Məktəblərə istilik nə zaman veriləcək?backend

Məktəblərə istilik nə zaman veriləcək?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Azərbaycanda havalar kəskin soyuyub. Ölkədə istiliyin verilməsinə isə hələ iki həftə var. Bu da bəzi valideynlərin narazılığına səbəb olub. Onlar məktəblərdə sinif otaqlarının soyuq olmasından, bu səbəbdən övladlarının mütəmadi xəstələnməsindən və dərslərdən geri qalmasından şikayət edirlər. Valideynlər hesab edirlər ki, məktəblərə istiliyin verilməsi üçün noyabrın 15-ni gözləmək düzgün deyil.
“Azəristiliktəchizat” ASC-nin Abonent və Müştəri Xidmətlərinin rəisi Rafiq Əliyev məsələ ilə bağlı “Report”un sorğusunu cavablandırıb. O bildirib ki, məktəblərin istilik təhcizatı ilə bağlı məsələlər təmsil etdiyi qurum ilə Bakı Şəhər Təhsil İdarəsi (BŞTİ) arasında bağlanan müqavilə üzrə tənzimlənir: “Müqavilə üzrə istilik mövsümü 5 ay nəzərdə tutulub. Havaların kəskin soyuduğu, Bakı Şəhər Təhsil İdarəsi tərəfindən müraciət edildiyi, istilik haqlarının ödənilməsinə zəmanət verildiyi halda bu məsələyə baxıla bilər. Havanın hazırkı durumunda, orta sutkalıq temperatur 12 dərəcəyə yaxın olanda adətən istilik mövsümünün vaxtından əvvəl başlanması nəzərdə tutulmur. Yəni, kəskin soyuqlar olarsa, bu məsələyə baxıla bilər”.
R.Əliyev vurğulayıb ki, dağlıq rayonlarda artıq istilik mövsümünə start verilib: “Yaxşı olardı ki, mülkiyyətçilər binaların istilik izoliyasiyası ilə bağlı tədbirlər görsünlər. Dünyanın heç bir ölkəsində 12 dərəcə temperaturda istilik mövsümünə start verilmir. Ona görə bu məsələ hələ ki, müzakirə olunmur”.
BŞTİ-dən  cavab olaraq bildirib ki, ümumi təhsil müəssisələrinin istilik təminatı Nazirlər Kabinetinin müvafiq qərarına uyğun olaraq, hər il noyabrın 15-dən başlayır və aprelin 15-dək davam edir:
“Hər il payız-qış mövsümünə hazırlıq işlərinin görülməsi soyuq aylarda yarana biləcək çatışmazlıqların əvvəlcədən aşkarlanaraq aradan qaldırılmasına imkan yaradır. Belə ki, məktəblərin qışa hazırlığı ilə bağlı geniş monitorinq aparılıb və monitorinqin nəticəsinə uyğun olaraq problem olan məktəblərin siyahısı müəyyənləşdirilərək müvafiq tədbirlər görülüb. Payız-qış mövsümünə hazırlıq məqsədilə məktəblərin tüstü bacalarıda müvafiq qurumlarla birlikdə təmizlik işləri, həmçinin qapı və pəncərələrdə zəruri təmir işləri aparılıb. Bundan əlavə, təhlükəsizlik tədbirlərinin gücləndirilməsi məqsədilə məktəblərdə çalışan ocaqçılar mütəmadi olaraq təlimlərə cəlb olunur”.