backend

Media intihar xəbərlərini necə təqdim etməli?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Mediada intihar xəbərlərinin çox işıqlandırılması təkcə insanları məlumatlandırmağa xidmət etmir, bu, eyni zamanda intiharla bağlı şüuraltı düşüncə formalaşdırır.  

Mediada intihar xəbərlərinin çox işıqlandırılması təkcə insanları məlumatlandırmağa xidmət etmir, bu, eyni zamanda intiharla bağlı şüuraltı düşüncə formalaşdırır. 

Özünəqəsd hadisələrinin kütləvi hal almasında bir səbəb də məhz mətbuatın bu xəbərləri xüsusi “bər-bəzəklə” təqdim etməsi, öz xoşbəxtliyini onun üzərində qurmasıdır.

Son vaxtlar artan intihar xəbərləri fonunda bu yanaşmaları tez-tez oxuyuruq. Mətbuatı ittiham edənlər bu xəbərlərin təfərrüatının, hadisənin detallarının açıqlanmasının psixoloji və oxşar problemi yaşayanlar üçün bir çıxış yolu kimi təqdim edildiyini düşünürlər.

Bəs mətbuat intihar xəbərlərinə necə yanaşmalıdır? Media intihar xəbərlərini versin və ya verməsin? Ya da bu xəbərləri necə təqdim etsin?


Publika.az-ın bu suallarını sayt və qəzetlərin baş redaktorları cavablandırır? 


“Gündəlik Teleqraf” Media Qrupunun rəhbəri Aynur Camalqızının sözlərinə görə, intihar xəbərlərinin işıqlandırılmasında medianın üzərinə xüsusi məsuliyyət düşür. Onun fikrincə, bu mövzuların mediada müzakirəyə çıxarılmasına ehtiyac yoxdur: “İntihar xəbərləri mənimçün çox həssas və narahatedici mövzudur. Ola bilər ki, bu, həm də bizimlə birlikdə çalışan, həmkarımız Mövlud Mövludun intihar etməsi ilə bağlıdır. İntihar həm çox dəhşətli, həm də birmənalı qərar verilməsi çətin olan məsələdir. Media intihar xəbəri verməzsə, bu halların qarşısını almağın mümkünlüyü ilə bağlı suala birmənalı cavab vermək çətindir. Amma bir-birinin ardınca tanınmış şəxslərin – Dəyanət Rzayev, Mövlud Mövlud və Rizvan Axundovun intiharının insanı narahat edib, qorxutması da bir gerçəklikdir. Düşünürəm ki, bəlkə də, media olaraq Dəyanət Rzayevin intihar xəbərini verməsəydik, daha doğru olardı. Sanki, psixoloqun bu addımı atması intihara yolu daha da açdı. Depressiyadan çıxmaq, pixoloji problemlərini həll etmək üçün psixoloq yanına gedənlərin qəfildən belə bir xəbər eşidəndə hansı sarsıntını keçirdiklərini təsəvvür etmək çətin deyil. Bəlkə də bu xəbərləri oxuduqdan sonra depressiyada olanlar başqa çıxış yollarının qalmadığını düşünürlər. Təbii ki, bu, yanaşma doğru deyil. Mediada da sözügedən mövzuda yazılan yazıları izləyirəm. Bir çox həmkarımın intihar xəbərini statistik məlumat kimi verilməsi ilə bağlı fikirlərini dəstəkləyirəm. Bu mövzunu daha geniş şəkildə işıqlandırmağa, intihar edən şəxsi həddən artıq təbliğ etməyə, bu barədə daha çox danışıb, müzakirələr açmağa, bəlkə də, ehtiyac yoxdur”.

