilə bağlı dövlət proqramı hazırlansın və reallaşdırılsın.

Bununla yanaşı, fikrimcə, ümumtəhsil məktəblərində valideyn və şagirdlər arasında uşaqların internet təhlükəsizliyi və zərərli informasiyadan qorunması ilə bağlı maarifləndirmənin aparılması ilə bağlı davamlı mexanizmlərin hazırlanması və həyata keçirilməsi təmin olunmalıdır”, -deyə S.Əliyeva sözlərinə əlavə edib.