Tribuna İnformasiya Agentliyi

Məleykə Abbaszadə yenilikləri açıqladı

14 Dekabr

2016-2017-ci tədris ilində ümumi orta təhsil səviyyəsi (IX sinif) təhsil alanların biliyinin yekun qiymətləndirilməsi (attestasiya) fənn kurikulumlarının tətbiqi ilə bağlı bütün yeniliklər nəzərə alınaraq yen qaydalar əsasında həyata keçiriləcək. 

 

2016-2017-ci tədris ilində ümumi orta təhsil səviyyəsi (IX sinif) təhsil alanların biliyinin yekun qiymətləndirilməsi (attestasiya) fənn kurikulumlarının tətbiqi ilə bağlı bütün yeniliklər nəzərə alınaraq yen qaydalar əsasında həyata keçiriləcək.

 

TİA.AZ  AzVision.az -a istinadən xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə deyib. Onun sözlərinə görə, qəbul olunmuş qaydalara əsasən 9-cu sinifdə buraxılış imtahanı iki mərhələdə keçiriləcək.

“Birinci mərhələdə şagirdlərə Azərbaycan dili (rus dili) fənnindən oxuyub-anlama və yazı bacarıqlarını yoxlamaq məqsədilə 10 açıq tipli (cavab variantları verilməyən, doğru cavabın müəyyənləşdirib yazı ilə ifadə olunması tələb edilən test tapşırığı), 10 qapalı tipli (cavab variantlarından doğru cavabın müəyyənləşdirib qeyd edilməsi tələb olunan test tapşırığı), riyaziyyat fənnindən riyazi bacarıqları yoxlamaq məqsədilə 10 açıq tipli, ümumilikdə 30 test tapşırığı təqdim ediləcək. Bundan əlavə, şagirdlər birinci mərhələdə təqdim edilmiş mövzulardan birini seçməklə könüllülük əsasında inşa (esse) yazacaqlar. Ümumi orta təhsil haqqında fərqlənmə sənədini almaq üçün inşanın qiyməti nəzərə alınacaq.

İkinci mərhələdə digər məzmun standartları üzrə bilik və bacarıqları yoxlamaq məqsədilə hər bir fənn üzrə 30, ümumilikdə 60 qapalı tipli test tapşırığı təqdim ediləcək”.

M.Abbaszadə xatırladıb ki, 2012-ci ildə 9 və 11-ci siniflərin buraxılış imtahanların keçirilməsi TQDK-a tapşırılmışdı: “Həmin vəzifə Dövlət İmtahan Mərkəzinin Nizamnaməsində təsdiq olunub və yekun attestasiya-buraxılış imtahanları aparılacaq. 2012-ci ilə əlaqədar aparılan imtahanlar legitim deyildi, ona görə də Nazirlər Kabineti tərəfindən müvəqqəti qaydalar yaranmışdı və bu günə qədər onunla işləyirdik. Lakin hazırda qəbul olunan yeni qaydalara əsasən 9-cu sinif buraxılış imtahanlarında dəyişiklik olacaq. 9-cu siniflər üçün buraxılış imtahanlarının birinci mərhələsi mart ayında, ikinci mərhələsi isə təhsil ili bitəndən sonra iyun ayında keçiriləcək. İki imtahanın nəticələri toplanıb şagirdlərin yekun qiyməti yazılacaq. Birinci mərhələdə mənfi qiymət alanin ikinci mərhələyə buraxılmaması qaydası yoxdur”.
DİM rəhbəri qeyd edib ki, 11-ci sinfin buraxılış imtahanları keçən ilki modellə aparılacaq. “11-ci siniflər üçün buraxılış imtahanlarında qaydalar dəyişməyəcək. Amma iki ildən sonra bu gün təsdiq olunan qaydalar dəyişəcək. İki il ərzində monitorinq imtahanlarını keçərəcəyik, elmi araşdırmalarımızı davam etdirəcəyik. 11-ci sinif buraxılış imtahanların nəticələri ilə məzunlar orta ixtisas təhsil müəssisələrinə və 5-ci qrupun qabiliyyət imtahanı tələb edən sahələrinə sənəd verə bilərlər. Gələn ildən başalayaraq 9-cu sinif buraxılış imtahanın nəticələri ilə şagirdlər orta ixtisas məktəblərinə sənəd verə biləcəklər. Bu yeni normativ sənəddir”.

M.Abbaszadə qeyd edib ki, bu ildən ilk dəfə olaraq Azərbaycanda IX sinif şagirdləri üçün sınaq imtahanları təşkil olunacaq. “Şagirdlər imtahan.az saytında qeydiyyatdan keçərək sınaq imtahanlarında iştirak edə bilərlər. Artıq IX sinif buraxılış imtahanlarının I mərhələsinə dair sınaq imtahanlarına yazılış-qeydiyyat başlanılıb.