Aynur Camalqızı bu məsələdə çıxış yolunu maarifləndirmədə gördüyünü deyir: “Medianın bu mənada böyük imkanları var ki, maarifləndirmə yolu ilə depressiyada olan insanlara kömək etsin. Bunun üçün sosial roliklər hazırlana bilər ki, bu mənada televiziyaların rolu əvəzsizdir. Elektron media vasitələrində maarifləndirici yazıların verilməsinə ehtiyac var. Son vaxtlar ciddi bir problemə çevrilən intiharın yanlış bir hal olduğunu hər kəs öz ətrafına, insanlara çatdırmalıdır. Hər kəs çətin vəziyyətdə olan tanışlarına yardım etməyi özünə borc bilməlidir. Düşünürəm ki, intihar yolunu seçənə bir söz deməklə onu fikrindən daşındırmaq mümkündür. Çünki çox zaman bu, ani verilən qərar olur. Depressiyada olan şəxslərin yaxınları, doğmaları onları tək buraxmasa, daha diqqətcil olsalar, bəlkə də, onlar bu yolu seçməzlər. Bütün hallarda ölüm ən dəhşətlisidir, həyatda qalıb problemlərlə mübarizə aparmaq lazımdır. Allah da fədakar insanları sevir, hər çətinlikdə mütləq ki, bir çıxış yolu var. Bir qapı bağlanırsa, onun əvəzinə min qapı açılır. Media olaraq biz də insanların güclü olması üçün əlimizdən gələni etməliyik. Çətinliklərimiz, problemlərimiz olacaq, əsas odur ki, onların qarşısında əyilməyək, həmişə güclü olaq”.


“Şərq” qəzetinin baş redaktoru Akif Aşırlı düşünür ki, hadisənin müsbət və ya mənfi yüklü olmasından asılı olmayaraq onu ictimaiyyətə təqdim etmək mətbuatın əsas funksiyasıdır: “Sadəcə son dövrlər Azərbaycanda intiharlar epidemiya halını alıb və demək olar ki, hər gün bu xəbərləri eşidirik. Əlbəttə, bu, mətbuatın günahı deyil. Cəmiyyətin yaralarını göstərmək medianın borcudur. Bu hadisələrin təqdimatında medianın peşəkar yanaşmasını görmək olar. Media hər bir insanın çətin situasiyalardan çıxa biləcəyini təlqin edə bilər. İntihar xəbərləri hazırlayarkən media detalları yazmamalıdır, intiharı təsvir edəcək ifadələrdən çəkinməlidir. Çünki detallı təsvir həm media peşəkarlığına ziddir, həm də cəmiyyətə ziyan gətirən məqamdır. Medianın intihar xəbərini verməməsi mümkün deyil. Xüsusən, vətəndaş jurnalistikasının inkişaf etdiyi bir vaxtda, onların yalan məlumat yaymasına qarşı medianın müəyyən məqamları gözləməklə yayması daha doğru olardı. Həmçinin, baş vermiş intiharın sosioloq və psixoloqların fikirləri ilə təqdim edilməsi daha peşəkar yanaşmadır”.


Trend İnformasiya Agentliyində Baş direktorun korporativ inkişaf üzrə müavini Arzu Nağıyevin hesab edir ki, intiharla bağlı xəbərləri verməkdə medianın məqsədi daha çox oxucu və reytinq toplamaq olmamalıdır: “Bu xəbərlərin kriminal xronika kimi təqdim edilməsi, başa çatmış istintaq nəticəsi kimi verilməsi normaldır. Baş vermiş özünəqəsd halının öz məqsədlərinə çatmaq üçün iqtisadi, şəxsi problemlərlə uyğunlaşdıraraq təqdim edilməsi doğru deyil. Hər bir məlumatın arxasında dəqiq faktlar və istinad yeri verilməlidir. Bu xəbərlərdə insanların mənəviyyatı və şəxsiyyəti ilə oynanılmamalıdır. Düzdür, xəbər yayan media qurumunun məqsədi oxucunu məlumatlandırmaqdır. Lakin əsas məsələ həmin xəbərlərin necə təqdim edilməsidir. Hər gün eyni hadisələri təsvir etməyin insanlara psixoloji təsiri də inkaredilməz faktdır. Ona görə bu məlumatlar nə qədər az verilsə daha yaxşıdır. Bununla yanaşı təcrübəli şəxslərin hadisələrin baş vermə səbəbləri barədə fikirlərini vermək də olar”.


