MƏŞHUR MƏMMƏDOV: “İRANLA İMZALANAN MOMERANDUM NÖVBƏTİ DİPLOMATİK UĞURUMUZDUR”backend

MƏŞHUR MƏMMƏDOV: “İRANLA İMZALANAN MOMERANDUM NÖVBƏTİ DİPLOMATİK UĞURUMUZDUR”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“İranla imzalanan Memorandum Azərbaycan dövlətinin, onun prezidenti cənab İlham Əliyevin diplomatiyasının növbəti tarixi uğurudur və cənub qonşumuzla iqtisadi əlaqələrin, əməkdaşlığın inkişafında yeni bir eranın təməlinin qoyulmasıdır. Eyni zamanda, Ermənistanın özünü aciz vəziyyətə salması və Paşinyan hakimiyyətinin daxildəki təzyiqlərə məğlubiyyətinin göstəricisidir ki, regionda yaranmış yeni reallıq fonunda fürsətdən istifadə etməkdən məhrum oldu”.

Bu sözləri Tribuna.Az-a millət vəkili Məşhur Məmmədov Zəngilandan İrana keçməklə Naxçıvana quru yol açılması haqda razılaşmanı dəyərləndirərkən deyib. Deputat hesab edir ki, əvvəla bu, Qarabağdan, azad edilmiş ərazilərdən Naxçıvana yolun açılması baxımdan tarixi hadisədir, ikincisi, İranla münasibətlər möhkəmlənir, umu-küsülər keçmişdə qalır, üçüncüsü yeni iqtisadi dividentlər yaranır: “Aşqabadda keçirilən İqtisadi Əməkdaşlıq Təşkilatının konfransında Azərbaycan və İran prezidentləri arasında yüksək səviyyəli görüş, Türkmənistan qazının Avropaya nəqli barədə razılaşma bugünkü Memorandumun imzalanmasının təməlini qoydu. Ardınca bu sənəd tamamilə yerinə düşdü. Bu gün Azərbaycan regionun üç güclü dövləti ilə əlaqələri gücləndirir. Belə ki, qardaş Türkiyə ilə Şuşa bəyannaməsi, Rusiya ilə Moskvada Müttəfiqlik Bəyannaməsi, İranla Memorandum sənədi prezident İlham Əliyevin peşəkar diplomat olmasının, yüksək erudusiyasının nəticəsidir”.

M.Məmmədovun fikrincə, Zəngəzur dəhlizi məsələsində itirən yenə Ermənistan oldu: “Azərbaycan İrandan keçməklə Ordubada quru yol əldə etdi, Ermənistan isə yenə oyunlarının qurbanı oldu. İrəvan illərdir ki, bəhanə edirdi, Türkiyə və Azərbaycanın guya onu iqtisadi blokadaya saldığını bağırırdı, amma müharibədən sonra bölgədə yeni imkanlar meydana gəldi. Ankara və Bakı 3+3 platforması təklif etdi, təşəbbüslər irəli sürdü, kommunikasiyaların açılması razılaşdırıldı, Türkiyə və Azərbaycan Ermənistana barışıq əli uzatdı, amma Paşinyan iqtidarı bu şansı da əldən verdi. Bütün dünya şahid oldu ki, biz təşəbbüskarıq, regionda iqtisadi canlanma tərəfdarıyıq, Ermənistanı da bu platformada görürük, əməkdaşlığa hazırıq, amma yenə İrəvan istəmədi.

Dünya gördü ki, Ermənistan özü özünü izolyasiya edir, təcrid olur və bizim onlara yalvarmaq niyyətimiz yoxuydu, ona görə İranla Memorandum imzalandı və yenə uduzan Ermənistan oldu. Hətta bir müddət əvvəl Ermənistan arzulayırdı ki, İran-Azərbaycan münasibətləri korlansın, bundan yararlanıb Tehrana yarınsın, lakin Paşinyan hakimiyyətinin bu arzusu da gözündə qaldı”.

Deputat gec-tez Ermənistanın bu səhvini anlayıb düzəltməyə çalışacağını gözləyir: “Biz heç kəsin ərazisinə iddia etmirik, öz torpaqlarımızı işğaldan azad etmişik, indi də normal əməkdaşlıqda maraqlıyıq. Ermənistan bunu qəbul etməli, sərhədlər çəkilməli, böyük sülh müqaviləsi bağlanmalıdır”.