Tribuna İnformasiya Agentliyi

Mən Mövludu 16-cı mərtəbədən izlədim

18 Mart

İntihaaar!!! İntihaar!! İntihar! 

İntihaaar!!! İntihaar!! İntihar!


Günlərlə, aylarla, illərlə səhər yerimizdən acqarına qalxıb boş mədəmizi, axşamdan dincəlmiş beynimizi, hətta ruhumuzu bu sözlə qidalandırdıq. Hər gün yediyimiz qidalar kimi intihar da süfrəmizin vazkeçilməz, eyni zamanda adiləşən yeməyinə çevirildi. 

Elə getdikcə bu sözlərin bizi həyacanlandırması da ilk yazdığım intihar ifadələri kimi oldu. Bir növ intihar dəb halını aldı və hər kəs bu dəbin bütün parçalarına incəliyinə kimi sahibləndi. İntihar o qədər adiləşdi, adiləşdirildi ki, bir çoxumuz bu dəbdən geri qalmamaq, onunla ayaqlaşmaq məqsədilə onun sahibləndiyimiz detallarından istifadə etmək üçün əsaslar axtarmağa, onu sınaqdan çıxarmağa başladıq (əslində heç bir əsası olmayan əsaslar).

Ta ki, bir neçə intihar hadisəsi baş verənə kimi. Son olaraq Dəyanət Rzayevin və ələlxüsus da Mövludun intiharında beynimiz “danq” elədi. Sanki özümüzü gözləmədiyimiz anda rinqdə sifətimizə güclü bir yumruq zərbəsi almış kimi hiss etdik. “Nə baş verir, niyə baş verir?” deyə başladıq suallara. Sualları düzgün qoysaq da əksər vaxt və əksəriyyətimiz cavablara yanlış yoldan getməyə çalışdı. Müzakirə etdiyimiz adamın cəsədi soyuyanadək suallar ətrafında baş sındırdıq. Sonra hər şeyi unutduq… 

Yenə də intiharlaq danışdı…

Əksəriyyətimiz intihar hallarında həqiqəti bilmədən, həqiqətin gözünə dik baxmadan sağı, solu günahlandırdı. O dəqiqə baiskarı tapıb cəzasını kəsməyi də unutmadı. Amma heç kim intiharlarda öz günahını, öz məsuliyyətini görmədi, görə bilmədi, görmək istəmədi. Məgər Mövlud intihar edəndə biz də ona qıymadıqmı? O, intihar yolçuluğuna çıxanda biz də onunla bərabər olmadıqmı? Amma biz, Mövludun yaxınları, dostları o, 17-ci mərtəbəyə qalxanadək mərtəbələrin sayı çoxaldıqca, bizim sayımız azaldı, onu bir-bir tərk etdik. Geridə qoyduğu hər mərtəbədə onun bir dostu, bir yaxını qaldı. Və Mövlud 17-ci mərtəbəyə qalxanda yanında heç kimi görmədi, yalnızlaşdı. Tək qalan Mövlud özünə yeni dost üçün -1-i seçdi… 

Bizsə onun intiharını16-cı mərtəbədən seyr etdik.

Bir çox intiharlar məhz belə baş verir: sən intihara yaxınlaşdıqca, dostların, yaxınların səninlə birgə yürüməkdən bezər, əldən düşər və bir-bir səni tək qoyaraq geridə qalan mərtəbələrə səpələnərlər. Sənə isə tənha olduğun yerdə sadəcə intihar yar olar…

Baxın, bu gün ətrafımızda nə qədər mövludlar, intihara can atmaq istəyən insanlar var. Onların problemi, dərdi-səri, zor dözüləcək sınağı yoxmu? Biz onlara sahib çıxa bilirikmi? Buna əminliklə xeyir cavabı verərdim. Çünki biz hansısa yaxınımızın, iş yoldaşımızın, dostumuzun sifətindən zəhrimar yağanda, fikirli, qayğılı görünəndə, əsəbi davrananda, anormal hərəkətləri ilə diqqətimizi çəkəndə, bir gün bizi xoş dindirəndə, bir gün isə salam verməyəndə o dəqiqə onu tək buraxırıq. Hətta bu azmış kimi ona bir damğa vurur, ən yumuşaq halda “bu, lap axmaq imiş” deyib düşməni ilə yalnız döyüşə çıxarırıq. Halbuki, biz məncilliyi bir kənara buraxsaq, insani dəyərlərlə yanaşıb həmin adamlarla xəyalən yerimizi dəyişə bilsək, ətrafımıza diqqət göstərsək, inanın ki, intihar şeytanlarına heç məğlub olmarıq. Sadəcə bir şey edək: ətrafımıza, yaxınlarımıza sahib çıxmaq, onları dinləməyi bacarmaq, onlara diqət göstərmək.

Biz nə zaman əhatəmizdə olanlara diqqət göstərib, onları axıra qədər dinləyib, dərdlərinə məlhəm çəkdik, onlarla sonuncu mərtəbəyədək yürüdük ki, onlar intihar etdi???

Kaş ki, biz bir daha kaş ki, deməmək üçün kaş kilərdən nəticə çıxarardıq…