“Mərkəzi Bank qanunsuz fəaliyyət göstərir” – Prezidentin Sərəncamı niyə icra edilmir?backend

“Mərkəzi Bank qanunsuz fəaliyyət göstərir” – Prezidentin Sərəncamı niyə icra edilmir?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Mərkəzi Bank pul siyasətini həyata keçirməklə yanaşı maliyyə bazarlarına da nəzarət edir. Lakin sonuncu səlahiyyəti qanuna zidd olaraq həyata keçirir”.

“AzPolitika.info” xəbər verir ki, bu barədə bank sahəsi üzrə mütəxəssis, hüquqşünas Əkrəm Həsənov bildirib.

Onun sözlərinə görə, “Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında” Qanunun 1.3-cü maddəsinə əsasən Mərkəzi Bankın məqsədi, funksiya və səlahiyyətləri Konstitusiya və həmin Qanunla müəyyənləşdirilir.

Hüquqşünas əlavə edir ki, sözügedən Qanunda Mərkəzi Bankın maliyyə bazarlarına nəzarət orqanı olması haqda müddəa yoxdur: “Qanunun 6-cı maddəsinə görə isə konstitusiya və qanunlarla müəyyən edilmiş funksiya və səlahiyyətlərini həyata keçirərkən Mərkəzi Bank müstəqildir və bu zaman heç kəs onun fəaliyyətinə hər hansı bir səbəbdən bilavasitə, yaxud dolayı yolla məhdudiyyət qoya bilməz, qanuna zidd təsir və müdaxilə edə bilməz”

Ekspert xatırladır ki, Prezidentin 28 noyabr 2019-cu il tarixli 1616 saylı sərəncamı ilə Maliyyə Bazarlarına Nəzarət Palatası ləğv edilərək səlahiyyətləri Mərkəzi Banka verilib.

“Eyni zamanda sərəncama görə Mərkəzi Bank bir ay müddətində o cümlədən “Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında” və digər qanunlarda zəruri dəyişikliklərin edilməsi barədə təkliflərini hazırlayıb Prezidentə təqdim etməli idi. Yəni Mərkəzi Bankın maliyyə bazarlarına nəzarət orqanı kimi səlahiyyətləri qanunda öz əksini tapmalı idi. Lakin indiyədək bu edilməyib”, – mütəxəssis vurğulayıb.

Əkrəm Həsənov qeyd edir ki, Mərkəzi Bank 2,5 il ərzində bu formada, yəni qanunsuz olaraq maliyyə bazarlarına nəzarət səlahiyyətlərini həyata keçirir.

“O cümlədən lisenziyalar verir, bankları, digər kredit təşkilatlarını, sığorta şirkətlərini ləğv edir, qaydalar və normativlər qəbul edir və s. Bunların hamısı qanunsuzdur! Ümid edək, artıq 45 gün ərzində Mərkəzi Banka rəhbərlik edən Taleh Kazımov tezliklə bu kobud qanun pozuntusunun aradan qaldırılması üçün tədbir görəcək”, – hüquqşünas əlavə edib.