Məscidlər açılır, amma teatrlar yox? – ETİRAZbackend

Məscidlər açılır, amma teatrlar yox? – ETİRAZ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Karantin tədbirləri yumşaldılsa da, bir çox sahələrə, o cümlədən teatrlara məhdudiyyətlər hələ də qüvvədə saxlanıldı. 10 iyundan məscidlərin də açılmasına qərar verilib və çoxlarını bu sual düşündürür: məscidlərə 50-60 nəfərin ibadətinə icazə verilirsə, teatrlar niyə açılmamalıdır?

Məsələ Milli Məclisin son plenar iclasında da qaldırıldı. Millət vəkili Qənirə Paşayeva toyların keçirilməsi və teatrların fəaliyyətini bərpa etməsini vacib saydı və bununla bağlı Operativ Qərargaha çağırış etdi.

Kult.az mövzu ilə bağlı sənətçilərin fikirlərini öyrənib:

Xalq artisti Nurəddin Mehdixanlı:

“Bu məsələni Milli Məclisdə qaldırdığına görə millət vəkili Qənirə xanıma təşəkkürümü bildirirəm. Teatrların açılması heç də asan məsələ deyil. Təsəvvür edin, bizim repertuarımızda 30-35 tamaşa var, il yarımdır bu tamaşalar oynanılmır, məşqlər yoxdur. O tamaşaların bərpası yenidən yaranması deməkdir. İl yarımlıq fəaliyyətsizliyə görə aktyorların bir çoxu formadan düşüb, gündəlik oynadıqları tamaşaları yadırğayıb, yenidən məşq edib hazırlaşmalıdırlar. Düşünürəm ki, Azərbaycan teatrının 150 illiyinə biz ciddi şəkildə hazırlaşmalıyıq, həm də yeni tamaşalarla. Teatrımız yenidən dirçəlməlidir, aktyorlamız teatr məktəbini inşa etməlidirlər. Çünki teatr böyük mədəniyyətdir, bir xalqın mədəni səviyyəsinin göstəricisidir”.

Xalq artisti Naibə Allahverdiyeva:

“Yeatr məbəddir, musiqini, rəssamlığı, ədəbiyyatı, tarixi, heykəltəraşlığı özündə birləşdirir. Aktyorlar teatrsız yaşaya bilməzlər. Biz cox böyük ümidlə teatrın açılmasını gözləyirik”.

Əməkdar artist Şövqi Hüseynov:

“Tezliklə teatrlarımızın açılmasını gözləyirik. Düzdür, ay yarımdan sonra məzuniyyətdir, amma buna baxmayaraq, çox istərdik ki, məzuniyyətdən sevimli səhnəmizə qayıdaq. Tamaşalar oynamasaq da, repertuarda olan tamaşalarımızın bərpasıyla məşğul ola bilək ki, sentyabrda bir də onlara vaxtımız getməsin. Bu baxımdan mən teatrlarımızın açılmasıyla bağlı olan fikirləri dəstəkləyirəm. Təbii ki, sağlamlıq hər şeydən öndədir, amma tərtib olunmuş bütün qayda-qanunlara əməl olunmaq şərtilə, hesab edirəm ki, indiki vəziyyətdə bu artıq mümkündür. Canlı ünsiyyəti heç nə əvəz edə bilməz, ona görə də düşünürəm ki, aktyorlar və teatrsevərlər üçün uzun fasilənin çox ciddi fəsadları var. Bu fəsadları aradan qaldırmaqçün biz tezliklə səhnəyə qayıtmalıyıq, aktyor formamızı yenidən bərpa etməliyik. Ümid edirəm ki, mövsüm bağlanana kimi səhnəyə dönə, repertuarda olan tamaşalarımızı məşq edə biləcəyik”.