MƏŞHUR MƏMMƏDOV: BU PROSES XANKƏNDİYƏ QƏDƏR GEDƏCƏKbackend

MƏŞHUR MƏMMƏDOV: BU PROSES XANKƏNDİYƏ QƏDƏR GEDƏCƏK

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Laçın, Zabux və Sus kəndlərinə işğaldan sonra qanunsuz məskunlaşdırılan, Yaxın Şərqdən gətirilmiş ermənilər Azərbaycan vətəndaşı ola bilməzlər. Cənab Prezidentin də dediyi kimi, hara istəyirlər getsinlər, bizim torpaqdan çıxsınlar. Çünki onlar Livan, Suriya kimi ölkələrdən gətirilib, işğala qədər həmin ərazilərdə bir erməni də yaşamayıb”. Bu fikirləri TİA.Az-a millət vəkili Məşhur Məmmədov avqustun 25-dək ermənilərin Laçın şəhəri, Zabux və Sus kəndlərindən çıxarılması ilə bağlı deyib. Deputatın sözlərinə görə, Qarabağda yalnız cinayət törətməmiş, mülki azərbaycanlı əhalinin qətlində iştirak etməmiş, işğaldan əvvəl bu torpaqlarda yaşamış ermənilər vətəndaşımız ola bilər: “Onların sayı azdır. Separatçı rejim özü etiraf etdi ki, cəmi 16 min erməni qalıb. Əvvəl 27 min idi. Deməli, getdikcə köçürlər. Burada qarşıdakı illərdə az sayda erməni qalacaq ki, onlar da Azərbaycan vətəndaşlığını qəbul edəcəklər. Bu gün cənab Prezident diplomatiya meydanında iş aparır və biz Xankəndiyə bayraq sancana qədər prosesi davam etdirəcəyik”.
Məşhur Məmmədov hesab edir ki, “Qisas” əməliyyatı cəza tədbiri idi, rus sülhməramlıları bölgədə olarkən də biz səliqəli antiterror əməliyyatı həyata keçirə bildik və sübut etdik ki, bizə heç kim mane ola bilməz: “Cənab İlham Əliyev də dedi ki, bizi heç kim və heç nə dayandıra bilməz. Bu da erməni separatçılara dərs olsun və bir də başlarını qaldırmasınlar. Lakin yenə deyirəm, əsas hədəf silahlı erməniləri bölgədən tam çıxarmaq, tərki-silah etmək və bütün Qarabağda suverenliyi təmin etməkdir. Buna qədər siyasətimiz davam edəcək”. Deputatın fikrincə, gec-tez Ermənistan Zəngəzur dəhlizini də açmağa məcbur olacaq, sülh müqaviləsi də imzalanacaq.

TİA.Az