“Mənə protokol verildi, dedim imza atmayacağam” – Prezidentdən Aprel döyüşləri ilə bağlı YENİ AÇIQLAMAbackend

“Mənə protokol verildi, dedim imza atmayacağam” – Prezidentdən Aprel döyüşləri ilə bağlı YENİ AÇIQLAMA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Neçə dəfə təklif edilirdi ki, Azərbaycan güc tətbiq etməməklə bağlı öhdəlik götürsün öz üzərinə. Mən hər dəfə imtina edirdim, hər dəfə!”

TİA.AZ xəbər verir ki, bunu Prezident İlham Əliyev oktyabrın 4-də Cəbrayıl ictimaiyyətinin nümayəndələri ilə görüşündə deyib.

“Sonuncu dəfə Aprel döyüşlərindən sonra Vyana görüşündə belə təklif edilib.

O vaxt məğlubiyyətdən sonra Ermənistanı dəstəkləmək üçün Minsk qrupunun həmsədri olan Amerika Birləşmiş Ştatları Vyanada tələm-tələsik bu görüşü təşkil etmişdi. Mən o görüşə gələndə artıq orada Minsk qrupunun xarici işlər nazirləri əyləşmişdilər və mənə bir protokol, yəni, bir bəyanat mətnini verdilər. Mən elə orada dedim ki, əgər bunu siz hazırlamısınızsa, bunu bir gün əvvəl, iki gün əvvəl verəydiniz. Niyə məni fakt qarşısında qoyursunuz? Mən başladım orada oxumağa. Gördüm ki, burada bizə sərf etməyən müddəalar var, o cümlədən güc tətbiq etməməklə. Mən imtina etdim. Dedim ki, mən buna imza atmayacağam. Dedilər necə? Dedim belə. Siz özünüz nə istəyirsiniz qəbul edin, mən buna imza atmayacağam.

Bəzi xarici ölkələrin nümayəndələri deyirdilər ki, siz gərək reallıqla hesablaşasınız, siz müharibəni uduzmusunuz, yeni müharibəni heç kim qoymayacaq, biz qoymayacağıq, qonşu ölkələr qoymayacaqlar. Bizi hədələyirdilər. Hədələyirdilər ki, müharibə başlasa, biz yenə torpaq itirəcəyik.

Mən demişdim ki, heç vaxt əməkdaşlıq etməyəcəyik, mən demişdim ki, nəyin bahasına olursa-olsun Ermənistanı iqtisadi cəhətdən çökdürəcəyik.

Bütün neft-qaz kəmərləri, nəqliyyat xətləri, dəmir yolu – hamısı Ermənistandan yan keçdi. Yəni, nəhayət Ermənistanı çökdürdük. İqtisadi cəhətdən artıq bizimlə rəqabət apara bilmədi, hərbi cəhətdən apara bilmədi, müftə alsa da, yenə də o istədiyi silahları ala bilmədi.Mən deyirdim ki, bizim hədəfimiz nəyin bahasına olursa-olsun, torpaqların azad edilməsidir və biz ölüm savaşına çıxdıq, bunu hər kəs bilir. Çünki kim deyə bilərdi ki, hansı ölkə necə hərəkət edəcək. Mən bu qarantiyanı verə bilməzdim. Biz faktiki olaraq ölüm-dirim savaşına çıxmışdıq, yəni, ya ölüm, ya olum, vəssalam, qurtardı. Daha səbrimiz tükənmişdi”, – deyə dövlət başçısı bildirib.