“Mediada xaotik sistemin aydınlaşdırılması labüddür”backend

“Mediada xaotik sistemin aydınlaşdırılması labüddür”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Bu gün mətbuat sahəsində media subyektlərinin vahid uçot sisteminin olması vacibdir. Bir mətbuat orqanının adını eşidirsən, amma bilmirəsən kimdir, nədir. Hətta Mətbuat Şurası bunu tapıb aydınlaşdıra bilmir ki, bu sayt kimə aiddir və kim məsuliyyət daşıyır. Bu mənada uçot işlərinin olması vacibdir”.

Bunu “Report”a açıqlamasında teletənqidçi, əməkdar jurnalist, professor Qulu Məhərrəmli bildirib.

O qeyd edib ki, xaotik sistemin aydınlaşdırılması labüddür:

“Bizdə Ədliyyə Nazirliyindən qeydiyyatdan keçənlər olur. Amma daha dəqiq sistemli olması çox önəmlidir. Sistemin olmaması birbaşa mətbuata ciddi problemlər yaratmır, sadəcə mətbuata aid təhlillərin aparılmasında və yaxud hər hansı məsələnin aydınlaşdırılmasında lazım olur. Bütün sahələrdə olduğu kimi burda da bilinməlidir ki, Azərbaycanda saytlar harada qeydiyata alınır, qəzet və jurnalların sayı nə qədərdir”.

Professor bildirib ki, Türkiyədəki kimi Azərbaycanda da vahid jurnalist vəsiqələrinin verilməsi ilə bağlı müəyyən narahatlıqlar var:

“Çünki ona yanaşma birmənalı deyil”.

Q.Məhərrəmli Türkiyədə sarı media kartlarının tətbiqi jurnalistlərə müəyyən üstünlük verdiyini bildirib:

“Məsələn, siz hadisə yerindəsiz, ora giriş-çıxış, nəqliyyatdan pulsuz istifadə həmin sarı kartdan irəli gələn üstünlüklərdir. Azərbaycanda bu olarsa, necə və hansı şəkildə olunacaq? Siz bu kartla taksiyə minəcəksiz, o, sizi pulsuz aparacaqmı? Bunun həll yolları və mexanizmi taplmalıdır. Bizdə kart və üstünlük deyən kimi jurnalistlərdə müəyyən ümid yaranır ki, onlar bundan bəhrələnəcəklər. Əlbəttə, sarı kartın əsas qayəsi jurnalitikaya kənar adamların müdaxilə etməməsi, söz azadlığından sui-istifadə olunmamasına xidmət edəcəksə, çox bəyəniləndir. Yox, əgər jurnalist fəaliyyətini, xüsusən də azad araşdırma aparan jurnalistlərin fəaliyyətini məhdudlaşdıracaqsa, onda bunu heç bir halda qəbul etmək olmaz”.

O hesab edir ki, yeni yaradılan Media İnkişaf Agentliyinin görəcəyi işlər çoxdur:

“İlk növbədə mətbuatın qanunverici bazasının formalaşdırılması olmalıdır. Çünki qanunlarda o qədər dəyişikliklər edilib ki, onlar tanınmaz hala düşüb. İkincisi, mediada yeni meyillər, çağırışlar və texnologiyalardan irəli gələn məsələlər var ki, onlar qanunda öz əksini tapmayıb. Qanun ən ümumi məsələləri özündə ehtiva edir və münasibətləri aydınlaşdırır. Həmçinin media-cəmiyyət münasibətlərinin qaydaya salınması medianın nüfuzunun bərpa olunması, jurnalistlərin ixtisas artırması, peşəkarlığın artırılması və jurnalistika təhsili ilə bağlı müəyyən məsələləri Media İnkişaf Agentliyi görə bilər və onun vəzifələrindən biri də bunlar olmalıdır”.

Media eksperti Aynur Kərimova isə bildirib ki, yerli media kontentlə bağlı ciddi problemlər yaşayır:

“Ciddi və keyfiyyətli məzmun kommersiya baxımından bu an uğursuz sayılsa da, daha uzun perspektivdə medianın yeganə çıxış yoludur. Kommersiya potensialı olan jurnalistika tərzi çox tez zamanda özü-özünü xərcləyərək bitirir. Məncə, mediada bu dönəm artıq yekunlaşmalıdır. Uğurlu və keyfiyyətli media sivil cəmiyyətin əlamətidir. Xəbər mediasını xüsusilə önə çəkmək istəyirəm. Vətəndaş öz ölkəsində baş verənlər haqqında informasiyanı məhz lokal mediadan və ən kamil formada almalıdır. Bunun üçün iqtisadi baxımdan asılıqsız media olmalıdır (müdaxiləsiz normal media reklam bazarı), kontent yaradan komandanın təhsil və təcrübə imkanları genişləndirilməlidir, redaksiyalar beynəlxalq təcrübəyə daim açıq olmalı, mümkün ünsiyyət resurslarından yararlanmalıdır”.­­­­­­­­­­