“Mən 190 manatı da ala bilmədim…” -ŞİKAYƏTbackend

“Mən 190 manatı da ala bilmədim…” -ŞİKAYƏT

Göyçayın Mırtı kəndində yaşayan Məryəm Aslanova böyük bir ailənin yükünü tək çəkməli olur. Dia.az xəbər verir ki, altı il əvvəl həyat yoldaşını itirmiş qadın üç övlad böyüdür, üstəlik, 87 yaşlı qayınatasının da qayğısına qalmalıdır. Söhbətin ilk dəqiqələrindən hiss olunur ki, Məryəm Aslanova sıxıntılardan çox danışmaq istəmir. Hər şeyin öhdəsindən gəlməyə çalışdığını deyir. Amma üzərinə düşən məsuliyyət də böyükdür: “Böyük oğlum məktəbi bitirdi. Oxumasını istərdim. Müəllim yanına göndərirəm. Evə gələn 240 manatın 200 manatını müəllimlərə veririk. O 240 manat da uşaqlara ailə başçının itirilməsinə görə verilir. Hərəsinə 80 manat. Uşaqların 8 yaşına qədər mənə də onlara baxdığıma görə pul verirdilər. Amma ən kiçik uşağın – qızımın 8 yaşı tamam olandan sonra kəsdilər”.

Məryəm xanımdan başqa qayınatasına baxacaq adam yoxdur. Qadın yaşlı adamı idarə etməyin də ayrıca məsuliyyət istədiyini deyir: “Qayınanam rəhmətə gedəndən o kişiyə mən baxıram. Arvadın bir növ oğlunun ölümünə ürəyi dözmədi. Həyat yoldaşımın ilində canını tapşırdı”.

Həyat yükü qadının çiyinlərindən basır. Amma o, əlindən gələni edir ki, uşaqları acından ölməsin: “Çalışıram ki, qonşunun üstünə çörəyə getməyim”.

Məryəm Aslanova danışır ki, həyat yoldaşının sağlığında da çətinliklə dolanırdılar: “Heç bir yerdə işləmirdi. Təsərrüfatla məşğul olurduq. Amma onun ölümündən sonra vəziyyətimiz lap pisləşdi. Bütün yük mənim üzərimdə qaldı. İndi evin həm kişisiyəm, həm də qadını”.

Məryəm xanım həyat yoldaşını itirəndə uşaqlar çox kiçikmiş. Qızının heç üç yaşı tamam olmayıbmış. 41 yaşlı qadın indiyə qədər çox əziyyət çəkdiyini deyir: “Elə vaxtlar olub ki, uşaqlara məktəbə getmək üçün dayıları paltar, çanta alıb. Uşaqdılar, könüllərindən nəsə keçir. Məsələn, deyirlər ki, təzə televizorlardan istəyirik. Mənim gücüm çatmır amma. Qardaşım, qardaşımın uşaqları gəlib xəbər bilirlər bizdən. Amma maddi yükü tək çəkirəm”.

Qadın deməyə utanır, amma köməyə çox ehtiyac olduğu göz önündədir: “O qədər arzularım var ki…”

Məryəm xanım danışır ki, illər əvvəl evə əl gəzdirmək istəyiblər. Amma ardıcıl itkilər hər şeyi yarımçıq qoyub. Daha şəraiti yaxşılaşdırmaq da olmur: “Köhnə evdir. Çox şeyin təzələnməsinə ehtiyac var. Adi darvazamız da yoxdur”.

Məryəm xanım deyir ki, pandemiya günlərində kənddə xeyli adama ərzaq paylanıb. Alanlar arasında qohumu da var. Təəssüf ki, onun ailəsi diqqətdən kənarda qalıb: “Bir dəfə Ramazan bayramında ərzaq yardımı gəlmişdi. Amma kömək eləyən adının bilinməsini istəməmişdi”.

Mırtı kənd sakini sosial yardım üçün də müraciət edib. Müsbət cavab almayıb: “Vermək istəmirlər. Mən 190 manatı da ala bilmədim. Uşaqlara görə pul verilməsi bəhanə göstərildi”.

İndi Məryəm xanım sözün bütün mənalarında sabahı düşünür. Bu gün bağdan bir az alça yığıb, sabah bazara satmağa aparacaq…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki