MƏŞHUR MƏMMƏDOV: “RUSİYADA BƏZİ ANTİ-AZƏRBAYCAN QRUPLAR İKİ ÖLKƏ ARASINDA MÜNASİBƏTLƏRİ KORLAMAĞA ÇALIŞIR”backend

MƏŞHUR MƏMMƏDOV: “RUSİYADA BƏZİ ANTİ-AZƏRBAYCAN QRUPLAR İKİ ÖLKƏ ARASINDA MÜNASİBƏTLƏRİ KORLAMAĞA ÇALIŞIR”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya siyasi elitasından Azərbaycana qarşı daha bir hədə səsləndirilib. Kremlin təbliğat ruporlarının ən parlaq “ulduzlarından” biri, Dövlət Dumasının Müdafiə Komitəsi sədrinin keçmiş müavini Aleksandr Şerin Azərbaycana ittihamlar səsləndirib. Onun sözlərinə görə, kimsə Rusiyanın güclü və zəif tərəflərini hiss etməyə çalışırsa, o zaman yaxşı işləyən “Kalibr” və “İskəndər”lər hiss edəcəklər.
Bundan qabaq isə Duma üzvü Mixail Delyagin Azərbaycan neft sənayesini bombalamağa çağırmışdı. Baş Prokurorluq ona cinayət işi açıb, İnterpola axtarışa verib. Belə görünür ki, son günlər Rusiyada bəzi dairələr Azərbaycan əleyhinə hücuma keçiblər.
Bu təhdidlərə münasibət bildirən deputat Məşhur Məmmədov TİA.Az-a açıqlamasında qeyd etdi ki, Rusiyada bəzi anti-Azərbaycan qruplar iki ölkə arasında münasibətləri korlamağa çalışır. Deputatın sözlərinə görə, Delyagin, Şerin kimilər Rusiya-Azərbaycan əlaqələrinə kölgə sala bilməz.
M.Məmmədov hesab edir ki, fevralın 22-də imzalanan Müttəfiqlik bəyannaməsi ilə Azərbaycan-Rusiya münasibətləri daha da yüksələn xətt üzrə inkişaf edib: “Ona görə bəzi rus siyasətçilərinin Rusiya dövlətinin mövqeyinə uyğun olmayan, ikitərəfli əlaqələrə zərbə vuran çıxışları yolverilməzdir. Bu cür təxribat xarakterli təhdidlər, açıqlamalar ilk növbədə Rusiyanın maraqlarına cavab vermir”.
Deputatın fikrincə, Aleksandr Şerin də Delyagin kimi üzr istəməlidir: “Bu şəxslərin provokativ çıxışları münasibətləri korlamağa hesablanıb. Azərbaycan Rusiya ilə əlaqələrdə səmimidir, dövlət başçıları arasında yüksək səviyyəli münasibətlər mövcuddur, bəzi Duma üzvləri isə hədyanları ilə əlaqələrə xələl gətirə bilməz”.

TİA.Az