Tribuna İnformasiya Agentliyi

Millət vəkili Q.Paşayeva bank sektorunda çalışan fəal qadınlarla görüşüb-FOTO,VİDEO

14 İyun

Bankir Qadınlar Klubunda  (“Women Bankers Club”) Bankir qadınların növbəti görüşü keçirilib. Bu dəfəki görüşün qonağı olan millət vəkili Q.Paşayeva  vətənpərvərlikdən, fəal qadının vətəni üçün hansı xidmətləri edə biləcəyindən və ümumilikdə qadının dövlətçilikdəki rolundan danışdı. O, qadınların cəmiyyətdə toxunmalı olduğu aktual mövzulardan, dəstəyə ehtiyacı olan sahələrdən danışdı: “Bankir Qadınlar Klubu da öz növbəsində də anlamalıdır ki, dövlətlə yanaşı vətəndaş cəmiyyətində ayrı – ayrı aktiv, mütərəqqi qruplar bu sahələrin inkişafında öz töhvələrini verməli, vətənpərvərlik borclarını yerinə yetirməlidirlər”, – Q.Paşayeva dedi. Şəxsi inkşafdan da danışan millət vəkili insanın daima öz üzərində işləməsi, işlədiyi sahədən asılı olmayaraq oraya özünün bütün potensialını həsr etməsinin vacibliyindən danışdı. Millət vəkili bildirib ki, hansı ölkələrdə qadınların dövlətin və cəmiyyətin idarə olunmasından başlayaraq həyatın bütün sahələrində kişilərlə bərabərliyinin təmin olunması istiqamətində ciddi işlər görülürsə, orada daha çox uğurlar var. Qadınlara qarşı ayrı-seçkiliyin olduğu, qadınlara qarşı zorakılığın geniş yayıldığı, gender bərabərliyinin təmin olunması istiqamətində fəal iş aparılmayan ölkə və cəmiyyətlər uğursuzluğa düçardır. Qadın haqlarının müdafiəsi, gender bərabərliyi, qızların təhsili, qadına qarşı zorakılıqla mübarizə istiqamətində uğurların əldə edilməsində dövlət siyasətinin önəmli yer tutmasının vacibliyini vurğulayan millət vəkili Qənirə Paşayeva Azərbaycanda bu istiqamətdə həyata keçirilən dövlət siyasəti, əldə edilən uğurlar və həllini gözləyən problemlər barədə ətraflı məlumatlar verib. O deyib ki, gender bərabərliyi, qadınların dövlətin və cəmiyyətin idarə olunmasında rolunun artırılması, qadınların cəmiyyətin bütün sahələrində, o cümlədən biznesdə də rolunun genişləndirilməsinə dəstək, qadınlara qarşı bütün növ zorakılıq hallarına qarşı kəskin mübarizənin aparılması Azərbaycan dövlətinin prioritetləri sırasındadır.  Qadınlara qarşı zorakılığın ən böyük insan haqları pozuntularından olduğunu deyən millət vəkili Qənirə Paşayeva “biz qadınların məişət zorakılığı da daxil olmaqla məruz qaldığı bütün növ zorakılıqlara qarşı mübarizəmizi daha da artırmalıyıq, hər gün ailəmizdən, ətrafımızdan başlayaraq bu cür mənfi hallara qarşı hər birimiz mübarizə aparmalıyıq”-, dedi. “Gender bərabərliyi məsələsinə diqqətimizi daha da artırmalıyıq. Ailələrdən, məktəblərdən uşaqları bu istiqamətdə maarifləndirməyə, öyrətməyə, tərbiyə etməyə başlamalıyıq. Dövlət qurumları, qeyri-hökumət təşkilatları, mətbuat və media bu sahəyə daha çox həssaslıqla yanaşmalı, daha ciddi mövqe tutmalı və böyük maarifləndirmə işlərinin aparılmasına geniş dəstək verməlidir. Bir sözlə, biz hamımız, hər birimiz öz gündəlik həyatımızda bu məsələyə ciddi önəm verməliyik,” -millət vəkili Qənirə Paşayeva belə deyib.    Toplumun və dünyanın inkişafı qadınların təhsilindən və inkişafından keçdiyini vurğulayan millət vəkili bildirib ki, zorakılığa məruz qalan qadınların əksəriyyətini təhsilsiz qadınlar təşkil edir: “Unutmamalıyıq ki, zorakılığa məruz qalan qadınlar arasında savadsız, təhsilsiz, heç bir peşənin sahibi olmayan, iqtisadi baxımdan özünü idarə edə bilməyənlər, öz hüquqlarını bilməyən qadınlar əksəriyyət təşkil edir, Savadlı cəmiyyət savadlı anadan keçir. Çox ciddi narahatlıq doğuran və təəssüf yaradan fakt ondan ibarətdir ki, getdikcə zorakılığın müxtəlif növlərindən əziyyət çəkən qadınların sayı artır. İnsan alveri qurbanlarının əksəriyyətini qadınlar təşkil edir. Bundan başqa bu gün geniş yayılmış qadınlara qarşı məişət zorakılığı ilə mübarizə sahəsində də fəaliyyətimizi daha da gücləndirməyə ciddi ehtiyac var”.  Sonda klubun fəaliyyətinə uğurlar arzu edən millət vəkili Q.Paşayeva klubun gələcək sosial tədbirlərini dəstəklədiyini və qarşılıqlı dəstəyin çox vacib olduğunu vurğuladı.  Görüşdə “Regional huquqi və iqtisadi maarifləndirmə”Ictimai Birliyinin sədri Arzu Bağırova da iştirak edib.

Maraqlı görüş üçün  Women Bankers Club millət vəkili Q.Paşayevaya dərin minnətdarlığını bildirdi. Millət vəkili bank sektorunda çalışan qadınları maraqlandıran sualları da cavablandırıb və onlara müəllifi olduğu kitabları imzalı hədiyyə edib.  Görüşdə ənənəvi olaraq, son görüşdən bugünə bank sahəsində baş vermiş yeniliklər və dəyişikliklər haqqında danışılıb, müxtəlif ideyalar da müzakirə olunub.