Metroda qiymət bahalaşacaq? – “5 qəpik bahalaşma belə sərnişin sayını azaldacaq ki…”backend

Metroda qiymət bahalaşacaq? – “5 qəpik bahalaşma belə sərnişin sayını azaldacaq ki…”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Paytaxt Bakıda əhalinin yarıdan çoxu ictimai nəqliyyatdan, daha çox isə metrodan istifadə edir.

Amma pandemiya dövründə Operativ Qərargahın qərarıyla aylarla bağlı qalan “Bakı Metropoliteni” QSC-nin 565 milyon manat ziyanla işlədiyi açıqlanıb.

Belə ki, “Bakı Metropoliteni” QSC 2020-ci ili 83,543 milyon manat zərərlə başa vurub. Bu haqda müəssisənin maliyyə hesabatında göstərilir. Ziyan 2019-cu illə müqayisədə 51,7% çoxdur.

Hesabata əsasən, Səhmdar Cəmiyyətinin yığılmış zərəri ötən il daha 17,35 faiz artıb və 565,24 milyon manata çatıb. Ötən il “Bakı Metropoliteni”nin sərnişindaşımadan gəlirləri 21,623 milyon manat (əvvəlki ilə nisbətən 68,6% az), dövlət büdcəsindən aldığı dotasiya 67,679 milyon manat (37% çox) olub.

Bakı Metropoliteninin ziyanla işləməsi barədə xəbərlərin mətbuatda tez-tez işıqlandırılması bu sahədə qiymət artımını gözləndildiyinə dair fikirlərin yaranmasına səbəb olur. Baxmayaraq ki, qurum bu təkliflə Tarif Şurasına müraciət etmədiyini bildirir, ancaq narahatlıq azalmır. Hətta bəzən hazıda 30 qəpik olan gediş haqqının 1 manata qədər yüksələ biləcəyinə dair iddialar da səsləndirilir.

Məsələ ilə bağlı Cebhe.info-ya açıqlamasında iqtisadçı ekspert Fuad İbrahimov bildirib ki, sonuncu dəfə Tarif Şurası 2018-ci ilin 30 iyulunda metroda gediş-gəlişin qiymətini artırıb:

“Həmin qərarla gediş haqqı 30 qəpik təşkil edib. Ümumiyyətlə, nəzərə almaq lazımdır ki, Bakı Metropoliteni digər dövlət müəssisələri ilə yanaşı, gəlir əldə edə bilən qurum olmasına baxmayaraq, dövlətin dotasiyasındadır. İl ərzində bu istiqamətdə kifayət qədər vəsait ayrılır. Hesab edirəm ki, ilk növbədə şəffaf audit aparılması, xərclərin və ziyanın müəyyənləşdirilməsi vacibdir. Nəzərə almaq lazımdır ki, son bir ildə, yəni pandemiya dövründə Metropoliten fəaliyyətini dayandırıb.Ancaq işçilərin maaşları, o cümlədən bəzi kommunikasiyaların fasiləsiz işi davam etdirilib. Magistral yollarda ümumi cərəyan kəsilsə belə, digər havalandırma, işıqlandırma sistemində fasiləsiz fəaliyyət olub. Bu isə öz növbəsində hər hansı gəlir olmadığı halda xərclərin sabit şəkildə qalmasına şərait yaradıb. Əslində son bir il ərzində ziyanla işləməyin müəyyənləşdirilməsi faktları var. Lakin ümumilikdə götürdükdə illər boyu Bakı Metropoliteni ziyanla işləyib”.

Ekspert bildirib ki, idarəetmədə şəffaflıq, sağlam auditdən sonra müəyyən edilə bilər ki, qiymətlərin artımı mümkündür, yoxsa yox:

“Ümumiyyətlə isə iqtisadi və sosial nöqtəyi- nəzərdən təhlillər onu göstərir ki, 5 və ya 10 qəpik qiymət artımı belə istifadəçilərin birbaşa xərclərinin artmasına gətirib çıxaracaq. Əgər bu diferensial qaydada baş verəcəksə, yəni digər ictimai nəqliyyat vasitələrində artım olmazsa, Bakı Metropolitenindən istifadənin azalmasına gətirib çıxara bilər. Bu da indiki vəziyyətdə məqsədəuyğun deyil”.