“Kaspi” qəzetinin baş redaktoru İlham Quliyev intihar xəbərlərinin mətbuatda işıqlandılıb-işıqlandırılmamasının mübahisə mövzusu halına gəldiyini və hələ ki yekun rəyə gəlməyin mümkün olmadığını deyir: “Media təmsilçiləri özləri də bu məsələdə birmənalı qərar verə bilmirlər. Hər hansı intihar hadisəsi varsa, bu, artıq xəbərdir. Xəbəri işıqlandırmaq medianın vəzifəsidir. Bu xəbərin cəmiyyətə, insanların gələcəyinə təsirini düşünsək, media həmin informasiyaları yayarkən kifayət qədər diqqətli olmalıdır. Vətəndaş kimi bu xəbərlərin az işıqlandırılmasının tərəfdarıyam. Son vaxtlar baş verən intihar hadisələrinə baxsaq, bu xəbərlərin işıqlandırılmasının yeni hadisələrə səbəb olduğunu görərik. İntihar xəbərlərini bu cür verilməsi müəyyən insanları həvəsləndirir. Bundan başqa, bəzən tanınmış simaların intihar edən şəxlə bağlı açıqlamalarında onun hərəkətinə dəstək vermələri başqaları üçün stimul rolunu oynayır. Media bu xəbərləri mümkün qədər az işıqlandırılmalı, ətrafında şou yaratmamağa çalışmalıdır. İntiharı təbliğ etmək yox, əsas fikrin onun zəiflik, ətrafındakıları düşünməmək olduğunu çatdırmaq olmalıdır”.


“Yeni Azərbaycan” qəzetinin baş redaktoru, millət vəkili Hikmət Babaoğlunun fikrincə, mətbuat bu xəbərləri ictimailəşdirərkən iki dəfə düşünməlidir:  “İntihar hadisəsi insanın emosional vəziyyətdə qəbul etdiyi qərarların nəticəsi kimi ortaya çıxır. Əlbəttə, hər bir şəxs qərar qəbul edərkən mövcud informasiya ehtiyatlarına söykənir. Bəzi hallarda informasiya ehtiyatımız qərarların qəbul edilməsində həlledici faktor kimi rol oynayır. Müxtəlif dövrlərdə intiharla bağlı informasiyalar süuraltı yaddaşımızda toplanıbsa, özünəməxsus sindroma çevrilibsə, qərar anında mühüm faktora çevrilir. İntiharlar, qeyri-əxlaqi xəbərlərin kütləviləşdirilməsi, yayılması çox zərərlidir. Ona görə də bu məsələdə medianın üzərinə böyük məsuliyyət düşür. Medianı xəbər verməkdə ittiham edə bilmərik. Lakin burada xüsusi filtr, süzgəc, mənəvi məsuliyyət olmalıdır. Bəlkə də bu cür yanaşmaqla intihara meyil edənlərin düşüncəsinə təsir edə bilərik. Bu zaman bütövlükdə Azərbaycan cəmiyyəti qazana bilər”.


Report.az saytının Baş redaktoru Murad Əliyev hesab edir ki, özünə qəsd hadisələri barədə xəbərlərinin çoxalması intiharların artmasından daha çox mətbuatın xəbərlərə əlçatanlığının asanlaşmasından irəli gəlir:  “Yəni, bu gün ən ucqar dağ kəndində belə, baş verən intihar hadisəsi hansısa media tərəfindən işıqlandırılır, sonra digərləri tərəfindən də istinad olaraq yayılır və beləcə bu xəbəri hər kəs oxumuş olur. 10-15 il bundan qabaq cəmiyyət indiki qədər “şəbəkələşməmişdi”. İndi isə həmin xəbər sosial şəbəkədə yayılır, müzakirələr gedir, bəzən heç intihar edənin yaxınlarının bu müzakirələrdən o qədər də xəbəri olmur. Yəni, hesab edirəm ki, intihar xəbərininin dərc olunması faktını qınamaq düzgün deyil. Hər bir iri-xırda kriminal hadisənin mətbuata çıxması ən azından ondan xəbər verir ki, ölkədə baş verən sosial problemlər mətbuatımızın gözündən qaçmır. Başqa bir məsələ – həmin xəbərin tədqimatı, təfərrüatların işıqlndırılmasından ibarətdir. Məhz burada diqqətli olmaq lazımdır, çünki heç bir halda intihar hadisəsi qəhrəmanlıq addımı, cəsarətlilik nümunəsi və ya əksinə, çıxılmaz situasiyadan yeganə çıxış yolu kimi təqdim olunmamalıdır. Bəzən gündəmdə olan hadisə ilə bağlı yeni xəbər olsun deyə mərhumun hansısa xırda problemini qabardırlar. Yəni intihar bir şəxsin, bir ailənin, cəmiyyətin faciəsidir. Onun üzərindən şou yaratmaq yolverilməzdir. Bu insanın tanınmış, ya da siravi bir şəxs olmasının fərqi yoxdur”.