Məktublarımın bircəciyi Prezidentə təqdim edilsə… – Aktyor fəryad etdibackend

Məktublarımın bircəciyi Prezidentə təqdim edilsə… – Aktyor fəryad etdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Akademik Milli Dram Teatrının aktyoru Elçin Əfəndi iki aydır ki, küçələrdə yaşayır. İki aydır uşağını, ailəsini, hətta xəstə anasını görə bilməyən aktyorun intihar etmək istədiyini eşitdik. Azərbaycanın ən aparıcı teatrının aktyorunu intihara aparan səbəblər nədir?

Qaynarinfo səfil həyatı sürməyə məcbur olan aktyorla müsahibəni təqdim edir.
– Nə baş verir, Elçin?
– Əvvələr haqq-ədalət vardı. İndi insanlar dəyişib. İnsanların qarşısında gilə-gilə yaş axıdırsan, deyirsən ki, mənə kömək edin. Bilirsən ki, bu insan sənin problemini həll edə bilər. Bu dünyadan heç kim heç nə aparmır. İki aydır ailəmi aparıb rayona qoymuşam, övladımın üzünü görə bilmirəm. Prezidentə 187, Mehriban xanım Əliyevaya isə 60 məktub yazmışam. Mədəniyyət naziri Anar Kərimova da müraciət etmişəm. Bir nəfər belə mənə xəbər göndərməyib ki, ay insan sən ölürsən, yoxsa qalırsan. Aktyorsan, sənət adamısan. Hər şeydən əlavə mən insanam, ah-nalə çəkirəm. Bunun bircə yolu var, o da intihar. İki ay kirayədə qaldım, mənzilin pulunu çatdıra bilmədim. Üstəlik kommunal pulu da var. İkisi birgə 340 manat edirdi. Qala bilmədim, bu üzdən də evi tərk etdim. 610 manat əmək haqqı alıram. Mən 30 manatla ailəmi, körpə uşağımı necə saxlayım? Üstəlik xəstə anam var. Eşidirsiniz məni, ay əlaqədar təşkilatlar, mən intihar etsəm günahkar sizsiniz. Bu gün mən fəryad edirəm. Ölümümü gözə almışam. İstəyirsiniz oğurluq edim? Sonra desinlər ki, Akademik Teatrın aktyoru Elçin Əfəndi oğurluq edib. Sonra gəl cəmiyyəti başa sal ki, mən bunu ehtiyacdan etmişəm. Elçin ağac, dəmir də yeyər, amma uşaq var. Bəs bu uşaq nə yesin? Mənə kömək etsəniz, nə olar? İntihar edəndən sonra söz-söhbət edənlərin sayı çox olacaq. Bir qardaşım var, xüsusi təyinatlı hərbiçi qazidir, Qarabağ müharibəsində yaralanıb gəlib. Onun da ailəsi var. Bir müddət onun evində yaşadım. Müharibədə müəyyən travmalar alıb, özündə deyil, ona da sərbəstlik lazımdır. Onunla bir yerdə qalmaq olmaz. 7 nəfərin bir yerdə qalması onun səhhətinə ziyandır. Üst-üstə yatırdıq. İndi hamımız pərən-pərən düşmüşük. Yoldaşım uşaqla bir tərəfdə, anam başqa bir evdə, mən də küçələrdə qalıram. Bunu Allah, götürər?

– Prezidentə yazdığınız məktublardan cavab almısınız?

