Məhkəmələrdə elektron sistemin tətbiqi nədir? – Hüquqşünas detalları şərh edirbackend

Məhkəmələrdə elektron sistemin tətbiqi nədir? – Hüquqşünas detalları şərh edir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
“Elektron sistemin tətbiqi məhkəmə xidmətlərindən istifadəni asanlaşdıracaq, məhkəməyə əlçatanlığı sürətləndirəcək”.
Bunu Qaynarinfo-ya açıqlamasında Konstitusiya Araşdırmalar Fondunun rəhbəri Əliməmməd Nuriyev məhkəmələrdə elektron sistemin tətbiqinin üstünlüklərindən danışarkən deyib:
“Elektron məhkəmə sisteminə tam keçid tərəfləri əlavə sənədlər toplamaqdan da azad edəcək. Dövlət orqanlarında olan sənədləri artıq vətəndaşlardan tələb etməyə ehtiyac qalmayacaq. Bu fonda tərəflər iddiaları məhz elektron sistemə daxil olmaqla yönəldə biləcək. Hətta bir sıra hallarda onlayn formada məhkəmə prosesi gedəcək. Bu da ucqar kənddə yaşayanın məsələn Apelyasiya Məhkəmisində birbaşa iştirak etmədən, onlayn formada prosesə qatılmasına imkan vercək”.
Həmsöhbətimizin fikrincə, elektron məhkəmə sistemi hakimlərin işini də xeyli dərəcədə asanlaşdıracaq:
“Proseslərin daha sürətli və keyfiyyətlə həyata keçməsinə, ədalət mühakiməsinin daha keyfiyyətli təminatına əlavə imkanlar yaradacaq. Dünyada az sayda ölkədə tam olaraq bütün məhkəmə sistemi elektron sistemə keçib”.
Ə. Nuriyev qeyd edir ki, atılan addımla qərarların dərhal saytda yerləşdirilməsi baş verəcək ki, istənilən şəxs resurslara daxil olmaqla baxılan işlərlə bağlı məlumatlar əldə edəcək:
“Məhkəmə qərarlarının saytlarda yerləşdirilməsi vəkillərin işini də xeyli dərəcədə asanlaşdıracaq. Onlar oxşar işlərlə bağlı məsələlərə diqqət yetirmək imkanında olacaqlar. Belədə vəkillər daha keyfiyyətli hüquqi yardım göstərmək şansı qazanacaq.
Proses fonunda məhkəmələrin öz işində də keyfiyyət göstəricisi artacaq. Bu da onları daha məsuliyyətli edəcək. Bir sözlə, elektron sistemin tətbiqi həm müştərilər, həm məhkəmələr, həm də ittiham və müdafiə tərəfləri üçün vacib əhəmiyyət kəsb edəcək”.
Hüquqşünas hesab edir ki, bu fonda vətəndaşların xərcləri də azalacaq:
“Məhkəməyə gedib-gəlmək, sənədləri toplamaq zamanı çəkilən cari və yol xərcləri daha olmayacaq. Ən əsası proses məhkəmə baxışının ədalətliliyi və səmərəliliyinin təmin edilməsinə kömək edəcək”.
Qeyd edək ki, ədliyyə naziri, Məhkəmə-Hüquq Şurasının sədri Fikrət Məmmədov AZƏRTAC-a açıqlamasında gələn ildən bütün məhkəmələrdə elektron sistemin tətbiq ediləcəyini bildirib: “Hazırda ölkə ərazisində fəaliyyət göstərən 117 məhkəmənin 77-də, başqa sözlə, üçdə ikisində elektron məhkəmə sistemi tətbiq olunur və onun artıq gələn ildən bütün məhkəmələri əhatə etməsi nəzərdə tutulur”.