Məktəblərdə istilik problemi varmı? – Nazirlik deyir ki…backend

Məktəblərdə istilik problemi varmı? – Nazirlik deyir ki…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Fevralın 1-dən etibarən məktəblərdə dərslərin qismən bərpasından sonra bəzi problemlər gündəmə gəldi. Uzun müddətdir bağlı olan bəzi məktəblərdə istilik problemi var. Əslində bu məsələ hələ məktəblər açılmadan həm valideynlərin, həm də Təhsil Nazirliyinin diqqətində idi, hətta bununla bağlı monitorinqlər də aparılmışdı. Monitorinqlər zamanı üzə çıxan əsas problemlərdən biri də məhz istilik təchizatı sahəsində idi. Problemin aradan qaldırılacağı açıqlanmışdı. Amma bəzi valideynlər məktəblərin, sinif otaqlarının soyuq olmasından şikayət etməyə başlayıblar.

Şikayətlərdən biri də Yasamal rayonu, İlqar İbrahimov adına 167 saylı tam orta məktəblə əlaqədardır. Lakin məktəbin direktoru Qasım Qasımov şikayətə dərhal reaksiya verərək bildirdi ki, məktəbdə istilik təchizatı normaldır, şagirdlər də bunu təsdiq edə bilər:

“Məktəbə gəlib, canlı şahidi ola bilərsiniz. Mərkəzləşdirilmiş istilik sistemi olsa da, istilik normal səviyyədə verilir. Məktəb-valideyn münasibətlərinin düzgün istiqamətdə qurulmasına xüsusi diqqət yetirilir. Ümidvaram ki, hər bir valideyn məktəbə gəlib, həm övladılarının təhsili ilə maraqlana, həm də məsələnin əsli ilə yerindəcə tanış ola bilər”.

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin mətbuat katibi Bəşarət Məmmədov “Press Klub”a açıqlamasında qeyd etdi ki, sözügedən məsələdən xəbərdardır:

“Məktəbin direktoru özü birbaşa məsələyə münasibət bildirib. Əgər valideynlərin həqiqətən istilik təchizatı ilə bağlı şikayətləri varsa, konkret olaraq məktəblərin adlarını qeyd etsinlər və biz həmin şikayətləri araşdıraq”.

Təhsil üzrə ekspert Elçin Əfəndi hələlik valideynlərdən ona bu tipli şikayətlər daxil olmadığını söylədi:

“Məktəblər istilik sistemi ilə tam təchiz olunmalı, istixanalar işləməlidir. Əgər valideynlər şikayət edirsə, deməli, hardasa çatışmayan məqamlar var. Bu barədə Təhsil Nazirliyi müvafiq ölçü götürməlidir. Eyni zamanda, hansı məktəblərdə sırf istilik təchizatı sahəsində problemlər varsa, bununla bağlı valideynlər deyil, Təhsil Nazirliyi “Azəristiliktəchizat” ASC-yə müraciət etməlidir. Yəni məsələni Təhsil Nazirliyi həll etməlidir. Əgər istilik təminatının olmamasına dair konkret hallar varsa, məsuliyyət birbaşa Azərbaycan Resublikası Təhsil Nazirliyinin üzərinə düşür. Təhsil Nazirliyi orta ümumtəhsil müəssisələrinin rəhbərlərinə birbaşa bildirməli idi ki, istilik təminatı tam hazır vəziyyətdə olsun. Əgər təminatla əlaqəli hər hansı sıxıntı varsa, buna məsul olan hər bir qurum barədə xüsusi ölçü götürülməlidir. Əsas nəzarət funksiyası təhsil müəssisələrinin rəhbərlərinin üzərindədir”.

Ekspertin sözlərinə görə, koronavirusun hələ davam etdiyi dövrdə məktəblərin istilik təminatı yerində deyilsə, o zaman uşaqların həm virusa yoluxması, həm də soyuqlaması ehtimalı artır:

“Valideyn bu zaman haqlıdır. Əgər belə problemi olan təhsil müəssisələri varsa, bu problem təcili aradan qaldırılmalıdır”.