Məcburi köçkün statusu nə vaxt və necə ləğv edilməlidir? (ŞƏRH)backend

Məcburi köçkün statusu nə vaxt və necə ləğv edilməlidir? (ŞƏRH)

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
“Ən azı ərazilər minalardan təmizlənməli, infrastruktur yaradılmalı – su, elektrik, qaz xətti çəkilməlidir. Evlər tikilib, yollar çəkilməlidir ki, insanlar işğaldan azad olunmuş ərazilərə qayıdıb yaşaya bilsin. Ondan sonra həmin şəxslərin məcburi köçkün statusu tam ləğv edilməlidir”.
Bunu açıqlamasında hüquq müdafiəçisi Əkrəm Həsənov Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədr müavini Fuad Hüseynovun “Qarabağa qayıtmayanlar məcburi köçkün statusunu itirəcək” açıqlamasına münasibət bildirərkən deyib. Ekspert bildirib ki, məcburi köçkünlərə verilən güzəştlər bu gün də qüvvədədir:
“Məcbiri kökçün kimdir? 1990-cı ildə Azərbaycanın işğal olunmuş ərazilərində yaşaması, qalması mümkün olmayan və buna görə Azərbaycanın digər ərazilərinə köçməyə məcbur olanlar. Buna görə dövlət onlara müəyyən imtiyazlar vermişdi. Bu gün də bu imtiyazlar qüvvədədir. Dövlət onlara ev verib, müəyyən ödənişlərdən azad olunublar və s. İndi söhbət ondan gedir ki, Azərbaycan məcburi köçkün adlanan vətəndaşlarının vaxtı ilə yaşadığı əraziləri işğaldan azad edib. Yaxın illər ərzində həmin vətəndaşların orada yaşamağa davam etməsi üçün şərait yaradılacaq. Bəzi insanlar deyir ki, qurtardı, onların statusunu bu gündən ləğv edək. Bu mümkün deyil. Bunu necə etmək olar? Axı indi işğaldan azad olunan ərazilərdə yaşamaq mümkün deyil”.
Əkrəm Həsənov qeyd edib ki, məcburi köçkünlərin işğaldan azad olunmuş ərazilərdə yaşaması üçün dövlət tam şərait yaratmalıdır:
“Hesab edirəm ki, şərait yaradılandan sonra məcburi köçkün statusu tam ləğv edilməlidir. İki variant var. İnsanlar ya öz istəyi ilə doğma yurduna qayıtmalıdır, ya da indi yaşadığı yerdə qalmalıdır. Heç kəsi məcbur etmək olmaz. Amma bilməlidirlər ki, bütün imtiyazlar ləğv olunacaq. Çünki artıq məcburi köçkün olmayacaqlar”.
Qeyd edək ki, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədr müavini Fuad Hüseynov müsahibəsində Qarabağa qayıtmayan məcburi köçkünlərin statusunu itirəcəyini vurğulayıb: “Ola bilsin ki, hansısa məcburi köçkün işğaldan azad edilən yerə qayıtmasın və bu da onun şəxsi seçimidir. Mövcud qanunvericiliyə uyğun olaraq təbii ki, onun məcburi köçkün statusu ləğv ediləcək. Bunun da nəticəsində məcburi köçkün və onlara bərabər tutulanlara şamil edilən imtiyazlar öz qüvvəsini itirmiş olacaq”.