– Mənim məktublarım kənara atılır. Bilirəm ki, göndərdiyim məktubların bircəciyi Prezidentə təqdim edilsə, mənimlə bağlı məsələ həllini tapar. Bilirəm ki, məktubların biri prezidentə çatmır. Cavanlar sənət haqqında düşünməli, fikirləşməlidir. Yoxsa dərd çəkməməlidir ki, mən kirayə haqqını necə verəcəm? Banka olan kreditimi necə ödəyəcəm? Axşam yeməyə çörək tapacam ya yox? Belə olmaz. Çıxıb intihar edəcəm. And olsun Allaha, intihar edəcəm, başqa yolum yoxdur. Kimin ayağına gedim, kimə nə deyim? Necə edim? Bilmirəm niyə insanlar bu qədər dəyişdilər. Əməkdar artist, Xalq artisti adını alanlara yaşamaq olar, bizə yox? Niyə? Belə çıxır ki, bunlar bizdən yaxşı yaşamalıdır, biz ölməliyik. Oturub ayı kimi dabanımızı sormalıyıq ki, bizə nə vaxtsa Əməkdar artist adı verərlər? 50 yaşım olaandan sonra kiminsə mənə nə verməyini neynirəm. Çox pis vəziyyətdəyəm, ümüdsizəm. Belə yaşamaq olar? Xəstəyəm, iki aydır çöldə-bayırda küçə həyatı yaşayıram. Küçələrdə səfil həyatı sürürəm. Ətrafımda olanlar da bunu bilir. Heç kəs məni qınamasın, artıq hər şeyi gözümə almışam. Bir gün eşidəcəklər ki, Elçin intihar edib. Oğurluq edəcəm. Öğurluq etsəm, kimsə məni qınamasın, vəziyyət başqa cürdür. Heç olmasa mənə bir otaqlı ev versinlər. Demirəm ki, mənə saray verin. Bircə otaq, ailəmi, xəstə anamı da yığım başıma, orada yaşayım. Hara gedim? Kimə zəng edim? İndi utanıram, Axı onlar məni belə tanımayıblar. Axı aktyoru niyə belə vəziyyətə salırsınız? Hansı ölkədə aktor belə yaşayır?

– Bəs, Akademik Milli Dram Teatrının direktoru Azər Paşa Nemətov nə deyir? Yəni, bu barədə onunla söhbətiniz olub?
– Bəli, elə dünən Azər müəllimlə görüşdüm. Dedim ki, sizin qapınıza gəlməkdən utanıram artıq, kişiyik, qururumuz var. Axı bizi niyə belə alçaldırlar? Deyir, səninlə bağlı təqdimat verdim, neynim, eləmədilər. Olmadı. Niyə olmadı? Neynəmişəm axı? Hələ Fərəh xanımın da yanına getdim, vəziyyətimi danışıdm. Fərəh xanım mənə deyir ki, “sənin titulun yoxdur”. Mənim titulum yoxdur deyə ölməliyəm? Gözləyim ki, bunlar mənə 70 yaşında fəxri ad verəcəklər? 70 yaşdan sonra mənim evim qəbirdir. Kimə lazımıdır o ev? Daşdan səs çıxır, onlardan səs gəlmir. Buraxmışam həyatın axarına. Son vaxtlar əsəbdən danışa da bilmirəm.

– Bəs, daha döyəsi qapın qalmayıb? Dostun, tanışın yoxdur ki, dar gündə sizə əl tutsun?
– Kimdir mənə Əməkdar artist adı verən? Mən dəvəsi ölmüş ərəbəm. Allahdan başqa kimsəm yoxdur. 16 ildir ki, bu teatrda ömrümü çürüdürəm. Həyatımı səhnəyə, teatra vermişəm. Əziyyət çəkmişəm. Kimdir məni sayan? Heç kəs məni saymır. Yetimin də Allahı var. Birinci mənə Allah kömək olsun. İkincisi də bu müsahibəni oxuyanın, içində bir vicdan sızıltısı olan insan deyər ki, çağırın bunu gəlsin, dərdini bilək. Axı bu aktyor niyə intihar etmək istəyir? Niyə bu belə danışır? Axı bu ölür. Son nəfəsində belə ölən insanı dinləyək. Artıq nə edim, necə edim? Yol göstərin edim. Sonda hamımız qara torpaq altında yatacağıq. Son günümüdür ölüm.