Məktəblər açılıb, camaat yollarda qalıb – Abşeronun köhnə dərdibackend

Məktəblər açılıb, camaat yollarda qalıb – Abşeronun köhnə dərdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Bakıda məktəblərdə dərslərin bərpası insanları nəqliyyat problemi ilə üz-üzə qoyub. Səhər saatlarında paytaxtda yaranan sıxlıq məktəblərin açılmasından sonra bir qədər də artıb. Bu isə həm dərsə övladını aparan valideynləri, həmçinin də işə gedən insanları çətin durumda qoyub. Yaranmış vəziyyət şagirdlərin məktəbə, yuxarı yaşda insanların isə işə gecikməsinə səbəb olur.
Bakı sakini Elnurə Abuşova Sputnik Azərbaycan-a bildirib ki, Binəqədi rayonu Rəsulzadə qəsəbəsində yaşayırlar. Övladı isə Nəsimi rayonu  247 saylı məktəbdə təhsil alır. E.Abuşova bildirib ki, dərslər keçirildiyi günlərdə övladını məktəbə aparmaqda çətinlik çəkir. Onun sözlərinə görə, əvvəllər saat 8:00-a məktəbə çatmaq üçün evdən 07:40-da çıxırdılarsa, indi  07:10-da evdən çıxırlar ki, məktəbə gedib çatsınlar. E.Abuşova bildirir ki, özü də işə getməkdə çətinlik çəkir:

 

“Əvvəllər 40 dəqiqəyə işə çatırdım. Məktəblər açılandan bütün avtobuslar dolu gəlir, yollarda sıxlıq artıb. Ona görə də işə gedib çıxmağa iki saat vaxt gedir. Avtobuslar dolu gəldiyindən, çox vaxt taksi ilə işə gedirəm. Taksiyə isə pul çatdırmaq olmur. Operativ Qərargahdan xahiş edirik ki, metronu açsınlar”.
Abşeron rayonu Xırdalan şəhərindən Bakıya dərsə gələn şagirdlər isə daha çox tıxacda qalırlar. Heydər Əliyev adına Müasir Təhsil Kompleksinin ikinci sinif şagirdi Mələk Eyvazlı yollarda tıxac səbəbindən dərsə gecikməmək üçün yuxudan səhər saat 06:30-da qalxır. Məktəbə hazırlaşıb 07:00-da evdən çıxan Mələk 08:00-a dərsə ancaq çatır. Mələk avtobusda sıxlıq olduğundan, dərsə taksi ilə gedib-gəlir. Onun sözlərinə görə, Bakı-Sumqayıt yolunda çox vaxt tıxac olur, bu isə onu çox yorur…
Ekspertlər də açıqlamasında bildirirlər ki, məktəblərin açılması yollarda sıxlığı artırıb. Nəqlliyyat məsələləri üzrə ekspert, hüquqşünas Ərşad Hüseynov Sputnik Azərbaycan-a müsahibəsində bildirib ki, məktəblərin açılması ilə yollarda sıxlığın, avtobus probleminin yaranmasının səbəbi metronun hələ də bağlı qalmasıdır:
“Pandemiya dövründə ictimai nəqliyyat vasitələrindən ancaq avtobus işləyir. Dərslərin onlayn keçirildiyi dövrdə uşaqlar evdən çıxmadıqlarına görə avtobuslardan ancaq işə gedənlər, zəruri məsələlərlə bağlı evdən çıxanlar istifadə edirdilər. Məktəblərdə dərslərin həftədə iki-üç dəfə keçirilməsi ilə bağlı qərar veriləndən sonra isə hər uşaqla ən azı bir valideyn gündə iki dəfə avtobusa minməli olur. Bununla yanaşı, şəxsi avtomobilləri olan valideynlər də öz avtomobilləri ilə övladlarını dərsə aparırlar. Avtobusa minməkdə çətinlik çəkənlər isə uşağa məktəbə getmək üçün taksi tutur. Bütün bunlar təbii ki, yollarda sıxlığa səbəb olur. Üstəlik pandemiya dövründə əvvəllər avtobusla gedib-gələnlər də virusa yoluxmadan ehtiyat edərək öz şəxsi avtomobillərindən və taksi xidmətindən istifadə edirlər. Yola bu qədər avtomobil çıxdıqda yollarda sıxlığın yaranması qaçılmaz bir haldır”.
Ə.Hüseynov bildirir ki, yaranmış sıxlıq avtobusların da tıxacda qalmasına gətirib çıxardır:
“Bu gün avtobusların sayını artırmaqla da problemi həll etmək mümkün deyil. Çünki, yolda dəhşətli tıxac varsa, avtobuslar da tıxacda qalacaq. Problemdən yeganə çıxış yolu metronun açılmasındadır. Əgər metro açılarsa, avtomatik olaraq yollarda sıxlıq azalacaq. Nəticədə xəttə buraxılan avtobuslar dayacanaqlara vaxtında çatacaq, eləcə də avtobuslarda sərnişin sıxlığı indiki həddə olmayacaq. Metronun açılması şəxsi avtomobildən və taksidən istifadəni də azaldacaq. Bütün bunlar isə yollarda sıxlığın azalmasına gətirib çıxaracaq”.
Bakı Nəqliyyat Agentliyinin mətbuat katibi Mais Ağayev Sputnik Azərbaycan-a bildirib ki, avtobus sayının artırılması məsələnin həlli deyil. Onun sözlərinə görə, avtobus sayı hazırda maksimum həddədir. M.Ağayev deyir ki, problemin həlli üçün mütləq şəkildə avtobuslar üçün ayrıca yollar olmalıdır:
“Həmçinin bu yollara nəzarət gücləndirilməlidir, sürücülər bu yollarla bağlı qaydalara əməl etməlidir. Mayın 17-də Bakının təkcə Heydər Əliyev prospektində bir istiqamətdə 30-dan çox avtobus sıxlıqda hərəkətsiz qalmışdı. Bu hər gün pik saatda yaşanan haldır. Bunun üçün biz zolaqların sayının artırılmasına çalışırıq”, – deyə M.Ağayev bildirib.