backend

Məmur-oliqarxlar həbsxanaya gedir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycanda yolu həbsxanadan keçən məşhurların, məmurların sayı az olmayıb.  Azərbaycanda yolu həbsxanadan keçən məşhurların, məmurların sayı az olmayıb. 

Bu gün də məhkəmələrdə çox ciddi ittihamlarla üz-üzə qalan məmurlar var və onlar üçün yolun sonu artıq görünür – uzun müddətli həbsə göndəriləcəklər. Kimsənin həbsə göndərilməsi, azadlıqdan məhrum olunması normalda arzuolunan deyil. Bu məsələdə azadlıqda olanlarla qara dustaqların baxışı üst-üstə düşmür. Bunun da özəl səbəbi var.

Beynəlxalq Bankın keçmiş sədri Cahangir Hacıyev, Milli Təhlükəsizlik Nazirliyinin generalları, “Rabitə işi” üzrə həbs olunan vəzifə daşıyıcıları və ətrafları yaxın aylar ərzində Azərbaycan həbsxanalarına, cəzaçəkmə müəssisələrinə göndəriləcəklər. Həbs olunanlar dollar zənginləridir. İttihamlara inansaq, elə həbs edilənlərdən bəzilərinin ifadələrinə istinad etsək, üst-üstə milyard dollara yaxın vəsait mənimsəmiş, talamış qrupların üzvləri olmasını söyləyə bilərik.

Məsələn, sabiq iqtisadi inkişaf naziri, 2005-ci ildə həbs olunaraq 10 il müddətinə azadlıqdan məhrum edilən Fərhad Əliyev saxlandığı cəzaçəkmə müəssisəsində məscid tikdirmişdi. Müəssisədəki dustaqların sosial və sağlıq durumları ilə bağlı, gündəlik normal qidalanmaları ilə bağlı problemləri həll etmişdi.

Bu baxımdan, zənginlərin həbsə göndərilməsi xəbərləri sıravi dustaqların maraqlarına daha çox uyğun olur.

Vaxtilə həbsxana həyatı yaşamış ADP sədri Sərdar Cəlaloğlu deyir ki, varlı məmurun həbsi imkansız dustaqların həyatında yaxşılığa doğru dönüş yaradır.

“Məsələnin bu tərəfi də var ki, həbs olunan məmur xəsis olanda pul xərcləmir. Humanist insan deyilsə, onun imkansız dustağa əl tutması da mümkün deyil. Məsələn, biz özümüz həbsdə olanda kameraları öz vəsaitimizlə təmir etdirmişdik. Kanalizasiya problemini, su, duş məsələlərini həll etdik. Vəkil Qurban Məmmədov Xələcdə həbsdə olanda orada məscid tikdirib, tibb məntəqəsini təmir elətdirib. Qobustan Qapalı Həbsxanasında da müəyyən tikinti işlərini gördürüb. Belə hallar olub, var və olacaq” -deyə Sərdar Cəlaloğlu bildirib.

Penitensiar Xidmətin sabiq rəisi Məmməd Zeynalov deyir ki, varlı məmurların həbsi imkansız dustaqlar üçün toy-bayrama çevrilir: “Varlı, vaxtilə vəzifədə çalışmış şəxs həbsxanaya düşdüsə, başlayır özü üçün şərait yaratmağa. Orada sosial problemləri həll etməyə, özü ilə bərabər digər dustaqların da vəziyyətini yaxşılaşdırmağa. Amma belələri də var ki, xəsisliklərindən orada da qalmırlar. Ancaq özlərini düşünürlər. Ümumilikdə onlara münasibət pis olur, özlərini biabır edirlər”.

M.Zeynalovun sözlərinə görə, həbsxana şərtləri belə varlı-karlı arestantları əliaçıq olmağa məcbur edir: “Ora düşənlər anlayırlar ki, yaxın illərdə həmin divarlar onlara doğma olacaq. Ona görə də illərlə yığdıqlarının bir qismini xərcləyib özlərinə şərait qururlar. Tutaq ki, bir kameraya varlı-karlı bir məmur düşübsə, orada olan imkansız dustaqlar sevinirlər. 8-10 nəfərlik kamera həmin varlı məmur-arestantın hesabına kef edir, ətrafdakılar da yaxşı yaşayırlar. Belə deyək ki, qara dustaq da yaxşı yaşayır, dolanır. Sevinirlər ki, çıxarlarımızı verən gəldi”.