Məmurun şirkəti dövlət agentliyinə video çəkəcək – 279 minlik tender (FOTO)backend

Məmurun şirkəti dövlət agentliyinə video çəkəcək – 279 minlik tender (FOTO)

KOBİA-ya (Kiçik və Orta Biznesin İnkişafı Agentliyi) sahibkarlara dəstək göstərməsi, maarifləndirici tədbirlər keçirməsi üçün hər il dövlət büdcəsindən külli-miqdarda vəsaitlər ayrılır.

İqtisadiyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən KOBİA müstəqil olaraq dövlət satınalmaları həyata keçirən qurumlardandır.

Agentlik il ərzində müxtəlif sahələr üzrə xeyli sayda satınalmalar həyata keçirir.

Qeyd edək ki, Azərbaycanda keçirilən dövlət satınalmalarının böyük əksəriyyətinin formal, bəzən səmərəsiz xidmətlər üzrə keçirildiyi, əksər hallarda isə qalib olan təşkilatların arxasında hansısa vəzifəli şəxslərin dayandığı barədə mətbuatda faktlara əsaslanmış kifayət qədər araşdırma yazılar dərc edilib.

Qlobal.az KOBİA-nın 2020-ci ilin may ayının 8-də yekun vurduğu tender üzərində araşdırma aparıb.

Öncə onu vurğulayaq ki, “Agentliyin Kiçik və orta biznesin tədris və konsaltinq platforması üçün təlim videolarının hazırlanması xidməti” üzrə sifarişçi olduğu satınalmanın məbləği 279.666 manat, tenderin qalibi isə “Universitas-İnternational” Məhdud Məsuliyyətli Cəmiyyəti olub.

“Universitas-İnternational” hansı məmura aiddir?

“Universitas-İnternational” Məhdud Məsuliyyətli Cəmiyyəti dövlət reyestrində 2017-ci ilin may ayının 18-də qeydiyyata alınıb.

On manat nizamnamə kapitalı olan şirkətin hüquqi ünvanı Nərimanov rayonu, Koroğlu Rəhimov küçəsi ev 13A ünvanı, qanuni təmsilçisi isə Paşayev Araz Nadir oğludur.

Mediada yazılanlara görə “Universitas-İnternational” Məhdud Məsuliyyətli Cəmiyyətinin arxasında Rüfət Mahmud adlı məmur dayanır. (https://arqument.az/az/akia-nn-daha-bir-tender-memmas/)

Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Beynəlxalq əlaqələr və informasiya texnologiyaları şöbəsinin müdiri vəzifəsində çalışan Rüfət Mahmudun eyni zamanda “Maarifçi Tələbə Kredit” Fondunun İcraçı direktoru olduğu deyilir.

Rüfət Mahmud

Dünyada koronavirus pandemiyasının tüğyan etdiyi, iqtisadi tənəzzülün dərinləşdiyi bir zamanda KOBİA-nın dövlət büdcəsindən 279 min manat xərcləyərək təlim videoları çəkdirməyin ölkə iqtisadiyyatına nə kimi real təsiri olacağı barədə Agentlikdən münasibət öyrənməyə çalışılsa da, qurumdan heç bir münasibət bildirilməyib.

Yazıda adları çəkilən qurum və ya şəxslər mövqe bildirə bilər.

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki